“SOCAR Polymer” zavodunda ilk dəfə sınaq məqsədi ilə polipropilen məhsulu istehsal olundu

Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilmişdir.

SOCAR-dan verilən məlumatda bildirilir ki, Sumqayıta işgüzar səfəri çərçivəsində, şirkətin prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrində baxış keçirmiş, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimat vermişdir. SOCAR-ın “Azərikimya” İB-də hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. Azərkimya İB üzrə yenidənqurma işlərin tamamlanması 2019-cu ildə nəzərdə tutulur. 

“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılmışdır. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsi ilə təmin olunacaq. 

Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlıqların baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilmiş və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunmuşdur. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Sumqayıtda kimya sənayesinin dirçəlişi ölkəmiz üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir. Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə STAR Neft Emalı Zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq.” 

Son illərdə regionda tikilən ən böyük kimya müəssisələri “SOCAR Polymer” və “SOCAR Karbamid” artıq cari ildə istismara veriləcək. SOCAR-ın kimya sənayesində həyata keçirdiyi layihələrin bir xüsusiyyəti də bundan ibarətdir ki, bu müəssisələr SOCAR-ın digər müəssisələri ilə dəyər zəncirində birlik təşkil edəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu və “SOCAR-Polymer”in iki qurğusu ilə dəyər zənciri üzrə calaşdırılacaq, bu da istehsalatın daha da səmərəli təşkil olunması üçün zəmin yaradacaq. Həmçinin Türkiyədəki STAR Neft Emalı Zavodu SOCAR-ın digər strateji aktivi olan Petkim kompleksinin xammal təchizatına töhfə verməklə hər iki müəssisəni vahid dəyər zəncirində birləşdirəcək.

                                             Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında