Suraxanı rayonu
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Suraxanı rayonu məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yolasalma mərasimi keçirilib.
Məktəblilər əvvəlcə ümummilli liderin rayonun Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Daha sonra layihə iştirakçıları ilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları artıq ənənəyə çevrilib.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 16 min 860 nəfər iştirak edib.
Rayon icra hakimiyyəti başçısının müavini xatırladıb ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ulu öndərimizin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, hazırda isə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Şagirdlər tur-aksiyası çərçivəsində Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Afət Həsənova qeyd edib ki, rayonun 27 nümunəvi şagirdi tur-aksiya çərçivəsində Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar.
Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin, həmçinin respublikamızın Gənclər paytaxtı elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib.
Görüşdə Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, tur iştirakçısı Bəyim Vahabzadə çıxış edərək, şagirdlər üçün yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Şagirdlər “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev hava limanına yola düşüblər.
Nizami rayonu
Dünən Nizami rayonunun məktəbliləri maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvana yola salınmışlar. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq dedi ki, 9-cu tur-aksiyada altı istiqamət üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfərin iştirakı nəzərdə tutulub. Bununla da, “Ölkəmizi tanıyaq!” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.
Bildirdi ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb: “Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə məktəblilərdə əyani təsəvvür yaratmaqdır”.
G.İsrafilova diqqətə çatdırdı ki, tur-aksiyanın marşrutunda paytaxt Bakını xüsusi qeyd etmək lazımdır. Çünki bu gün Bakı öz inkişafı, füsunkar gözəlliyi ilə dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib: “Əsrlərin yadigarı olan Qız qalası Bakının qədimlik, möhtəşəm Alov qüllələri, əzəmətli Dövlət Bayrağı Meydanı, dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi Azərbaycan paytaxtının müasirlik rəmzləridir. Son illər paytaxtımız çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq, beynəlxalq humanitar forumlar, idman yarışları, musiqi festivalları Bakını dünya birliyinə tanıdıb”.
Tədbir iştirakçılarına məlumat verildi ki, Bakının adı müasir tariximizə beynəlxalq humanitar forumların, “Eurovision-2012” musiqi yarışmasının, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal forumlarının, “Bakı-2015” birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin, Dünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi kimi daxil olub. Bu uğurların regionlarda da özünü büruzə verdiyini deyən G.İsrafilova tur-aksiyalar zamanı şagirdlərin bütün bunlarla yaxından tanış olmalarının, hər şeyi öz gözləri ilə görmələrinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Rayon məktəblilərinin növbəti tur-aksiyada Naxçıxana yola salındığını bildirən G.İsrafilova minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvanın Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verdiyini vurğuladı. Dedi ki, bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında –Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar: “Siz özünüz də Naxçıvana 4 günlük səfərinizdə bunun şahidi olacaqsınız. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı, həmçinin respublikamızın “Gənclər paytaxtı” elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib. Bu gözəl diyarda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və bu gün daha da zənginləşib”.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva maarifləndirici tur-aksiyaların regionlarımızın inkişafı ilə yaxından tanışlığı baxımından əhəmiyyətli olduğunu bildirdi və şagirdlərə uğurlar arzuladı.
238 nömrəli məktəbin IX sinif şagirdi Ayşə Əliyeva, 129 nömrəli məktəbin IX sinif şagirdi Samirə Ağayevanın nənəsi Səriyyə Vəliyeva və 220 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən İsayevin valideyni Natiq İsayev maarifləndirici tur-aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları göstəriləcək.
Vaqif BAYRAMOV,
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.