Məktəblə mətbuatın əməkdaşlığı cəmiyyətin xeyrinədir

Bildiyiniz kimi, məktəb gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur, mətbuat isə ictimai fikri formalaşdırır. Bunların hər biri cəmiyyətin çox mühüm dayaqlarıdır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu üçün mətbuatın hər bir təhsil müəssisəsi ilə sıx əməkdaşlığı çox vacibdir. Bu əlaqələr obyektiv və qərəzsiz olanda, tərəflər bir-birinə hörmət, inam, etibar bəsləyəndə, təbii ki, bunun cəmiyyətimizin tərəqqisinə faydası olur.
Son vaxtlar yaxşı ki, bu iki mühüm qurum arasında münasibətlərin qurulması, mövcud əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində ciddi işlər görülür. Buna bariz nümunə olaraq bu günlərdə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtımızdakı 60 nömrəli məktəbdə keçirilən "Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər" adlanan dəyirmi masanı göstərmək olar.
Dəyirmi masada belə bir fikir təkrar-təkrar vurğulandı ki, bu gün məktəb və mətbuat saf, xeyirxah niyyətlər əsasında birgə əməkdaşlıq etməyə borcludurlar. Fikrimcə, burada qaldırılan bir çox dəyərli təkliflərin həyata keçirilməsi təhsil müəssisələri ilə mətbuatın əlaqələrini gücləndirə bilər. Məsələn, orta məktəblərdə "mətbuat əlaqələndiricisi" ictimai vəzifəsininin təyin edilməsi, mətbuat mövzusunda yazılan məqalələrin müsabiqəsinin təşkil edilməsi, belə tədbirlərin tək paytaxtda deyil, bölgələrdə də təşkil edilməsi və başqa təkliflər irəli sürüldü ki, bunların ümumi işimizə xeyir gətirəcəyinə inanıram.
Tədbirdə mövzu ilə bağlı çox səmimi və inandırıcı arqumentlərlə çıxış edən təhsil naziri, professor Misir Mərdanov haqlı olaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində milli təhsilimiz son illər sürətli inkişaf yolu keçir. Hörmətli nazirin fikrincə, indiki mərhələdə təhsilin qarşısında duran əsas vəzifə məktəbin və müəllimin cəmiyyətdəki nüfuzunun qorunmasıdır. Bu istiqamətdə, təbii ki, media əvəzsiz rol oynaya bilər.
Təhsildəki uğur və problemlərin, nöqsan və çətinliklərin obyektiv və qərəzsiz işıqlandırılmasının vacibliyini tədbirdə çıxış edən digər natiqlər də təsdiq etdilər. Bəli, təhsil sistemi mətbuatın üzünə açıqdır. Təhsil müəssisələrinin rəhbərləri təhsilimizin mövcud vəziyyəti, inkişaf istiqamətləri, üzləşdiyi qayğı və problemlər, eləcə də çətinliklər barədə ictimai maraq doğuran hər bir informasiyanı mətbuat orqanları vasitəsilə cəmiyyətin müzakirəsinə təqdim etməyə hazırdır.
Mətbuat təhsil problemlərinin həllinə həsr olunan ciddi araşdırmaların məhsulu olan analitik yazılarla da məktəbə kömək edə bilər. Milli təhsilimizdə aparılan uğurlu islahatlardan, tədris prosesindəki qabaqcıl təcrübədən, gənc nəslin təlim-tərbiyəsi üçün fədakarcasına çalışan pedaqoqlarımızdan yazan jurnalistlər insafən az deyil. Lakin bəzi müxalifət və reket qəzetlərin yazarlarının Azərbaycan məktəbinin aşkar uğurlarını görməzliyə qoyub təhsilimizin ünvanına daim böhtanlar yağdırması yalnız hiddət doğurur. Başa düşmək lazımdır ki, təhsil çox həssas sahədir, reket və müxalifət qəzetlərində məktəbin, onun direktorunun, müavinlərinin, eləcə də pedaqoqların ünvanına söylənilən haqsız, qərəzli tənqid təkcə həqiqəti təhrif etmir, həm də həmin mətbuat orqanını hörmətdən salır.
Biz özümüzü konstruktiv və obyektiv tənqiddən də sığortalamaq fikrində deyilik. Təlim və tədris prosesində müəyyən səhv və nöqsanların da olduğunu heç kəs inkar etmir. İş olan yerdə səhvlər də olur. Əsas odur ki, tənqid həqiqətən təhsilimizin inkişafına xidmət etsin, nöqsanların aradan qaldırılmasına, bir daha təkrar olunmamasına kömək etsin. Nə yaxşı ki, tədbirdə bu məsələlərə də toxunuldu. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov reket qəzetlərin əməkdaşlarını məktəbə buraxmamağı tövsiyə etdi. O, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən təhsil müəssisələrinə vaxtaşırı olaraq reket qəzet və jurnalların siyahısını təqdim etməyi vəd etdi. Belə qətiyyətli addımların atılmasına həqiqətən ehtiyac yaranıb. Doğrudan da, bu gün məktəbi, müəllimi haqsız tənqid və şantajlardan qorumaq lazımdır.
