Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək

Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək. Buna görə də Azərbaycan sahibkarları prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

bu fikirləri fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda deyib.

İki yüzdən çox sahibkarın iştirak etdiyi konfransda konfederasiyanın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaradıb, Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Məmməd Musayev deyib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, regionların iqtisadi potensialından istifadənin səmərəliliyinin artırılmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, məşğulluğun təmin edilməsində sahibkarlığın rolu böyükdür və özəl bölmənin iqtisadi inkişafda önəmi artır.

“Dövlətimizin başçısının siyasətinə həmişə sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə də keyfiyyətcə öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcək. Bütün bunları nəzərə alaraq, çoxminlik Azərbaycan sahibkarları adından cari il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyimizi bildirirəm”, - deyə M.Musayev vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub. Dövlətimizin başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, regionlarda infrastrukturun müasirləşdirilməsi, sahibkarlığın maliyyə təminatının artırılması, dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.

Komitə sədri diqqətə çatdırıb ki, hər il Azərbaycanın iqtisadiyyatı daha da möhkəmlənir, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş verir, ölkədə vətəndaş həmrəyliyi güclənir. Bütün bunlar Azərbaycan Prezidentinin apardığı düşünülmüş siyasətin hesabına formalaşıb.

Xalqın qarşıdakı seçkilərdə düzgün mövqe tutacağına əminliyini ifadə edən Z.Səmədzadə hər bir şəxsi Azərbaycanın gələcəyi, onun qüdrətinin artması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə səs verməyə çağırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı İlham Əliyevin sahibkarlığın inkişafına böyük önəm verdiyini, ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu vurğulayıb. Bildirib ki, yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılmasında özəl bölmənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu baxımdan, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində həmkarlar təşkilatları ilə yanaşı, sahibkarlar da maraqlı olmalıdırlar.

“Azərbaycan xalqının sosial-iqtisadi həyatındakı uğurlar dövlətimizin başçısının apardığı siyasətin, həyata keçirdiyi strategiyanın nəticəsidir. Xalqımızın xoşbəxt, firavan gələcəyini görmək istəyiriksə, prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməliyik”, - deyə Səttar Möhbalıyev qeyd edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət bu gün öz bəhrəsini verməkdədir. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafından asılıdır. Ölkədə sahibkarların fəaliyyətinə dəstək olan bir çox layihələr həyata keçirilir, subsidiyalar verilir, vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin həqiqətən də sahibkarların dostu olduğunu göstərir. Bu səbəbdən aprelin 11-də dövlətimizin başçısı İlham Əliyevə səs verib Azərbaycanın uğurlu gələcəyi üçün çalışmağa davam edəcəyik.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ölkə rəhbərliyinin bank sektorundakı siyasətinə toxunub. O deyib ki, 14 ildə Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb. Həmin dövrdə kredit portfelinin həcmi 19 dəfə, bank sektorunun depozit bazası 28 dəfə, əhalinin əmanətləri isə 30 dəfəyə yaxın artıb. Ümumilikdə kapitalın həcmində 20 dəfəyə yaxın artım müşahidə olunub. 188 milyon manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 milyard manata çatıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf layihələrinin uğurla davam etdirilməsinə imkan yaradacaq. Özündə 16 mindən artıq intellektual seçicini birləşdirən bank icmasının təmsilçisi olaraq Azərbaycan Banklar Assosiasiyasının adından İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyini dəstəkləyirik”, - deyə Z.Nuriyev vurğulayıb.

Tikinti Materialları İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov tikinti sektorunda görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Qeyd edib ki, dövlətimizin başçısının sahibkarlar üçün yaratdığı şərait, sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərmanlar bu layihələrin həyata keçirilməsinə böyük stimul verib. Bunları nəzərə alan sahibkarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və seçkilərdə hər birimiz bu dəstəyi nümayiş etdirməyə hazırıq.

“CTS-Aqro” MMC-nin direktoru, ASK-nın vitse-prezidenti Zakir Əzimov bildirib ki, 2018-ci ildə 35 hektar ərazidən 70 min ton pambıq istehsalı nəzərdə tutulub. Qarşıdakı illər ərzində isə bu rəqəmin 100 min tona çatdırılması planlaşdırılır. Z.Əzimov MMC-nin kollektivi adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini söyləyib.

Azərbaycan Türk İş Adamları Birliyinin idarə heyətinin sədri Camal Yanğın, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ASK-nın rəyasət heyətinin üzvü Abdulbari Gözəl, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, Mebel İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri Məşhur Məmmədov çıxış edərək Azərbaycan Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər. Bildiriblər ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək, Azərbaycanın uğurlu gələcəyi naminə səs verəcəklər.

Konfransın sonunda bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, bu gün ölkəmizin siyasi nüfuzuna və iqtisadi qüdrətinə arxalanan iş adamları ölkə daxilində və xaricində uğurla fəaliyyət göstərirlər. Görülmüş tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çoxdur, məşğulluqda isə 75 faizi ötüb. Dövlətimizin başçısının müxtəlif tədbirlərdə, ölkəmizin şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcək. Danılmaz faktdır ki, bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan Respublikasının  milli iqtisadiyyat perspektivi üzrə Yol Xəritəsinə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü işlər görülür. Bu siyasətin davamı olaraq, hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi barədə Sərəncam da  sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan verib.

Bəyanat bu fikirlərlə yekunlaşır: “Biz - “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransın iştirakçıları cəmiyyətin fəal hissəsini təşkil edən çoxminlik sahibkarlar adından dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə onun şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini dəstəklədiyimizi bəyan edirik”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında