“Azərsu” ASC-nin müəssisəsi beynəlxalq mükafata layiq görülüb

Fransanın paytaxtı Paris şəhərində “Qlobal ticarət liderləri” klubunun təşkilatçılığı ilə “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ın təqdim olunması mərasimi keçirilib. Təqdimat mərasimində dünyanın 30 ölkəsini təmsil edən şirkətlərə fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları nailiyyətlərə görə beynəlxalq mükafatlar verilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC əvvəlcədən keçirilmiş gizli səsvermə nəticəsində keyfiyyət, nüfuz və liderlik meyarlarına görə keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb. Bu mükafat “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində su sektoru üzrə görülən işlərin təsdiqidir.

“Qlobal ticarət liderləri” klubunun rəsmiləri son illər Azərbaycanda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi sahəsində görülən işləri və həyata keçirilən layihələri yüksək qiymətləndirib. Təqdimat mərasimində təşkilatın baş direktoru Rozo Lopes “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ı “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqova təqdim edib.

Mərasimdə çıxış edən “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov təltifə görə minnətdarlığını bildirib, bunu Azərbaycanın içməli su sektoruna və bu sahədə çalışanların əməyinə verilən yüksək dəyər kimi səciyyələndirib. R.Sadıqov qeyd edib ki, Azərbaycanın məhdud su ehtiyatlarına malik olmasına və həmin ehtiyatların qeyri-bərabər paylanmasına baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda dünyanın ən müasir su təchizatı obyektlərindən sayılan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi tikilib istismara verilib. Dövlət başçısının tapşırığına əsasən, ölkənin ən ucqar kəndlərinin də içməli su təchizatının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir.

R.Sadıqov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Sərsəng su anbarı və digər su mənbələri işğal olunmuş ərazilərdə qalıb. Bu, ətraf rayonlarda kəskin su çatışmazlığına səbəb olsa da, son 25 il ərzində bölgə əhalisinin içməli su təminatı sahəsində mühüm tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Qlobal ticarət liderləri” klubu keyfiyyət, nüfuz və biznesdə liderlik sahəsində beynəlxalq mükafatlar əldə edən şirkətlər arasında birlik yaratmaq məqsədilə təsis edilib. Təşkilatda dünyanın 95 ölkəsindən istehsal və xidmət sahəsində fəaliyyət göstərən 7500 nüfuzlu şirkət təmsil olunur. Belə geniş platforma şirkətlərin sərmayə və biznes imkanlarını artırır.

“Birləşmiş Sukanal” MMC “Azərsu” ASC-nin tabeliyində olan ən iri müəssisələrdən biridir. Cəmiyyət respublikanın 59 rayonunda su təchizatı və kanalizasiya sistemlərinin istismarını və idarə olunmasını həyata keçirir. Ümumilikdə cəmiyyət kənd və qəsəbələr də daxil olmaqla respublikanın regionlarında 1000-dək yaşayış məntəqəsinə xidmət göstərir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında