Martın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda humanist pedaqogika üzrə XVII beynəlxalq oxular öz işinə başlayıb. Tədbir “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
ADPU-dan bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərov oxularda müxtəlif xarici ölkələrdən 320 nəfərin iştirak etdiyini diqqətə çatdırıb. O deyib: “Belə ciddi və nüfuzlu heyətdə beynəlxalq oxuların təşkili bizim üçün çox şərəflidir. Pedaqogika elminin mahiyyətində, məzmununda insanların tərbiyə edilməsi, dərrakəli, xeyirxah, nəcib, məsuliyyətli, şərəfli olmaları dayanır. Bu işdə müəllimlər əvəzsiz rol oynayırlar”.
Vurğulanıb ki, oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində iki dəfə mükafatçısı, psixologiya elmləri doktoru, professor, yazıçı Şalva Amonaşvilidir. Üç gün davam edəcək oxularda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri, gənc müəllimlər iştirak edirlər.
“Ailə.Uşaqlar. Həyat” mövzusunda çıxış edən Şalva Amonaşvili Azərbaycanda belə beynəlxalq bir tədbirin keçirilməsindən məmnunluğunu bildirib. O deyib: “Ailə yalnız sosial deyil, həm də təbiət kateqoriyasıdır. Müasir dünyamız sürətlə dəyişir, yeniləşir, inkişaf edir. Çox əfsuslar olsun ki, hazırda cəmiyyətdə tənhalıq hissinin güclənməsi müşahidə edilir. Bu, cəmiyyət üçün, bəşəriyyət üçün çox təhlükəlidir. İnsanın ailə mühiti, ailə hissləri olmadan yaşaması çətindir. Ailənin qorunub-saxlanılması olduqca vacibdir”.
Ş.Amonaşvili bildirib ki, şagirdlərin tərbiyəsi pedaqoji ustalıq, həssaslıq, yüksək mədəni səviyyə tələb edir. Humanist pedaqogikaya görə, müəllim yalnız bilikləri öyrətməklə kifayətlənmir, o, şagirdlərə varlığını, ürəyinin işığını verir, onlar üçün fədakarlıqla çalışmağı özünün ali məqsədi, başlıca hədəfi bilir.
Təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Azərbaycanda müxtəlif elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və digər tədbirlər keçirdiyini xatırladıb. Beynəlxalq oxuların təhsil sahəsi üçün vacibliyini vurğulayan C.Bayramov ölkəmizdə ailənin müqəddəsliyindən, ailə tərbiyəsinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, tədbirin ADPU-da təşkili universitetdə islahatların, yeniliklərin həyata keçirilməsinin mühüm göstəricilərindəndir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq oxuların çox aktual mövzuya həsr olunduğunu bildirib. Qeyd edilib ki, ailə ümumi mənəvi birlik, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma, rəğbət, təmənnasız xidmət əsasında formalaşmalıdır. Ailə dəyərləri müqəddəs tutulmalı, ailə institutu qorunub-saxlanılmalıdır.
Tallinn şəhərinin vitse-meri Vadim Belobrovçev, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov humanist pedaqogikanın yüksək mədəni səviyyəli insanların formalaşmasına müsbət təsir göstərdiyini bildirib, beynəlxalq oxuların keçirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.
Sonra fəlsəfə elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Rəfiqə Əzimovanın “Azərbaycan ailəsinin ənənələri”, kimya üzrə fəlsəfə doktoru Klara Mansurovanın “Xalqların bütövləşməsində ailənin rolu və əhəmiyyəti”, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilovun “Ailə kainatın kosmik simvoniyasında əsas həyati dəyərdir” mövzularında məruzələri dinlənilib.
Sonra beynəlxalq oxular işini ustad dərsləri və laborator məşqlərlə davam etdirib.
Ustad dərslərində və laborator məşqlərdə ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında rolu, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, uşaqların tərbiyəsində mühitin əhəmiyyəti, qadınların ailədəki roluna baxış və bu kimi məsələlərlə bağlı maraqlı təqdimatlar edilib, müzakirələr aparılıb.
Tədbirin ilk günündə İmanuel Kant adına Baltik Federal Universiteti tələbələrinin ifasında “Fənərçi”, E.Mışkinin müəllifi və quruluşçu rejissoru olduğu “3-cü mərtəbə” tamaşaları nümayiş etdirilib.
Beynəlxalq oxular martın 25-də başa çatacaq.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.