Son 15 ildə ölkədə aparılan ardıcıl iqtisadi islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. İndi Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyur.
Azərbaycan hökuməti 2004-cü ildən başlayaraq yaxın 10-15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. Hökumət neft pullarının daimi olmadığını yaxşı bildiyindən iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Bir sözlə, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verildi.
2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı.
Bu illər ərzində ölkənin keçdiyi iqtisadi inkişaf yolu rəqəmlərin dili ilə daha aydın görünür, 2004-2017-ci illər ərzində ümumi ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artmışdır. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 13,3 dəfə artaraq, 1,5 milyard manatdan 20,1 milyard manata çatmışdır. 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar olduğu halda, bu gün valyuta ehtiyatlarımız 42 milyard dollar həcmindədir. Bu da valyuta ehtiyatlarının 23 dəfə artması deməkdir. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan indi dünya ölkələri arasında ön sıradadır. Ötən müddət ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur.
Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası vardısa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, Sovetlər dönəmi də daxil 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisi də ixrac edirik. Eyni uğurlar regionların qazlaşdırılması, su təchizatı və digər başqa sahələrdə də əldə olunub. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, indi bu rəqəm 93 faizi ötüb. Cari ildə ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Azərbaycanın ən ucqar dağ kəndlərinin qazlaşdırılması prosesi gedir.
Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd nəhəng su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilmiş və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub.
2004-2017-ci illər ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib, cari ildə bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir. Ötən dövr ərzində Azərbaycanda yeddi aeroport tikilib istifadəyə verilib ki, onlardan da altısı beynəlxalq aeroport statusuna malikdir.
Bu illər ərzində ölkə iqtisadiyyatının belə sürətli inkişafı dövlətimizin maliyyə imkanlarının kifayət qədər genişlənməsinə, bu isə öz növbəsində sosial məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Belə ki, 2004-2017-ci illər ərzində ölkədə əmək haqları 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,4 faizə enib. Xatırladaq ki, 2004-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi.
Ötən dövrdə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilb, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.
Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısında heç kimin gözləmədiyi halda dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində belə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.
Qiymətlər ətrafında baş verən bu proseslərin nə qədər davam edəcəyini müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan hökuməti ölkədə post-neft dövrünün başlandığını rəsmi şəkildə elan etdi. 2015-ci ilin son aylarından ölkədə azad sahibkarlığın inkişafını təmin edən və ona hər yerdə yaşıl işıq yandıran mühüm qərarlar qəbul olundu. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli inkişafını nəzərdə tutan Strateji Yol Xəritələri təsdiq olundu. Bu sənədlərin işlənib hazırlanmasında yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcrübədən geniş istifadə edildi.
Hazırda real sektorun bütün sahələrində inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynayacaq.
Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İndi Azərbaycan hökuməti qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi işlər görür. Dünyanın aparıcı ölkələrində Azərbaycanın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir.
Bu gün Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Sahənin inkişafı üçün Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin xüsusi önəmi var. Bu tədbirlər eyni zamanda turizmin inkişafına ciddi təkan verir. Çünki onların keçirilməsi ilə biz Azərbaycanın bütün dünyada daha yaxından tanınmasına nail oluruq. İlk addım kimi Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb etdi. Bunun ardınca ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, 2015-ci ildə birinci Avropa Oyunlarının, ötən ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər həm də, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır. İndi ölkəmizin hər yerində, xüsusilə, Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.
Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların mərkəzinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Ələt Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın başlanğıcını qoydu. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Ticarət Limanının bir hissəsi istifadəyə verildi. Şimal–Cənub ticarət dəhlizinin isə bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycanda qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək və ölkəmizi regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirəcək. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axını təmin ediləcək.
Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə XXI əsrdə reallaşdırılan ən nəhəng transmilli layihələrdən biri də “Cənub” qaz dəhlizidir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təziqlərə baxmayaraq ölkəmiz bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Uzun illər qaz təchizatının şaxələndirilməsini arzulayan Avropa dövlətlərinin bu istəyini Azərbaycan dövləti öz iqtisadi qüdrətinə söykənərək reallaşdırmağı bacardı.
Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkədə aparılan ardıcıl və davamlı islahatların məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır. Lakin biz həmişə sülh tərəfdarı olmuşuq. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun hərbi uğurları çox mətləblərə aydınlıq gətirdi. İndi Ermənistan mətbuatında bizə qarşı ən radikal mövqedə dayanan erməni siyasətçiləri belə Xocalı qatili Serj Sarkisyanı bu reallıqları anlamağa səsləyirlər. Çünki az- çox ağlı başında olan bu siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan kimi güclü və qüdrətli bir dövlətlə hesablaşmamaq onların sonunu yaxınlaşdırır. Son 15 ildə yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə ölkəmizdə yaşayan azərbaycanlıların yox, 50 milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil!
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.