İKT sektoru davamlı inkişafa xidmət edir

Son 14 il ərzində ölkəmizdə böyük və şərəfli bir yol keçilib, konseptual yanaşma və proqramlar əsasında sosial-iqtisadi sahələrdə mühüm uğurlara imza atılıb. Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, 12 min 300 kilometr yol çəkilib. Valyuta ehtiyatları 23 dəfə, iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Respublikada 30 elektrik stansiyası tikilib, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 1,4 milyonu daimi olmaqla 1,9 milyon iş yeri yaradılıb.

Bütün bunlarla bərabər, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr də uğurla gerçəkləşdirilib. Artıq ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə çevrilib. Respublikamızda böyük gəmiqayırma zavodu inşa edilib. Ələt Dəniz Ticarət Limanının tikintisinin bu il başa çatdırılması nəzərdə tutulub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri layihəsi uğurla həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi mühüm hadisəyə çevrilib.

Azərbaycan tarixinin önəmli layihələrindən biri-- “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv daxil edilib. Respublikamız informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

İKT sektoru: keçilən yola qısa baxış

 

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra informasiya cəmiyyəti, elektron dövlət quruculuğu uğurla həyata keçirilməyə başlandı. İnternet infrastrukturunun inkişafı, informasiya azadlığının yüksək səviyyədə təmin olunması diqqət mərkəzində saxlanıldı. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” çərçivəsində ikimərhələli “Elektron Azərbaycan” Dövlət Proqramı reallaşdırıldı. Həmin proqram əsasında informasiya cəmiyyətinə keçidlə bağlı normativ-hüquqi baza və texniki infrastruktur formalaşdırıldı, müvafiq struktur islahatları aparıldı. Telekommunikasiya sektorunda liberallaşdırma tədbirləri həyata keçirildi, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə informasiyalaşdırma proseslərinə start verildi.

Son 14 il ərzində də respublikamızda informasiya cəmiyyəti quruculuğu uğurla davam etdirilib. 2012-ci il dekabrın 29-da təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin həmin tarixdən etibarən informasiya cəmiyyəti quruculuğunun növbəti inkişaf mərhələsinə qədəm qoyduğu bəyan olunub.

İnkişaf konsepsiyasında informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, habelə yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması kimi mühüm vəzifələr qarşıya qoyulub. Həmin vəzifələrin həyata keçirilməsi üçün ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq olunub.

Milli strategiyanın reallaşdırılması elektron dövlət mühitində hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinə və şəffaflığına, vətəndaşlar qarşısında hesabatlılığın təmin olunmasına, idarəetmə xərclərinə qənaət edilməsinə müsbət təsir göstərib. Dövlət-vətəndaş, dövlət-biznes münasibətlərində maneələr xeyli dərəcədə aradan qaldırılıb. Dövlət informasiyasının və sənədlərinin əlyetərliliyi təmin olunub. Vətəndaşların dövlət idarəçiliyində yaxından iştirakına əlverişli şərait yaradılıb. Bütün bunlarla bərabər, elektron təhsil informasiya resurslarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Milli strategiyada diqqətçəkən məqamlardan biri də ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunmasıdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülüb: İKT-dən istifadəyə inam artırılıb; həmin sahəni tənzimləyən normativ-hüquqi baza inkişaf etdirilib; məlumatlandırma və maarifləndirməyə xüsusi əhəmiyyət verilib. Eyni zamanda, “elektron hökumət” sistemi demək olar ki, formalaşdırılıb. Bu isə ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyətini gücləndirib, dövlət qurumlarının hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara informasiya və “e-xidmət”lərin səviyyəsini yüksəldib. Başqa sözlə, həmin istiqamətdə yaradılan şərait dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaldıb, tərəflər arasındakı münasibətləri sadələşdirib, şəffaflaşdırıb.

Ümumiyyətlə, Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülmüş tədbirlər bir sıra perspektiv irəliləyişlərə yol açıb. Belə ki, Azərbaycanda ilk telekommunikasiya peyki orbitə çıxarılıb, yüksəksürətli genişzolaqlı şəbəkə xidmətlərindən istifadə səviyyəsi iki dəfədən çox artırılıb və genişzolaqlı şəbəkələr üzrə göstərilən xidmətlərin qiyməti 2009-cu ildən indiyədək 10 dəfəyədək azalıb. Bu proseslərin nəticəsi kimi, Azərbaycan İKT üzrə gələcək perspektivə görə Dünya Bankının sıralamasında dünya ölkələri arasında ilk onluqda qərarlaşıb.

 

Azərbaycanda İKT-nin inkişaf potensialının artırılmasına xüsusi əhəmiyyət verilir

 

 Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamı ilə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib. Xatırladaq ki, bu sənəd ölkədə İKT-nin inkişaf potensialının gücləndirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün sahə infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinin səmərəliliyinin daxili mənbələr hesabına artırılması, telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb.

strateji yol xəritəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün 2020-ci ilədək aşağıda göstərilən üç strateji hədəfə çatmaq nəzərdə tutulub:

● idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi;

● sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması;

● hökumətin və sosial mühitin rəqəmsallaşdırılması.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası dövründə, eyni zamanda, ölkənin tranzit informasiya məkanına çevrilməsi və respublikamızın ərazisindən keçməklə Şərqlə Qərb arasında informasiya axınının reallaşdırılması məqsədilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin gerçəkləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Bununla yanaşı, “elektron hökumət”in əhatə dairəsinin daha da genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, şəhər və kənd yaşayış məntəqələri arasında İKT-dən istifadədə rəqəmsal fərqliliyin azaldılması, regionlarda genişzolaqlı internet xidmətlərinin təmin edilməsi kimi məsələlər də diqqət mərkəzində saxlanılacaq.

Sözügedən Yol Xəritəsində 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artacağı və 1450 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Bu təsirin reallaşdırılması üçün 585 milyon manat investisiya qoyuluşu tələb olunur ki, bu da dövlət-özəl tərəfdaşlığı hesabına təmin ediləcək.

 

Strateji Yol Xəritəsinin icrası diqqətdə saxlanılır

 

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin ötən müddətdə icrası istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Belə ki, nəzərdə tutulan müddətdə telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində TASİM layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanaraq baxılmaq üçün üzv operatorlara təqdim edilib. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin reallaşdırılması üçün zəruri tədbirlər görülüb.

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsilə bağlı işlərə cəlb olunub və bu əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılıb. Bu təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilib, nağd ödənişləri sürətləndirən makro və mikro amillər müəyyən edilib.

Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin icrası üzrə təkliflər, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsi hazırlanaraq, aidiyyəti qurumlara təqdim olunub. Azərbaycan Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində noutbuk, elektron lövhə, proyektor və masaüstü kompüter avadanlıqlarının təchizatına başlanılıb. Bir çox təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik, ADSL və simsiz bağlantı ilə qoşulub. “e-derslik.edu.az” portalında yeni dərsliklər nəşr olunub, passiv mütaliə mövzusunda təhsilverənlər üçün videoçarxlar hazırlanıb.

Yuxarıda qeyd edilənlərlə yanaşı, dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinin icrasına başlanılıb. Dövlət informasiya texnologiyası sistemlərinin müasirləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, bir sıra layihələr hazırlanıb.

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması təmin olunub. Eyni zamanda, bu sahədə böyük təcrübəsi olan “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılıb.

Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı verilmiş tapşırıqların icrası məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qruplar yaradılıb. Tədbirlərin icrası üzrə təkliflər, o cümlədən dəyişikliklər edilməli olan bəzi normativ hüquqi aktların siyahısı Nazirlər Kabinetinə təqdim edilib.

Hazırda müvafiq beynəlxalq standartlar əsasında milli standartların hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınması istiqamətində tədbirlər reallaşdırılır. “Elektron imza”, və “ASAN imza”nın beynəlxalq səviyyədə qarşılıqlı tanınmasının təmin olunması ilə bağlı həyata keçiriləcək fəaliyyət müzakirə edilir.

Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Artıq Avropa İttifaqının ayırdığı maliyyə vəsaiti hesabına “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi gerçəkləşdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hazırladığı “Dövlət informasiya sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiya və arxivləşdirilməsi Qaydaları”nın tətbiqi də sürətləndirilib. “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların hüquqi qüvvəsinin təmin edilməsi üçün normativ hüquqi aktın hazırlanması çərçivəsində müvafiq işlər aparılır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

(Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında