Turizm hər bir ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Hazırda dünyada ümumi milli məhsulun 10 faizi bu sahənin payına düşür, dünya ixracatının 8 faizi və ticarət xidmətinin 30-35 faizi beynəlxalq turizmin hesabına əldə edilir. Son illər Azərbaycanda da turizmin inkişafı istiqamətində ciddi addımlar atılır. Ötən il ölkəmizə gələn xarici turistlərin sayı rekord həddə – 2,7 milyon nəfər olmuşdur. Bu, 2016-cı illə müqayisədə 20 faiz artım deməkdir. Mütəxəssislərin fikrincə, ölkəmizin mövcud turizm potensialı hərəkətə gətirilsə, uğurlarımız daha böyük ola bilər. Azərbaycanda turizmi inkişaf etdirmək üçün hansı zəruri tədbirlər görülməlidir? Dünya təsərrüfat sisteminin bu gəlirli sahəsini tam gücü ilə işlətməyin daha səmərəli yolları hansılardır? Bu suallarla AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Aqil Əsədova müraciət etdik. O dedi:
– Əvvəlcə onu deyim ki, Azərbaycana ilk səyahətlər ticarət, dini, siyasi və öyrənmə məqsədləri ilə olmuşdur. Bu qədim diyarın ərazisindən keçən ticarət karvanları ilk işgüzar səfərlər idi. Hələ eramızdan əvvəl Plinin, Plutarx, Heradot, Ptolomey kimi məşhur səyyah və alimlər Azərbaycana səyahət etmişlər.
Hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində Azərbaycanın bəzi şəhərləri mühüm məntəqə kimi tanınırdı. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyası ərazisindən keçirdi. Bu yol elmi dairələrdə “Strabon yolu” kimi məşhur idi. Belə ki, bu yol haqqında ilk ətraflı məlumatı filosof və tarixçi Strabon vermişdir.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatın digər sahələri kimi, turizmin inkişafı istiqamətində də ciddi addımlar atıldı. Ölkə Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. Eyni zamanda, bu vacib sahənin daha sürətli inkişafının təmin edilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci il ölkədə “Turizm ili” elan olundu.
Ümumdünya Turizm Təşkilatının UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilən “Böyük İpək Yolu” turist transkontinental marşrutuna Azərbaycan da daxil edildi. Son illər ərzində təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş təbliği məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına öz təsirini göstərdi.
Hazırda “ASAN xidmət” dünyada bir Azərbaycan brendi kimi bəyənilir və qəbul olunur. Belə bir vaxtda ölkəmizdə “ASAN viza”ların verilməsi barədə də qərar qəbul edildi. Heç şübhəsiz, ölkə başçısının “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” fərmanı ölkəmizə xarici turistlərin axınını daha da stimullaşdıracaq və bu sahədən əldə edilən gəlirlərin artmasına şərait yaradacaqdır.
2017-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “İndi Azərbaycana səfər etmək istəyən hər bir şəxs evini və ya iş yerini tərk etmədən ölkəyə səfər etmək üçün 3 gün ərzində elektron vizanı əldə edə bilər. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və əvvəl də qeyd etdiyim kimi, İpək Yolu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək”.
Artıq real nəticələr göz qabağndadır. Azərbaycana gələn xarici turistlərin sayı ilbəil artmaqdadır. Həm də önəmli məsələlərdən biri də ondan ibarətdir ki, turistlər vəsaitlərin 70 faizini kart vasitəsilə xərcləyirlər. Bütün bunlar ölkədə turizmin inkişafı, infrastruktur təminatının təkmilləşdirilməsi, qeyri-nəğd ödənişlərin stimullaşdırılması baxımından əldə olunan uğurlu nəticələrdir. Turizm ixracın bir növüdür və bu sahənin inkişafı ölkəyə valyuta gətirilməsinin dünyada geniş yayılmış yollarından biridir. Bu baxımdan, ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilən qərarlar mühüm əhəmiyyətə və uğurlu perspektivə malikdir.
Ümumiyyətlə, turizmin inkişafına bir neçə kontekstdən yanaşmaq olar. İlk növbədə, turizm sektorunun inkişafı ölkəyə valyuta daxil olmalarını artırır və büdcənin əsas gəlir mənbələrindən birinə çevrilir. Digər tərəfdən, turizmin inkişafı başqa sahələrə də təsirsiz ötüşmür. Onun inkişafı yeni iş yerlərinin açılması, regional inkişaf və s. baxımdan səmərəli olduğu kimi, nəqliyyat sektorunun inkişafı, viza alınması prosesinin sadələşdirilməsi də turizm cəlbediciliyinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Azərbaycan ərazisində nəqliyyat xidmətlərinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər və layihələr həyata keçirilir. O cümlədən, yaxın gələcəkdə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun yenidən qurulması, Qəbələ şəhərinə və Şahdağ xizək kurortuna dəmir yolunun çəkilişi nəzərdə tutulur. Bütün bunlar ölkəmizdə turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Təbii ki, dəmir yolunun Qusara və Qəbələyə qədər uzaldılması bölgəyə turist axınını daha da sürətləndirəcək.
Turizmin inkişafı baxımından ölkəmizdə önəmli məsələlərdən biri də beynəlxalq tədbirlərin keçirilməsidir. Azərbaycan artıq çox mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına layiqincə ev sahibliyi edir ki, bu da ölkəmizə turistlərin gəlişini daha da artırır. Şübhəsiz, yaxın gələcəkdə nəzərdə tutulmuş beynəlxalq tədbirlərin və idman yarışlarının reallaşdırılması ölkəmizdə turizm sektorunun daha sürətli inkişafını təmin edəcək, bu sahəni dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevirəcək.
Həyata keçirilən bütün bu tədbirlərlə yanaşı, xalqımızın qonaqpərvərliyi, milli mətbəximizin zənginliyi və əsrarəngiz təbiət abidələri, dənizsahili çimərliklər ölkəmizdə turizmin inkişafına təsir göstərən mühüm amillərdir. Yaxın perspektivdə dəniz sahili boyunca xüsusi turizm zonalarının yaradılması, xidmətlərin keyfiyyət-qiymət uyğunluğunun təmin olunması, nağdsız ödəniş imkanlarının genişləndirilməsi, dünya təcrübəsinə uyğun olaraq, əcnəbi turistlərin xarici valyuta ilə alış-veriş etmələrinə imkan yaradılması və digər vacib məsələlər də diqqət mərkəzində saxlanılmalıdır.
Söhbəti yazdı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.