Regionların sosial-iqtisadi inkişafı yeni mərhələdə

Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmışdır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatları dünya birliyi yüksək qiymətləndirir. Beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq – iqtidar birliyidir. Bu uğurların əldə edilməsində həyata keçirilən regional siyasət öz müsbət təsirini ciddi şəkildə göstərmişdir.

Yeri gəlmişkən, xatırladaq ki, bazar iqtisadiyyatının formalaşması və qlobal iqtisadiyyata keçid prosesində regional təsərrüfat sistemləri milli iqtisadiyyatın ən mürəkkəb ünsürlərindən biri kimi dəyərləndirilir. Ayrı-ayrı regionların təbiəti, mövcud sosial-iqtisadi strukturlar, istehsal münasibətləri, əsaslı islahatların nəticələri hər bir bölgədə fərqli və bənzərsizdir. Ona görə də ölkənin müxtəlif inkişaf mərhələlərində dövlətin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətləri müəyyən edilərkən regionların özəllikləri diqqətlə öyrənilir və nəzərə alınır. Regional subyektlərlə bağlı dövlət siyasəti ölkənin tarazlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Bu problemin öyrənilməsinin zəruriliyi onun ümumi əhəmiyyəti ilə yanaşı, həm də çağdaş aktuallığı ilə şərtlənir. Hər şeydən əvvəl, dünya təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində regional iqtisadi sistemlər yalnız bazarın özünütənzimləməsi əsasında fəaliyyət göstərməklə inkişaf edə bilməz. Keçmişin acı təcrübəsi göstərir ki, regionların inkişafına dövlətin, mərkəzi qurumların seyrçi münasibəti qaçılmaz sosial, iqtisadi, ekoloji problemlərə  gətirib çıxarmışdır. Bu səbəbdən də regional inkişafın idarə edilməsi dünyanın əksər ölkələrində dövlətin ayrılmaz funksiyalarından birinə çevrilmişdir.

Müstəqil Azərbaycan dövləti də tərəqqi və yeniləşmə yoluna qədəm qoyarkən regional inkişafın idarə olunmasının yeni və daha təsirli mexanizmilərinin axtarılması zərurəti ilə qarşılaşmışdır. Lakin bazar iqtisadiyyatı şəraitində ölkənin və ayrı-ayrı bölgələrin xüsusiyyətlərini nəzərə almadan regional inkişafın idarə olunması sahəsində elmi əsaslandırılmış tövsiyələr işləyib hazırlamaq, regional inkişafın səmərəli idarə olunmasını təmin etmək olmaz. Bundan əlavə, regional inkişafın idarə olunması strategiya, texnologiya və mexanizmlərinin işlənib hazırlanması müasir dövrdə regional iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının əsas amilinə çevrilmişdir.

Regional inkişafın idarə olunmasının səmərəliliyini təmin etmək və iqtisadi artıma nail olmaq üçün, əvvəla, regionun sosial-iqtisadi inkişaf dinamikasını müəyyənləşdirən bütün imkanlar kompleksi təhlil olunmalı və onlardan bacarıqla istifadə edilməli, səmərəli idarəetmə təşkil edilməlidir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində mərkəzi, regional və yerli hakimiyyət orqanlarının hüquqları, səlahiyyət və məsuliyyətləri əhəmiyyətli dərəcədə dəyişdirilmiş və artırılmışdır.  Bu isə regional sistemlərin idarə olunmasında yeni metodlardan istifadə olunmasına zərurət yaratmışdır. Müasir şəraitdə regional inkişafın yalnız bir mərkəzdən idarə olunması praktikası artıq özünü doğrultmur.

Yerlərdə dövlət hakimiyyət orqanları ilə yanaşı, regional inkişafa təsir etmək imkanı olan demokratik hakimiyyət və idarəetmə institutlarının – bələdiyyələrin, özəl sektorun, ictimai təşkilatların, fondların və digər özünüidarəetmə strukturlarının fəaliyyəti aktivləşdirilməlidir. Onların maraqlarının razılaşdırılması yolu, regional siyasətin formalaşdırılması və regional inkişafın idarə olunması prosesinə cəlb olunması mexanizmlərinin işlənib hazırlanması və tətbiqi istiqamətləri elmi cəhətdən əsaslandırılmalıdır.

Bunlardan başqa, regional siyasətin aktivləşdirilməsi ölkənin və onun regionlarının dayanıqlı inkişaf konsepsiyasına keçməsi ilə  şərtlənir. Dayanıqlı regional inkişafla bağlı problemləri isə yalnız bazar iqtisadiyyatının qanunauyğunluqlarını nəzərə alan, möhkəm nəzəri əsaslara, dünya təcrübəsinin hərtərəfli təhlilinə əsaslanan səmərəli regional idarəetmə sisteminin həyata keçirilməsi yolu ilə həll etmək mümkündür. Bu məsələ qloballaşma amilinin də diqqətlə öyrənilərək nəzərə alınmasını tələb edir.

Müasir dövrdə həyatın bütün sahələrinə qloballaşmanın öz təsirini göstərməsi nəticəsində artan iqtisadi rəqabət prosesi ölkələrin inkişafı yolunda bir sıra imkanlar yaratmaqla yanaşı, təhlükələrə də yol açmışdır. Eyni zamanda, mövcud təhlükələrin imkanlara çevirməsinin fərqli inkişaf modelləri ilə mümkün ola biləcəyi də artıq dərk edilmişdir. Bu prosesdə yer alan lokallaşma amillərinin təsiri ilə regional inkişaf siyasətinin də dəyişikliyə uğraması özünü göstərir.

Qlobal rəqabətdə şəhərlər və regionlar rəqib  vahidlər kimi mühüm rol oynadığı üçün artıq əhatəli, mərkəzi siyasətdən strateji, lokal xəttə keçid prosesi də baş verməkdədir. Qloballaşmanın təsiri altında bütün dünyada özünü göstərən regional siyasətə yeni yanaşma tərzinə konfransda aydınlıq gətirən  dövlət başçısı İlham Əliyevin söylədiyi kimi,  bölgə subyektlərin inkişafına yüksək diqqət verilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətindən birini təşkil edir.

Doğrudan da, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin  milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş,  iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.

Son 14 ildə bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.

Üçüncü regional inkişaf proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans bir daha göstərdi ki, bu irimiqyaslı dövlət sənədinin uğurla gerçəkləşdirilməsi bölgələrimizin iqtisadi potensialının artmasına, infrastruktur tәminatının,  kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərir, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilən mәqsәdlәrә çatmasına әhәmiyyәtli töhfә verir.

Prezident İlham Əliyev bu ümumrespublika toplantısında  vurğuladı ki, bizim məqsədimiz bu proqramları ardıcıl, maneəsiz icra etməkdir. Ancaq əsas hədəfimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq. Və bu siyasəti bütün dünya birliyi dəstəkləyir.

Göründüyü kimi, son 14 ildə bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması, uğurlu regional siyasət nəticəsində  Azərbaycanın dünyada nüfuzu daha da artmışdır. Bütün bunlar isə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.

Dünyamalı VƏLİYEV, 
AMEA-nın Şərqşünaslıq İnstitutunun  şöbə müdiri, 
iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında