Azərbaycanda çayçılığın və sitrus meyvəçiliyinin inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub

Prezident İlham Əliyev  çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, bu sahənin ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2018-ci il tarixli sərəncam imzalayıb.

Adıçəkilən Dövlət Proqramında bildirilir ki,  qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Eyni zamanda, ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradıb.

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 12 sentyabr tarixli sərəncamına uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” da ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə yönəldilib. 

Yeri gəlmişkən, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda respublikamızda çayçılığın mövcud vəziyyəti ətraflı təhlil edilib. Ölkəmizdə çay bitkisinin ilk dəfə XIX əsrin sonlarında əkilməsi, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılması vurğulanıb. Eyni zamanda, diqqətə çatdırılıb ki, sözügedən sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənib, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallıda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları istifadəyə verilib. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Bununla yanaşı, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradıb, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini reallaşdırıb. 

Dövlət Proqramında aparılan elmi araşdırmalara istinad edilərək, qeyd olunub ki,    əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. Amma ötən əsrin  90-cı illərindən etibarən respublikada çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı isə 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığa məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində keçən il çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3
hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb. 

Onu da bildirək ki, respublikada çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirən  “Çayçılıq haqqında” Qanunun qəbulu  ölkədə bu sahənin inkişafı üçün əlverişli mühit yaradıb. 

Sözügedən Dövlət Proqramında dünyada çayçılığın inkişafı meyillərinin təhlilinə də geniş yer verilib. Dünyada çay istehsalının tarixinin qədimliyi  və eramızdan əvvəllərə təsadüf etməsi xatırladılmaqla yanaşı, hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyə və İndoneziyanın çay istehsal edən ən böyük ölkələr olması vurğulanıb. Bildirilib ki, həmin  ölkələrdə istehsal edilən çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.

Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi- tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılıb. 

Dünyada çay istehsalının həcminə görə ikinci yerdə qərarlaşan Hindistanda isə yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi daxili tələbatın ödənilməsinə yönəldilir və hər il beynəlxalq bazarlara təxminən 200 min ton çay çıxarılır.

Dövlət Proqramında yuxarıda adları çəkilən ölkələrlə yanaşı, diqqət həm də Keniya, Şri-Lanka və Türkiyə Respublikasında çayçılığın mövcud vəziyyətinə, idxal-ixrac əməliyyatlarının reallaşdırılmasına yönəldilib.  

Nəhayət, Dövlət Proqramında çayçılığın inkişafı ilə əlaqədar məqsəd və vəzifələr də açıqlanıb. Bildirilib ki, sözügedən proqramın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün sözügedən sahənin inkişafını stimullaşdırmaqdan ibarətdir. Buna nail olmaq üçün çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, çayçılıqda fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, mövcud sektorda elmi təminatın, habelə kadr potensialının daha da gücləndirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub.

Dövlət Proqramında, eyni zamanda, çay emalı potensialının artırılması, mövcud sahədə infrastruktur təminatının yaxşılaşdırılması, çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, istehsal və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi də prioritet istiqamətlər kimi nəzərdə tutulub.

Mütəxəssislər bildirirlər ki, respublikada çayçılığın dinamik inkişafı üçün hər cür şərait var. Belə ki, çay bitkisinin əkin sahələrini genişləndirməklə, intensiv becərmə texnologiyalarının tətbiqi hesabına istehsalı artırmaqla, toxumçuluq və tinglik təsərrüfatları yaratmaqla, habelə bu sahədə maddi-texniki bazanı gücləndirməklə qarşıya qoyulan məqsədi reallaşdırmaq mümkündür.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, eyni zamanda, ixracın güclənməsinə, çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcək.

Xatırladaq ki, Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulur.

Sonda qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 12 fevral 2018-ci il tarixli sərəncamı ilə  yuxarıda adıçəkilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görülməsi tapşırılıb.

Qarşıdakı dövrdə sitrus meyvə istehsalı və emalı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyevin fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalaması bunu deməyə əsas verir.

Adıçəkilən Dövlət Proqramında bildirilir ki, kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir. Buna görə də  “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, sitrus meyvələri istehsalının stimullaşdırılmasına yönəldildilib. 

Yeri gəlmişkən, respublikamızda bu sahənin inkişafı 70–80-ci illərdə sürətlənib. Bu dövrdə Lənkəran iqtisadi rayonunda aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrusçuluğu da  əhəmiyyətli dərəcədə genişləndirilib. Lakin 90-cı illərin əvvəllərində kənd təsərrüfatının digər bölmələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşanıb, sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanılıb.   

Rəsmi statistik məlumatlara əsasən, ölkəmizdə sitrus meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlayıb, 2000-2008-ci illər ərzində azalma nisbətən səngiyib, 2009-cu ildən etibarən isə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olub. 

Ötən il ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil edib, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılıb. 2017-ci ildə ölkəmizə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilib. 

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli sərəncamı sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli mühit yaradıb. 

“Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” isə mövcud sahədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsinə, istehsal edilən məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin, habelə maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmağa əlverişli şərait yaradacaq.

Bu məqsədlə qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün sitrus meyvəçiliyinin inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, sitrusçuluq sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması, elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, sitrus meyvəçiliyi sahəsində fəaliyyət göstərən kiçik ailə-kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi nəzərdə tutulur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında