Azərbaycanda torpaqların kadastr uçotu hazırlanır

Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli fərmanı ilə ölkəmizdə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları təsdiq edilib. Əmlak Məsələləri Dövlət Komitəsi həmin fərmanın icrası məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Belə ki, hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması işi aparılır.

Komitənin mətbuat xidmətindən aldığımız  məlumatda bildirilir ki, elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması zamanı sahəvi geodeziya işləri yerinə yetirilir. Ərazilərin məkan şəraitləri tədqiq olunur, inzibati ərazi dairələrinin sərhədləri xəritələşdirilir. Eyni zamanda,  vaxtilə torpaq islahatı işləri yekunlaşmamış ərazilərdə torpaq islahatları işi başa çatdırılır. Belə ki, kadastr uçotunun nəticələrinə istinad edilməklə, Xaçmaz, Siyəzən, İmişli, Beyləqan, Zaqataladan olan 4 minə yaxın payçı ilə bağlı uzun illərdən bəri mövcud olan torpaq məsələləri öz müsbət həllini tapıb. Bundan başqa yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi məqsədilə də tədbirlər həyata keçirilir.

Ötən il ərzində 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşıb, 14 rayonda isə torpaqların kadastr uçotu işləri tamamlanıb. Bundan başqa 13 rayonun hüdudları daxilində bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr də artıq tərtib edilib. 

Məlumatda, həmçinin qeyd edilir ki, təyinatından və mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmos” ASC-in kosmik imkanlarından – süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi  ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır.

Hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması çərçivəsində çöl torpaq və geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi istiqamətində işlər davam etdirilir.

Respublikada indiyədək  850 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 770 min hektara  yaxın ərazidə isə çöl geobotaniki tədqiqat işləri aparılıb. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında