Bakı şəhəri üzrə əhalinin 81,5 faizi fasiləsiz içməli su ilə təmin olunub. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu barədə “Azərsu” ASC-də 2017-ci ilin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2017-ci ildə “Azərsu” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Hesabat dövründə 1366 kilometr magistral və şəbəkə su xətləri, 382 kilometr kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda – 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.
“Azərsu” ASC-nin sədri 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb. “2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy, Şamaxı və Qobustan şəhərlərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub.
2017-ci ilin martında I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.
Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş iclasda ətraflı müzakirə olunub. Səhmdar Cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib ki, 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramları bölgələrin inkişafına, əhalinin sosial rifahının gücləndirilməsinə yeni imkanlar açıb.
Dövlət başçısının hər bir yaşayış məntəqəsinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilir. Ötən müddətdə bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da su şəbəkələrinin inşası uğurla başa çatıb. Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi yaradılıb, 1390 kilometri magistral olmaqla 9230 kilometr su kəmərləri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən artıq subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına xidmət göstərilən abonentlərin sayı 60 faizdən çox artaraq 1 milyon 410 minə çatıb, sayğaclaşma səviyyəsi 77 faizə çatdırılıb.
Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 6,6 kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa olunub. Aran bölgəsi sakinlərinin içməli suya olan tələbatını ödəmək üçün 107 kilometr uzunluğunda Şirvan-Muğan, 62 kilometr uzunluğunda Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Külüllü mənbəyində yaradılmış və məhsuldarlığı saniyədə 450 litr olan sugötürücü qurğu rayon mərkəzləri və ətraf kəndləri keyfiyyətli su təminatında müstəsna əhəmiyyət daşıyıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində 535 kilometr su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da içməli sudan əziyyət çəkən kənd əhalisi keyfiyyətli içməli suya çıxış imkanı əldə edib.
Sonra “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, İqtisadiyyat və uçot idarəsinin rəisi Yaşar Kəlbiyev, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov müvafiq sahələr üzrə görülmüş işlər barədə hesabatla çıxış ediblər. Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli “Azərsu” ASC-nin 2018-ci il üçün Tədbirlər Planından irəli gələn vəzifələr barədə məlumat verib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində işlər 2018-ci ildə sürətlə davam etdiriləcək. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq başlanılan layihələrin davam etdirilməsi, içməli sudan əziyyət çəkən kəndlərdə, həmçinin Qazax şəhərində yeni layihələrin, 12 şəhərdə tullantı sutəmizləyici qurğuların inşasına başlanılması nəzərdə tutulur.
2018-ci ildə regionlarda görülən işlər çərçivəsində Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Mingəçevir, Şəmkir, Qax və Astara şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində və Bakının Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşacaq.
Əhalinin dayanıqlı və keyfiyyətli içməli su təminatı məqsədilə Bakı şəhərində yenidən qurulacaq Babək prospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. “Ağ şəhər”də, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması layihələri davam etdiriləcək. Eyni zamanda, binadaxili su təchizatı sistemlərinin yenilənməsi və sayğacların quraşdırılması davam etdiriləcək.
Müasir tələblər səviyyəsində qurulan Təlim və İnnovasiyalar Mərkəzinin yaradılması layihəsi yekunlaşacaq. Eyni zamanda, bölgələrdə suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə regional laboratoriyaların yaradılması və komplektləşdirilməsi işləri həyata keçiriləcək.
“Azərsu” ASC-nin sədri verilən tapşırıqların layiqincə yerinə yetirilməsi, qarşıya qoyulmuş hədəflərə nail olunması ilə bağlı göstərişlər verib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.