Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı regionun qüdrətli dövlətlərindən birinə çevirib. Bu uğurun təməlində isə, heç şübhəsiz, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. Ulu öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, avtomobil yolları təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Dahi öndər bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxladı. Ümummilli liderin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.
Bu gün dahi şəxsiyyətin inkişaf strategiyası uğurla davam etdirilir. Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır. Dövlətimizin başçısı yol infrastrukturunun yeniləşdirilməsi, yeni yolların çəkilişi ilə bağlı görülən işlərə xüsusi önəm verərək bu sahədə reallaşdırılan islahatların gedişi ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir.
Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevral ayının 22-nin ölkəmizdə “Avtomobil yol işçilərinin peşə bayramı günü” kimi təsis edilməsi də yol təsərrüfatına, eləcə də bu sahədə çalışanlara diqqət və qayğının bariz ifadəsidir.
Ötən il Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Bununla bağlı bəzi göstəriciləri xatırlatmazdan əvvəl bir məqamı diqqətə çatdırmaq istərdik. Azərbaycan Prezidentinin 18 oktyabr 2017-ci il tarixli fərmanına əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Həmin il dekabrın 19-da isə dövlətimizin başçısının imzaladığı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı ilə sözügedən agentliyin nizamnaməsi və strukturu təsdiq olunub.
Bütün bunlar isə yol infrastrukturunun inkişafının ölkənin əsas prioritetlərindən birinə çevrildiyini və ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olduğunu göstərir, eyni zamanda, sözügedən sahədə görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədi daşıyır. Bir sözlə, sözügedən struktur islahatı Azərbaycanın avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına əlavə imkan yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Qarşıda yol tikinti layihələrini uğurla həyata keçirmək kimi mühüm bir vəzifə durur
Dövlət dəstəyi və qayğısı nəticəsində respublikamızın avtomobil yollarının inkişafı istiqamətində əldə edilən uğurlar barədə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, habelə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda ətraflı danışılıb. Bildirilib ki, respublikada avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutur. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Bölgələrin inkişafına, yerlərdə turizmin və sənayenin tərəqqisinə, kənd təsərrüfatının dirçəlməsinə əsaslı təsir göstərir.
Xatırladaq ki, hələ ötən il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın və Bakı şəhərinin avtomobil yollarında yerinə yetirilən işlərdən danışarkən, diqqəti iki mühüm məsələyə yönəltmiş və bununla bağlı yol təsərrüfatı işçiləri qarşısına konkret tapşırıqlar qoymuşdu. Bunlardan biri hesabat dövründə 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsinin reallaşdırılması, digəri isə paytaxtın keçmiş “Sovetski” kimi tanınan hissəsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təsdiqlənən layihənin tam icra edilməsi ilə əlaqədar idi.
Bu gün deyə bilərik ki, həmin tapşırıqlar nəzərdə tutulan vaxtda yüksək səviyyədə yerinə yetirilib. Belə ki, ötən il ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəzərdə tutulan 40 layihəyə qarşı 52 kəndarası və Bakı şəhəri üzrə qəsəbələrarası avtomobil yolu layihəsi uğurla həyata keçirilib.
“Sovetski” kimi tanınan yerdə birinci mərhələdə 40 hektar sahə boşaldılaraq, 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması ötən il may ayının 30-da yekunlaşdırılıb. Yol qovşaqlarının tikintisi ilə bağlı ikinci mərhələ isə avqust ayının 14-də başa çatdırılıb. Hər iki layihənin reallaşdırılması mərasimində ölkə rəhbəri iştirak edib.
Ümumilikdə 2017-ci il ərzində Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 34 rayonda 14 respublika əhəmiyyətli, 42 kəndarası, 10 paytaxt qəsəbələrarası avtomobil yolu, bir körpü və yeraltı piyada keçidinin tikinti və yenidənqurulması başa çatdırılıb.
