Şimal-Cənub nəqliyyat dəhlizi də Ermənistandan yan keçəcək

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Buşəhr və Mazandaran bölgələrinə səfər edib. Bölgələrin rəhbərləri ilə görüşən səfir İran ilə Ermənistanın iqtisadi əlaqələrinin inkişafının zəruriliyindən danışıb. Ümumiyyətlə, son zamanlar Ermənistan rəsmilərinin İranla iqtisadi əlaqələrin yüksəlməsi ilə bağlı bəyanatları çoxalıb. İş o yerə çatıb ki, İrandakı erməni kilsəsinin Şərqi Azərbaycan üzrə nümayəndəsi Qriqor Çiftçiyan da İran və erməni xalqlarının dostluğundan dəm vurub və hətta bu ölkədə yaşayan erməniləri fevralın 11-də İran İslam İnqilabının 39-cu ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak etməyə çağırıb. Sankı İran dövləti ermənilərə möhtacdır.

Ermənilərin belə fəallaşması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, son illər İran-Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yüksələn xətlə inkişaf edir. Böyük dövlətlərin əlində alətə çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan, ilk növbədə, milli mənafelərə uyğun siyasət yeridir. Azərbaycan-İran əlaqələrinə gəlincə, yüksələn xətlə inkişaf edən əməkdaşlıq özünü bütün aspektlərdən doğruldaraq, hər iki tərəfə fayda verməkdədir. Faktlara nəzər salsaq qarşılıqlı münasibətlərin real mənzərəsini daha aydın görə bilərik.

Son 3 ildə Azərbaycan və İran prezidentləri 10 dəfə görüşüb. Diplomatik mənbələrin verdiyi məlumata görə, cari ilin martında İran Prezidentinin Azərbaycana növbəti rəsmi səfəri gözlənilir. Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası olub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 2,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan şirkətləri də İranda aktiv fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 70 faiz artıb.

Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdə qüvvəyə minib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq yüklə dolu ilk qatar Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycan ərazisindən keçməklə İranın Astara şəhərinə yetişib. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb. Prezident İlham Əliyevin göstərişi ilə rəsmi Bakı bu layihənin yekunlaşması üçün İrana 500 milyon dollar güzəştli kredit ayırıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında müştərək avtomobil istehsalı zavodunun, 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub.

Bütün bunlar İranın praqmatik siyasət yürütdüyünü, region dövlətlərinin iqtisadi vəziyyətini və imkanlarını düzgün qiymətləndirdiyini deməyə əsas verir, eyni zamanda, Ermənistanı ciddi şəkildə narahat edir. Çünki bu ölkənin İranla birlikdə həyata keçirməyə çalışdığı layihələrin hamısı kağız üzərində qalıb. İrandan Ermənistana dəmir yolu və avtomobil yollarının çəkilişi baş tutmadı. Bu layihələri həyata keçirmək üçün Ermənistanın nə maliyyə imkanları var, nə də siyasi iradəsi. Ölkənin dəmir yollarını başqa dövlət idarə edir. Avtomobil yolu isə Ermənistandan keçməklə İranı Rusiya ilə birləşdirə bilməz. Çünki Ermənistanın Rusiya ilə ümumi sərhədi yoxdur.

Bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İran Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında Azərbaycan İtaliyadan sonra ikinci yeri tutur. Ölkəmiz həmin müddətdə İrandan 302 milyon 128 min dollarlıq məhsul idxal edib. Ermənistan bu göstəriciyə görə Azərbaycandan qat-qat geri qalır - cəmi 160 milyon dollar. Halbuki əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də son dərəcə aşağı düşdüyündən xəbər verir.

Özünün işğalçılıq siyasətinin əsirinə çevrilən Ermənistanın çıxış yolları tükənib. Odur ki, Ermənistan səfirinin İranın bölgələrini gəzərək, sözün əsl mənasında, imdad diləməsindən də bir nəticə hasil olmayacaq. Ermənistan İranın iqtisadi potensialından istifadə etməyə, rəsmi Tehranın diqqətini Azərbaycandan yayındırmağa cəhd göstərir. Lakin artıq çox gecdir. Necə deyərlər, qatar gedib. Əgər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğaldan azad etməsə, vəziyyəti daha da pisləşəcək.

Bu məqamda Prezident İlham Əliyevin fevralın 8-də Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışını xatırlatmaq yerinə düşər. Ermənistanın öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, həm də Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub nəqliyyat dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir”.

Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında