Son on dörd il ərzində ölkəmizdə özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirləri diqqət mərkəzində saxlanılıb.
Sahibkarlığın uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının mütəmadi təmin olunmasına mühüm önəm verilib. Bununla yanaşı, respublikada idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetləri sırasında olub. Elə buna görə də qeyri-neft sektorunda ildən-ilə yüksək göstəricilər əldə edilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev giriş nitqində deyib: “On dörd il ərzində iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında da aparıcının ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığın azaldılması ilə bağlı sualına cavabında deyib ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik: “Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur.
Hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir.
Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcəkdir. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir”.
Dövlətimizin başçısı prioritet vəzifə kimi qarşıya qoyduğu ixrac potensialının artırılması üçün son illər ərzində bir sıra mühüm qərarlar qəbul edib. Məsələn, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına geri ödəmə dəstəyinin verilməsi ilə əlaqədar hüquqi baza yaradılıb.
Ölkə rəhbərinin “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında isə 2016-2020-ci illərdə respublika ərazisində istehsal olunan və istehsal prosesində işlədilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac edilən həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ixrac potensialının artırılması məqsədilə ötən il bir sıra mühüm tədbirlər həyata keçirilib. Hesabat dövründə dörd ticarət nümayəndəliyi yaradılıb, müxtəlif ölkələrə bir çox ixrac missiyaları göndərilib.
Ötən il Azexport.az portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasının, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına, investisiyanın güclənməsinə müsbət təsir göstərib. Bundan başqa ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin yüksəlməsinə, investisiya qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, ən başlıcası isə ixracın artmasına səbəb olub.
Ölkədə sənayeləşmə siyasətinin aparılması da ixrac potensialının artmasına müsbət təsir göstərib. Prezident İlham Əliyev ötən il sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, hazırda ölkəmizdə sənayeləşmə siyasəti uğurla reallaşdırılır, respublikanın iri sənaye mərkəzlərində, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. Bu obyektlər həm sənayeləşmə siyasətinin uğurla aparıldığını göstərir, həm də yerli istehsalın daha da gücləndirilməsində, idxaldan asılılığın azaldılmasında mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz istifadəyə verilib.
İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının “Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm önəm daşıyır. Fərmana əsasən, potensial ixrac ölkələrinə ixrac missiyaları təşkil edilir, ölkəmizin beynəlxalq əhəmiyyətli sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmindən səmərəli yararlanılır.
Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə Belarusda Azərbaycan Ticarət evi fəaliyyətə başlayıb. Bununla yanaşı, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır.
Dövlət başçısının 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmanına uyğun olaraq, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilib.
Bundan başqa, Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 2017-ci ildə 10 iclası keçirilib, Xurma, Tütün, Çay, Mebel, Tekstil, Tikinti Materialları İxracatçıları və İstehsalçıları, Qadın Sahibkarlar Assosiasiyaları yaradılıb, 160-dən çox şirkətə ixraca dair xidmətlər göstərilib.
Görülmüş tədbirlər nəticəsində 2017-ci ildə qeyri-neft ixracı 24,4 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, sənaye məhsullarının ixracı 20,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 14,5 faiz artıb. Ötən il Azərbaycandan 3 min 179 çeşiddə məhsul ixrac edilib. Ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib. Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı sayında bildirilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.