Xatırladaq ki, həmin layihələrin həyata keçirilməsi 2,1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini əhatə edir və 1341,1 kilometr uzunluğunda rahat avtomobil yolları kənd təsərrüfatı məhsullarının qısa müddətdə istənilən ünvanlara çatdırılmasına imkan verir.
Yeri gəlmişkən, ölkə Prezidenti ötən il ərzində tikintisi başa çatan layihələr də daxil olmaqla 36 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.
Yol mədəniyyət, rahatlıq deməkdir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2017-ci ildə uzunluğu 1341,1 kilometrlik ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Müqayisə üçün deyək ki, bu, 2016-cı ilin
müvafiq göstəricisindən 461,1 kilometr çoxdur.
Son 2 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən proqramlar çərçivəsində isə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 324,9 kilometr artaraq 785,9 kilometr olub. Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 8-i təmir edilib.
Hesabat ilində 13, o cümlədən 10-u Bakı-Şamaxı-Yevlax, 2-si Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yollarında və Zaqatala şəhərində yeraltı piyada keçidi tikilərək istifadəyə verilib.
Paytaxtda yol infrastrukturunun yenidən qurulması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına səbəb olmuşdur. Azərbaycan Prezidenti bu sahədə kompleks tədbirlərin reallaşdırılmasına yönələn geniş proqramın hazırlanması ilə bağlı konkret tapşırıq vermiş, nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiqi haqqında müvafiq sərəncamlar imzalamışdır. Bundan sonra piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə bir sıra yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur.
Xüsusi zövqlə və dizaynla tikilən və ən müasir avadanlıqlarla təhciz olunan keçidlər piyadaların rahatlığına şərait yaratmaqla yanaşı, arxitektura baxımından da diqqəti cəlb edir.
Bakıda ümumi uzunluğu 133 kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub. Eyni zamanda, paytaxt üzrə inzibati rayonların avtomobil yollarında, prospekt və küçələrdə 158,4 min kvadratmetr sahədə cari təmir işləri yerinə
yetirilib.
Hesabat ilində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 metr uzunluğunda körpü tikilərək istismara verilib, Binəqədi-Novxanı-Corat avtomobil yolunda dəmiryol xətti və kanal üzərində yerləşən 2 körpü isə yenidən qurulub, Hüseyn Cavid parkı ərazisində və “Ağ şəhər”də 2 yeni piyada keçidi tikilib.
Ölkə başçısının göstərişi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən 2013, 2014, 2015 və 2016-cı illərdə tikintisinə başlanılan kəndarası avtomobil yollarında işlərin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə) həvalə edilmişdir.
Hesabat ilində ölkə Prezidentinin imzaladığı 33 sərəncama əsasən, respublikamızın 31 rayon və şəhərində 655,7 min nəfər əhali yaşayan 395 yaşayış məntəqəsini birləşdirən uzunluğu 863,2 kilometr olan 42 kəndarası avtomobil yolunun, Şəki şəhərində bir körpünün bərpası və Zaqatalada bir piyada keçidinin, tikintisi və təmiri başa çatdırılıb.
Bakı şəhərində isə 736,8 min nəfər əhali yaşayan, 28 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 98 kilometr olan 10 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması yekunlaşdırılıb.
Daxili investisiya hesabına yerinə yetirilən layihələr
- Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsinin yenidən qurulması:
- “Ağ şəhər” layihəsi;
- Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması;
- Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirən 8 hərəkət zolaqlı
avtomobil yolunun tikintisi;
- Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması;
- Zaqatala şəhəri ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması;
- Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan 18 min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən 1-11-ci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri;
- Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi;
- Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi;
Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi;
- “R-16”-Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası;
- “M-5”-Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri.
Xarici investisiya ilə maliyyələşdirilən layihələr
1. “M-3”-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda həyata keçirilən layihələr:
- Salyan-Şorsulu hissəsi, 24,8 kilometr (55,8-80,6 kilometr). Uzunluğu 24,8 kilometr olan I dərəcəli yolun tikintisi işlərinə 2014-cü ilin iyun ayında başlanılıb, 2017-ci ildə başa çatdırılıb;
- Şorsulu-Cəlilabad, 31 kilometr (80,6÷110,7 kilometr) hissəsi. Tikintinin əvvəlindən 2017-ci ilin oktyabr ayına kimi işlərin 86,2 faizi yerinə yetirilib. Layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub;
- Cəlilabad-Masallı, 32,2 kilometr (110,7÷142,9 kilometr) hissəsi. 2017-ci il sentyabrın 2-də ölkə Prezidentinin iştirakı ilə avtomobil yolunun rəsmi açılış mərasimi keçirilib;
- Masallı-Astara (Masallı-Girdəni, 22,2 kilometr, 0÷22,2 kilometr) hissəsi. 2017-ci il sentyabrın 2-də dövlət başçısının iştirakı ilə avtomobil yolunun rəsmi açılış mərasimi olub;
- Masallı-Astara (Girdəni-Pensər, 19,35 kilometr, 22,15÷41,5 kilometr) hissəsi. Uzunluğu 19,4 kilometr olan bu yolun tikintisi işlərinə 2013-cü ilin iyununda başlanılıb və 2017-ci ildə başa çatdırılıb;
- Masallı-Astara (Pensər-Astara, 19,9 kilometr, 41,5÷61,4 kilometr) hissəsi. Uzunluğu 19,9 kilometr olan yolun tikintisinə 2014-cü ilin yanvarında başlanılıb və 2017-ci ildə başa çatdırılıb.
2. Bakı-Şamaxı-Yevlax “M-4” avtomobil yolunun 13,3÷107 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi layihələri:
- Müşfiqabad qəsəbəsi ərazisi, 1,8 kilometr (13,3-15,1 kilometr). Uzunluğu 1,9 kilometr, texniki dərəcəsi Ib olan yolun tikintisi işlərinə 2016-cı ilin avqustunda başlanılıb və 2017-ci ildə başa çatdırılıb;
- Müşfiqabad-Çəngi hissəsi, 29,5 kilometr, (15,1÷44,6 kilometr). Uzunluğu 29,6 kilometr olan yolun tikintisinə 2011-ci ilin avqustunda başlanılıb və 2017-ci ildə başa çatdırılıb;
- Çəngi-Qobustan hissəsi, 22,9 kilometr (44,6÷67,5 kilometr). 2017-ci il oktyabrın 2-də ölkə Prezidentinin iştirakı ilə avtomobil yolunun rəsmi açılış mərasimi keçirilib;
- Qobustan-Bədəlli hissəsi, 23,5 kilometr (67,5÷91,0 kilometr). 2017-ci il oktyabrın 2-də dövlət başçısının iştirakı ilə avtomobil yolunun rəsmi açılış mərasimi olub;
3. Gəncə regionunda 4 körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda “R-24” 3 və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1).
Layihə 2017-ci ildə başa çatdırılıb.
4. “R-18” Mingəçevir (stansiya)-Mingəçevir-Bəhrəmtəpə avtomobil yolun yenidənqurulması layihəsi. Layihənin Mingəçevir (stansiya)-Mingəçevir (0-16,47 kilometr) hissəsinin 2017-ci il aprelin 16-da ölkə Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
-Qarağacı-Bəhrəmtəpə, 111,9 kilometr ( 26-137,9 kilometr) hissəsi. Layihənin bu ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
-Aran-Qarağacı, 26 kilometr (0-26 kilometr) hissəsi. Uzunluğu 26 kilometr olan yolun tikintisinə 2016-cı ilin noyabrında başlanılıb və 2017-ci ildə başa çatdırılıb.
Nəqliyyatın hərəkətinin təhlükəsizliyi mühüm önəm daşıyır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.
2017-ci il ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 3355 yol nişanı, 1085 məlumatverici lövhə, 10 948 siqnal dirəyi, 1140 siqnal bayrağı, 14 860 poqonometr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 774,2 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi yerinə yetirilib.
2018-ci ildə qarşıda duran vəzifələr
Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışılıb, 500 məntəqəni əhatə edən 1300 kilometr uzunluğunda yol salındığı, bunun çox böyük göstərici olduğu xüsusi vurğulanıb. Cari ildə kollektiv qarşısında ən azı 600 kəndi əhatə edəcək 2 min kilometrdən çox avtomobil yolunun çəkilməsi kimi mühüm vəzifə qoyulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə Bakı şəhərində uzunluğu 106,4 kilometr olan 11 layihənin, uzunluğu 1274,1 kilometr olan 52 kəndarası layihənin, habelə respublika əhəmiyyətli avtomobil yollarının və xarici kredit vəsaiti hesabına yerinə yetiriləcək layihələrin icrası həyata keçiriləcək.
İl ərzində Olimpiya stadionu ərazisində tunelin tikintisi, yeni dizaynda 5 piyada keçidinin inşası, “Ağ şəhər“ layihəsi, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirən yeni yolun, Şamaxı-Padar yolunun davamı olan Padar-Sabirabad yolunun çəkilməsi (bu layihə “3 Magistral” yolu “M-4”, “M-2” və “M-6” birləşdirməyə imkan verəcəkdir), Rusiya Federasiyası ilə sərhəddə Samur çayı üzərində yeni körpünün inşası, Sumqayıtda 2 prospekt və 2 küçənin yenidən qurulması, Qanlıgöl ərazisində MİDA-Şərifzadə yolunun çəkilməsi və digər işlər nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə ümumi uzunluğu ən azı 2171 kilometr olacaq avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetiriləcək.
Bu layihələr 48 rayon ərazisində və Bakı şəhərinin qəsəbələrində 3,1 milyon nəfər əhalinin yaşadığı 1270 yaşayış məntəqəsini əhatə edəcək, 2171 kilometr uzunluğunda yeni rahat avtomobil yolları yetişdirilən kənd təsərrüfatı məhsullarını qısa müddətdə lazımi ünvanlara çatdırmağa imkan verəcək.
Bakı şəhərinin və onun qəsəbələrarası avtomobil yolları, habelə kəndarası avtomobil yolları layihələrinin icrasına artıq başlanılıb, icra qrafiki təsdiq edilib.
Cocuq Mərcanlıya gedən yol…
Qüdrətli Azərbaycan Ordusunun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrildi və “Böyük Qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı.
Cəmi 5 ay erməni silahlı birləşmələrinin nəzarəti altında olan bu kənd demək olar ki, yerlə-yeksan edilmişdi. Daşı-daş üstündə qalmayan Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunmuşdu. Lakin ətrafdakı yüksəkliklər düşmən əlində olduğu üçün kənddə təhlükəsiz yaşayış qeyri-mümkün idi. Azərbaycan Ordusunun Aprel zəfəri nəticəsində minlərlə hektar torpağımızın, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cocuq Mərcanlıya qayıdışın təməlini qoydu.
Azərbaycan Prezidenti öncə kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, sonra isə Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı ilə 4,3 milyon manat vəsait ayırdı.
Qısa müddətdə qarşıya qoyulan vəzifələr uğurla reallaşdırıldı. Horadizdən Cocuq Mərcanlıya gedən 9 kilometrlik avtomobil yolunun tikintisi yüksək səviyyədə həyata keçirildi. Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edir. Zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılıb.
Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini rahatlaşdırıb.
Xatırladaq ki, Cocuq Mərcanlıda Yİİ-nin inzibati binası da tikilərək istifadəyə verilib.
Kəndin daxili küçələri, məhəllələrarası ərazilər də tam asfaltlanıb.
***
Göründüyü kimi, hazırda Azərbaycanda müasir yol infrastrukturu layihələri uğurla reallaşdırılır. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə xalqımızın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verir. Bir sözlə, yeniləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivinin qarşısında bir vəzifə, bir məqsəd durur: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, müasir yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək. Bütün bunlar həm də adıçəkilən Dövlət Agentliyinin kollektivi üçün əməli fəaliyyət proqramıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.