Bu məqamda Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin təhsilə verdiyi çox qiymətli sözləri xatırlatmağı özümə borc bilirəm. Ulu öndər demişdir : "Təhsil nə sənayedir, nə ticarətdir, nə də kənd təsərrüfatıdır. O cəmiyyətimizin intellektual səviyyəsini əhatə edən fəaliyyət sahəsidir. Təhsil sisteminə çox diqqətlə yanaşılmalıdır. Bu sitemə münasibət də çox həssas olmalıdır".
Xüsusi qürur hissi ilə qeyd edim ki, 2002-ci ilin 2 senyabr günü bizim məktəbin həyatında olduqca əlamətdar bir hadisə baş vermişdir. Həmin gün ümummilli liderimiz Heydər Əliyev məktəbimizdə olmuş, şagird və müəllim kollektivi ilə görüşmüş və onların qarşısında dərin məzmunlu çıxış etmişdir. Dahi siyasətçi Heydər Əliyevin təhsillə bağlı tövsiyələrini biz öz gündəlik fəaliyyətimizdə daim rəhbər tuturuq. Yeri gəlmişkən, ümummilli liderin anadan olmasının 87-ci ildönümü ərəfəsində "Ulu öndər və Azərbaycan məktəbi" mövzusunda geniş tədbir keçirməyə hazırlaşırıq. Bu mühüm tədbirə məktəbin pedaqoji kollektivi ilə bərabər şagirdlərimiz də çox böyük həvəslə hazırlaşırlar.
İndi isə məktəbimizin son uğurları barədə qısa da olsa məlumat vermək istəyirəm. Hazırda burada təhsil alan 1662 şagirdin təlim-tərbiyəsi ilə 244 müəllim məşğul olur. Məktəbin şagirdləri müntəzəm olaraq məktəblilərin fənn olimpiadalarının rayon və respublika mərhələlərində yüksək yerlər tuturlar. Bütün fənlər üzrə məktəbin göstəriciləri TQDK tərəfindən keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, orta respublika səviyyəsindən yüksək olmuşdur. 2008-2009-cu tədris ilində məktəbi XI siniflər üzrə 185 nəfər məzun bitirmişdir. Onlardan ali məktəblərə 165 məzun sənəd vermiş, 82 nəfər ali məktəbə qəbul olunmuşdur. Məzunlardan iki nəfəri Nərgiz Hüseynova və Gülsurə Əhmədzadə fərqlənmə attestatı ilə orta məktəbi bitirərək hər ikisi ATU-ya daxil olmuş, N.Hüseynova Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəbin uğurlarında fəadakar, təcrübəli müəllimlərin zəhməti çoxdur. Riyaziyyat müəllimi, əməkdar müəllim Şahab İsayevin, dil-ədəbiyyat müəllimi Pərvanə Qulamovanın , rus bölməsində çalışan ibtidai sinif müəllimi Valentina Qaydamakinanın və başqalarının səyləri nəticəsində məktəbimiz ötən il "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə təqdim olunmuş və qalib olmuşdur.
Məktəbimiz 1993-cü ildə Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş məzunumuz Ələkbər Eyvazovun adını daşıyır. Məktəbin foyesində onun şanlı döyüş yoluna həsr olunmuş gözəl guşə yaradılıb. Orada daim tər çiçəklər, güllər düzülür. Lap bu yaxınların söhbətidir: Şəhidin anası Əminə xala Novruz bayramı ərəfəsində oğlunun adına səməni gətirmişdi. Ağbirçək ana bizim orada Ələkbərin adına qoyduğumuz gözəl xonçanı görüb kövrəldi. Hamımız, bu görüşdə iştirak edən uşaqlar da çox təsirləndilər. Belə görüşlər uşaqların yaddaşında dərin iz qoyur.
Bu hadisəni ona görə qeyd edirəm ki, mətbuat məktəblərdə hərbi-vətənpərvərlik mövzusuna da diqqəti artırmalıdır. Axı bizim Qarabağımız hələ də düşmən pəncəsindədir. Savadlı, bilikli, vətənpərvər oğullar tərbiyə etmək məktəblə bərabər ailənin, bütün cəmiyyətin vəzifəsidir. Bu istiqamətdə də məktəblə mətbuatın faydalı əməkdaşlığı vacibdir.
Sözümün məğzi odur ki, bu gün hər bir pedaqoq, eləcə də hər bir jurnalist özündə əsl vətəndaşlıq təəssübkeşliyi hiss edərək cəmiyyətimizin tərəqqisi üçün əlindən gələni etməyə borcludur. Məqsəd və əqidə birliyi olanda problemləri birgə səylərlə həll edərək irəli getmək də asan olur.

{nl}

Elmira İSMAYILOVA, 275 nömrəli məktəbin direktoru, pedaqoji elmlər namizədi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında