“Azərbaycan Dəmir Yolları”: İqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının ödənilməsi prioritet vəzifədir

Hər bir ölkənin geosiyasi və geoiqtisadi gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir.

Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbət zamanı yuxarıdakı fikri davam etdirərək dedi:

– Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı möhtərəm İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.

Ölkə Prezidenti tərəfindən həyata keçirilən iqtisadi islahatlar Azərbaycan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 13-nü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis etməsi isə bu sahəyə dövlət səviyyəsində olan qayğı və diqqətin bariz göstəricisidir.

Bu gün inamla deyə bilərik ki, cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə mühüm uğurlar əldə olunub.

(QSC-nin rəhbərliyində həyata keçirilən dəyişiklik də bir daha göstərdi ki, cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir.)

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin olunması sözügedən sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, dəmir yolu sisteminin ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirilməsinə, habelə dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.

Ötən müddətdə bu qurumun tarixində ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qısa müddətdə ümumilikdə 500 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb. 

“Azərbaycan Dəmir Yolları”nın lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılıb. Yük və sərnişin lokomotivlərinin, teplovozların, elektrovozların, müxtəlif təmayüllü yük vaqonlarının alınması ilə bağlı əməli tədbirlər həyata keçirilib.

Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.

Azərbaycan dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində QSC tərəfindən son iki il ərzində görülən işlərin bir qisminə nəzər salaq. Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər.

Xatırladım ki, uzun illər istismar və baxımsızlıq üzündən vağzal binası görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verildi. Vağzal binasında milli ornamentlərə uyğun yenidənqurma həyata keçirildi.

Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən quruldu, binanın daxilində əsaslı təmir işləri görüldü. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olundu, eskalatorlar yenisi ilə əvəzləndi. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırıldı. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradıldı, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verildi. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradıldı.

Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” yerləşir. Burada qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən hər bir sərnişinə xidmət göstərilir.

Bank və notariat xidmətlərinin də təşkil edildiyi “ASAN kommunal”da könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb.

Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Yeri gəlmişkən, möhtərəm Prezidentimizin tapşırığı əsasında regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün səyyar “ASAN qatar” konsepsiyasının reallaşması ilə bağlı da bir neçə kəlmə demək istərdim. “ASAN qatar” ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara səmərəli xidmət göstərir.

Qeyd edim ki, səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə ­çıxarışların, texniki pasportların verilməsi və s. daxildir.

“Azərbaycan Dəmir Yolları”nda işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məsələn, son iki il ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə QSC rəhbərliyi tərəfindən 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların gələcəkdə də mənzillərlə təmin olunması nəzərdə tutulur.

QSC-nin inzibati binasında da əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. 1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Burada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar ən müasir mebel və avadanlıqla təchiz olunub. Qatarların hərəkəti onlayn və GPS sistemləri ilə izlənilir.

Binada ən müasir işıqlandırma sistemi qurulub. Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada, eyni zamanda, beynəlxalq standartlara cavab verən yanğın təhlükəsizliyi və mühəndis kommunikasiya sistemləri tam şəkildə yenilənib. Ətraf ərazilərdə əsaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən son iki ildə digər sahələrdə də yenidənqurma tədbirləri həyata keçirilib. Əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilən Bakı–Zabrat–Sumqayıt sərnişin dəmir yolu istiqamətində işlər mərhələ-mərhələ aparılır.

Bu yol istifadəyə verildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qalxacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.

“Azərbaycan Dəmir Yolları” respublikadaxili digər dəmir yollarının təmirini də xüsusi diqqətdə saxlayır. 2015-ci il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidənqurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətlər qrupu arasında “Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihə əsasında indiyə kimi dəmir yolunun böyük bir hissəsi əsaslı təmir olunub.

Bu gün Dəmir Yollarının tabe müəssisələrinin texniki cəhətdən yenilənməsinə də xüsusi əhəmiyyət verilir. Fikrimin təsdiqi kimi diqqəti bir məqama yönəltmək istərdim. Dəmir yollarının əsaslı təmir olunan hissələri uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Bu iş isə “Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının kollektivi həyata keçirir.

Müəssisənin bazasının gücləndirilməsi istiqamətində indiyədək bir sıra layihələr həyata keçirilib, burada yeni texnoloji xətt istismara verilib.

Yeri gəlmişkən, polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var və bundan əldə edilən iqtisadi səmərə getdikcə artır. Belə ki, 25 metrlik relsləri bağlayan yanlıqlara, yanlıqların bolt və qaykalarına ehtiyac qalmır. Relslərin ucları sınmadığı üçün istismar müddəti uzanır. Vaqonların təkərlərinə və oxlarına düşən zərbələr, müqavimət olmadığı üçün enerji sərfiyyatı, ətraf mühitə vibrasiya və səs təsiri azalır. Hərəkət sürəti artır və sərnişinlərin rahatlığı təmin olunur. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması da mühüm önəm daşıyır. Bu məsələni zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması qədim İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.

Ölkə dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasından danışarkən, əvvəlcə Azərbaycan-İran dəmir yolu xəttinin tikintisinə diqqət yetirək. Hər iki ölkənin gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti müştərək şəkildə uğurla inşa olunur.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Hindistanı Fars körfəzi ilə, bu körfəzi isə Finlandiya ilə birləşdirəcək. Bu yol İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə digər yollara nisbətən daşınan malları mənzil başına 26 gün tez çatdıracaq.

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istismara verildikdən sonra Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha çox həcmdə ixrac əməliyyatının həyata keçirməsinə imkan yaradacaq. Azərbaycan üzərindən malların tranzit olaraq keçməsi isə onu deməyə əsas verir ki, rəsmi Bakı strateji xətti düzgün müəyyən edib. Rəşt-Astara dəmir yolunun çəkilişi üçün Azərbaycan Prezidentinin göstərişi ilə İrana 500 milyon dollar kreditin verilməsi qeyri-neft sektoruna yatırılan sərmayədir. Yaxın gələcəkdə dövlət büdcəsinə həm kreditin faizi, həm də istismara veriləcək Rəşt-Astara dəmir yolu ilə həyata keçiriləcək ixrac əməliyyatından əldə edilən tranzit gəlirlər daxil olacaq.

Ötən il ölkəmizin həyatında baş verən tarixi bir hadisəni də xatırlatmaq istərdim. Bu, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsidir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bununla bağlı deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir”.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı onu da xatırladım ki, Türkiyə ilə Qafqaz və Orta Asiya ölkələri arasında dəmir yolu əlaqəsi 1993-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi səbəbindən kəsilib. Belə ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə düşmən ölkə ilə sərhədlərini bağlayan Türkiyənin Qafqaz və Orta Asiyanın dəmir yolu əlaqələri də dayanıb. Bu baxımdan təməli 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi mühüm önəm daşıyır. Qərb ölkələrinin “Ermənistanı təcrid edir” iddiasını ortaya ataraq maliyyələşdirilməsində iştirak etmədiyi bu layihə artıq üç ölkənin maliyyə imkanları ilə reallaşıb.

Sözügedən layihənin ən mühüm iqtisadi və strateji nəticələri barədə bir qədər ətraflı danışmaq istərdim. Belə ki, bu layihənin tamamlanması ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşib və “Dəmir İpək yolu” adlanan dəmir yolu şəbəkəsi fəaliyyətə başlayıb. Layihə “Marmaray” layihəsilə birlikdə Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, Xəzər dənizindən keçən dəmiryolu-bərə xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana bağlanmasını, Avropa və Türkiyənin Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmir yolu əlaqəsini təmin edib. Bu isə Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsini dəmir yolu ilə təmin etməklə nəqliyyat xərclərinin aşağı salınmasına müsbət təsir göstərib. Nəticədə İpək yolu üzərində yerləşən iqtisadiyyatların inkişafında yeni mərhələ başlanıb.  

Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və bu ölkələrə mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaq. Əvvəllər Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadiyyatlar, indi isə dəmir yolu şəbəkələrilə daha da sürətlənəcək. Layihə adları çəkilən dövlətlərin iqtisadi inteqrasiyasına xidmət etməklə bərabər, eyni zamanda, ayrı-ayrılıqda hər bir ölkəni müəyyən iqtisadi mənfəətlə təmin edəcək.

Burada bir məqamı da xatırlatmaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialar irəli sürən Ermənistanın geosiyasi və geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə azaltmaqla yanaşı, eyni zamanda, onun Cənubi Qafqazda daha da zəifləməsinə gətirib çıxaracaq.

Nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında