SOCAR BMT-nin İnkişaf Proqramı ilə ətraf mühitin qorunmasına dair Niyyət Protokolu imzalamışdır

 Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə SOCAR arasında imzalanan sənəd iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf mühitin qorunması istiqamətlərində iki qurum arasındakı əməkdaşlıq imkanlarını genişləndirəcək.

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, martın 6-da SOCAR TOWER-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Inkişaf Proqramı (BMTİP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə Niyyət Protokolu imzalanmışdır. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai imzalamışlar. SOCAR və BMTİP ortaq maraq kəsb edən sahələrdə – iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf mühitin qorunması sahələrində birgə layihələr keçirmək və mövcud əməkdaşlığı davam etdirmək istəklərini bəyan etmişlər.

BMTİP və SOCAR 2015-ci ildən etibarən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsini həyata keçirirlər. Gələcək əməkdaşlığa dair Niyyət Protokolunun imzalanmasından sonra SOCAR Tower-də NAMA layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfrans keçirilmişdir.

Tədbirdə çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə demişdir: “SOCAR-ın BMTİP ilə birgə həyata keçirdiyi NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kw gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılmışdır. Layihə çərçivəsində il ərzində
6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur.”

BMT-nin rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti demişdir: “İqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir. Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir.”

Qeyd edək ki, SOCAR NAMA layihəsini Qlobal Ekoloji Fond (GEF) və BMTİP ilə birgə olaraq, 3 istiqamət üzrə həyata keçirir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması. Layihə 2020-ci ildə yekunlaşacaq.

2013-cü ildən başlayaraq, SOCAR hər il özünün birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. Beynəlxalq təşkilatlarla müştərək keçirilən proqramlardan əlavə olaraq, SOCAR Azərbaycanda ətraf mühitin qorunması istiqamətində hər il birbaşa öz imkanları ilə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. kimi zəruri tədbirləri həyata keçirir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında