ATU-nun beynəlxalq dərəcəli hakimi Moskva arenasında

Moskvanın ən böyük arenalardan sayılan “Lujniki” stadionunda Rusiya yığması dünya yığmasına qarşı “Çempionların döyüşü 10” əlbəyaxa döyüş sənətini nümayiş etdirən idman festivalı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanov festivalda iştirak edib.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, indiyədək bir çox beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında iştirak edən Q.Aslanov bu festivalda ilk dəfə hakimlik edib. O, bu barədə belə deyib: “Belə yarışlarda dünyanın ən yaxşı beş hakimindən biri sayıldığım və Qafqazda yeganə hakim olaraq dünya çempionatlarında ölkəmizi təmsil etdiyim üçün çox çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyim vacib idi. Bu idman yarışı bir neçə idman televiziya kanallarında (“Боец”, “Матч”) və internet saytlarında canlı verilirdi. O cümlədən də, rəqiblər dəfələrlə dünya çempionu olmuş idmançılardır, bir-birlərini çox yaxşı tanıyırlar. Bu çətin döyüşün məsuliyyəti isə hakimlərin üzərinə düşür. Döyüşdə əsas sayılan mərkəz hakimi olaraq mənə etimad göstərilmişdi. Rusiya idmançısı Yevqeniy Mamro ilə yaponiyalı Tenta Onoderanın döyüşünü idarə etdim və nəticədə hakimlərin qərarı fərqli olsa da, rusiyalı idmançı qalib gəldi”.

Qələndər Aslanovun sözlərinə görə, hakimlik etmək çox məsuliyyətli və çətindir: “Çox incə məqamlar var ki, onları biz seminarlarda müzakirə edirik, təkmilləşmə aparırıq və sonda imtahan veririk. Həm nəzəri, həm də təcrübi qiymətləndirmədən keçən, qərarlarında dəqiq, tərəfkeşlik, millətçilik etməyən hakimlər çempionatda hakimlik edir. Bəzən tamaşaçı döyüşün nəticəsindən narazı qalır. Döyüşə tamaşaçı gözü ilə baxdıqda insanların fikri fərqli olur və hakimin qərarı ilə razılaşmır. Bunun üçün də biz çalışırıq ki, çempionatlardan əvvəl bütün məşqçi heyəti və iştirakçı olan idmançılara hakimlikdə olan yenilikləri çatdıraq”.

Q. Aslanov “Təbib” idman klubunda məşğul olan tələbələrinə də mütəmadi olaraq hakimlik üçün testlər hazırlayıb, onlardan imtahan götürür. O belə deyib: “Kyokuşin karate üzrə Bakıda keçirilən yarışlarda bir neçə tələbəm idmançı qismində, bəzilərini isə hakim kimi yarışlara hazırlayıram. İnanıram ki, tələbələrim də gələcəkdə öz peşə fəaliyyətlərində hər zaman ədaləti təmsil edəcəklər”.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında