SOCAR analitik metanolun istehsalına başladı

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlamışdır.Bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilmişdir. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir.

 SOCAR-dan verilən məlumatda deyilir ki, hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanmış və ilkin satış həyata keçirilmişdir. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır. 

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 faizdən çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98 faiz təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir. 

“SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılmışdır. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atmışdır.” 

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir. 

SOCAR son illərdə məhz neft-qaz emalı və kimya sənayesinə qoyulan sərmayələri artıraraq, Azərbaycan və dünya bazarında bir neçə böyük layihənin icrasına başlamışdır. Azərbaycanda fəaliyyət göstərən “Azərikimya” İB və “SOCAR Metanol” ilə yanaşı “SOCAR Polymer” və SOCAR Karbamid zavodları bu ildən etibarən istismara veriləcək. Yeni zavodların fəaliyyətə başlaması və mövcud zavodların məhsul portfelinin genişləndirilməsi SOCAR-ın dəyər zəncirini təkmilləşdirərək, Azərbaycana əlavə gəlir qazandıracaq, yeni iş yerlərin açılması, habelə milli iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm töhfələr verəcəkdir.

                                                   Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında