Humanizm mücəssəməsi

Artıq 25 ildir ki, aramızda olmayan, böyük bir nəslin yadigarı, bənzərsiz ziyalı, mərhəmətli insan, alicənab xanım, akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümüdür. Zərifə xanım müasir xanımlarımız üçün alim qadın idealı, mükəmməl insan və bənzərsiz vətəndaş nümunəsidir. O, özünün yüksək intellekti, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmətini, sevgisini qazanmışdı. Başqa cür ola da bilməzdi, çünki Zərifə xanım görkəmli ictimai xadim, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdı.
Əsil-nəcabətli ziyalı mühitində formalaşmış Zərifə xanım milli ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi, uşaqların milli ənənələr ruhunda tərbiyə olunması, Azərbaycan xalqının adətlərinə yüksək hörmət göstərilməsinin vacibliyini çox gözəl dərk edirdi. Onun üçün atası - görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyev əsl həyat məktəbi olmuşdu. Əziz Əliyevin zəhmətkeşliyi, istedadı, elmə marağı Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən qiymətləndirilmiş və tibbi təhsilini Bakıda davam etdirmək ona məsləhət görülmüşdür. Buna görə də Əziz Əliyev ailəsi ilə birlikdə Bakıya köçmüş və təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmişdir.
Dünyaya Şərur rayonunda göz açmış və həyatının sonrakı mərhələləri Bakı ilə bağlı olan Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra atasına və onun peşəsinə olan məhəbbəti ilə əlaqədar Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə -profilaktika fakültəsinə daxil olmuşdur. Fitri istedada, dərin zəkaya malik olan Zərifə Əliyeva institutda keçirilən tələbə elmi toplantılarında məruzələrlə çıxış edir və alimlərlə maraqlı fikir mübadiləsi aparırdı.
Onu da qeyd etmək lazımdır ki, Zərifə xanım tibbi fənləri dərindən mənimsəyən əsl həkim olmaqla yanaşı, digər fənləri də öyrənməyə eyni dərəcədə maraq göstərir, hərtərəfli inkişaf edirdi.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Zərifə xanım ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın idi. Hamıya kömək əli uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. Bu humanist insan başqalarının dərdini, problemini özününkü hesab edirdi. O, insanları sevirdi, peşəsində qazandığı uğurlar da, əsasən bununla bağlı idi. Xəstələrini doğmalarından ayırmırdı. Buna görə də müalicə etdiyi xəstələr onu çox sevirdilər. Onlara bəxş etdiyi nura, xeyirxahlığa və qayğıkeşliyə, xoş sözlərinə görə onu əziz, doğma adamları hesab edirdilər.
Həyatda qazandıqları hər hansı bir müvəffəqiyyət, çox vaxt bəzi insanları dəyişdirir, onlarda təkəbbür, özündən razılıq hissləri yaradır. Lakin güclü mənəviyyata malik, özündə yüksək dəyərləri birləşdirən kamil insanın dəmir iradəsi qarşısında zaman da aciz qalır. Ömrünün üstünə gələn qayğılı-qayğısız illərin Zərifə xanımı dəyişməyə gücü çatmadı. Ailəsinin şöhrəti artdıqca özü sadə insanlara daha çox yaxınlaşdı. Qarşısına çıxan uğurlar onu başqalarına daha çox yaxşılıq etməyə sövq edirdi. Həmişə hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən böyük bir insan, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanım bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq rəmzi kimi yaşayır.
Böyük ziyalı
Zərifə xanımın elmi fəaliyyəti çoxcəhətli idi. Özünün qısa, lakin mənalı həyatı boyunca o, saysız-hesabsız elmi kitablar və monoqrafiyalar çap etdirmişdi. Kimya sənayesində göz zədələnmələrinin öyrənilməsinə və profilaktikasına dair silsilə orijinal əsərlərinə görə Zərifə xanım M.İ.Averbax adına mükafata layiq görülmüşdü. O, respublikamızdan SSRİ Tibb Elmləri Akademiyasının belə yüksək mükafatını almış ilk oftalmoloq qadın idi. Zərifə xanım həm də, eyni zamanda, bu sahədə ilk oftalmoloq qadın idi ki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi. O, bütün elmi yaradıcılığı və fəaliyyəti ilə Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi.
Akademik Zərifə Əliyeva hesab edirdi ki, insan özünün biliyi ilə cəmiyyətə fayda verməli, özündən sonra bir iz qoymalıdır. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi.O, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə yaxından maraqlanırdı. Bir çoxları vaxtı ilə Zərifə xanımın onlara göstərdiyi köməyi indi də minnətdarlıq hissi ilə yad edirlər. Müraciət edib-etməməsindən asılı olmayaraq, ona ehtiyacı olan hər kəsə kömək əli uzadan, hamının qəlbinə yol və dərdinə çarə tapmağı bacaran bu humanist insan öz xəstələrinə sonsuz qayğı və xeyirxahlıqla yanaşırdı. Zərifə xanımı tanıyan hər kəs, hətta onunla bircə dəfə ünsiyyətdə olmuş insanlar da ona valeh olurdular. Onlara bəxş etdiyi nura, mehribanlığa, xeyirxahlığa və qayğıkeşliyə görə Zərifə xanımı əziz və doğma hesab edirdilər.
Zərifə xanımın taleyinə məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi şəxsiyyətin ömür-gün yoldaşı olmaq düşmüşdü. Zərifə xanım bu çətin, lakin şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirdi. Zərifə xanım ulu öndərə etibarlı mənəvi dayaq idi. O, Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri paylaşırdı. Ulu öndərin əsl həmfikri, sadiq silahdaşı idi. Ümummilli liderimizin ölkə rəhbəri kimi fəaliyyətinin ilk günlərindən etibarən respublikada dəyişikliklər prosesi başlandı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu inkişaf dinamikasında ölkənin mədəni və elmi həyatında canlanma yarandı. Azərbaycanın digər ölkələrlə əlaqələri sürətlə genişlənməyə başladı.
Vətənin sadiq övladı olan Zərifə xanım ulu öndərlə birlikdə bu əlaqələrin möhkəmləndirilməsində bilavasitə iştirak edirdi. O, Azərbaycanda keçirilən mədəniyyət günlərində, konfranslarda, digər tədbirlərdə istər Sovet İttifaqından, istərsə də xarici ölkələrdən dəyərli nümayəndələrin iştirakını təşkil edirdi. Bununla da ölkənin nüfuzunu yüksəldir, Azərbaycanın tanınmasına xidmət edirdi.
Zərifə xanımın gələcəyi görmə qabiliyyəti, geniş erudisiyası, böyük zəkası, müdrikliyi, yüksək təhsili, klassik ümumbəşəri irsin rolunu dərindən dərk etməsi ona bütün respublikada müasir elmin, incəsənətin əsaslarının, digər ümumbəşəri humanitar nailiyyətlərin öyrənilməsini və mənimsənilməsini tətbiq etməyə imkan vermişdi. Ulu öndər Heydər Əliyevin və Zərifə xanımın təşəbbüsü ilə keçən əsrin 70-80-ci illərində Azərbaycanda milli elm, təhsil, ədəbiyyat, incəsənət çiçəklənmə dövrünü yaşayırdı.
Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva ölkənin ictimai həyatında yaxından iştirak edirdi. O, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, SSRİ və Azərbaycan sülhü müdafiə komitələrinin rəhbər orqanlarının, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və "Novosti oftalmoloqii" jurnalı redaksiya heyətinin üzvü kimi ən müxtəlif ictimai vəzifələri böyük məsuliyyət və ləyaqətlə yerinə yetirirdi. Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı Zərifə xanıma belə bir qabiliyyət vermişdi. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım təkcə öz həmkarları ilə yox, həm də sadə insanlar, mədəniyyət və incəsənət xadimləri ilə asanlıqla dil tapırdı.
Zərifə xanım həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. O, daim gərgin işləməsinə baxmayaraq incəliyini və zərifliyini qoruyub saxlamağı bacarır, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı.
Zərifə xanımın xeyirxah və nəcib qəlbi sayəsində respublikada xeyriyyəçilik ənənələri dirçəldilmişdi, istedadlara hərtərəfli dəstək verilirdi, xüsusi qayğıya ehtiyacı olan insanlar dövlət səviyyəsində himayə olunurdu. Onun mərhəmət və şəfqəti saysız-hesabsız uşağı taleyin zərbələrindən xilas etməyə imkan yaratmışdı.
O dövrdə Zərifə xanım özünün ardıcıl fəaliyyəti sayəsində respublika qadınlarının liderinə çevrilmişdi. Ulu öndərin qadın problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın fədakar məhəbbətinin, diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi.
Fədakar ana
Ulu öndərimiz Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva insan kimi bir-birini üzvi surətdə tamamlayırdılar. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Zərifə xanım nə qədər işlə məşğul olsa da, ailəsinə daim böyük diqqət və qayğı ilə yanaşırdı. O, ailədə mənəvi rahatlıq yaratmağa nail olmuşdu.
Çox təəssüf ki, özünün və ulu öndər Heydər Əliyevin birgə yorulmaz zəhmətinin bəhrəsi olan azad, müstəqil, sürətlə inkişaf edən, gələcəyə inamla baxan müasir Azərbaycanı görmək Zərifə xanıma qismət olmadı. Lakin biz olduqca xoşbəxtik ki, bu gün Zərifə xanımın və Heydər Əliyevin siyasi dühası sayəsində qurulmuş gözəl bir ölkədə yaşayırıq. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün onun ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev böyük öndərin ən layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi tanınan, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cəmiyyətin ən imkansız üzvlərinə, xəstələrə qayğısı, elmə, mədəni irsimizə təmənnasız xidməti də Zərifə xanımın ocağından güc alır. İndi bu ocaqda nəslin ən gözəl ənənələrini ləyaqətlə daşıyan nəvələr böyüyürlər. Bu müdrik, ziyalı, kübar qadının keçdiyi həyat yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir.
Bu gün qlobal ziddiyyətlər və münaqişələrlə zəngin olan müasir dünyamızda ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, demokratik inkişafın əsaslarının möhkəmləndirilməsinə ehtiyac artmaqdadır. Bu şəraitdə qadın sabitlik, harmoniya və firavanlıq simvoluna, ümid və inam rəmzinə çevrilmişdir. Müasir Azərbaycan üçün bu mənəvi dəyərlər şəxsiyyətində nəcib hissləri və əməlləri birləşdirən akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı ilə bağlıdır. Zərifə xanımın nurlu siması humanizmi, ailəyə və övladlara tükənməz məhəbbəti, müdriklik və elm mənbəyini təcəssüm etdirir.
Xalqımız Zərifə xanım kimi şərəfli, ləyaqətli övladının adını qəlbində yaşatmaq, xatirəsini əbədiləşdirmək istəyir. Bunun üçün Zərifə xanımın ad gününü Azərbaycan Anaları Günü elan etmək üçün komitəmizə minlərlə müraciət daxil olub. Biz də bu çağırışa qoşuluruq, ümid edirik ki, ölkəmizdə belə bir günün elan olunması ailə dəyərlərinin, milli ənənələrimizin gücləndirilməsinə xidmət edə bilər.

{nl}

Hicran HÜSEYNOVA, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında