Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Regionların tarazlı və yüksək inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindəndir. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq ölkəmizdə regionların inkişafı ilə bağlı mühüm dövlət proqramları icra olunur. Bunun da nəticəsində ötən müddətdə regionların sosial-iqtisadi inkişafında ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürətli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, müntəzəm olaraq bölgələrə səfər edir. Həmin səfərlər çərçivəsində yerlərdə görülmüş işlərlə yaxından tanış olan dövlət başçısı sakinlərin də rəyini nəzərə alır, onları narahat edən məsələlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yuxarıda qeyd edilənlər barədə dövlətimizin başçısı İlham Əliyev ətraflı məlumat verib. Ölkə rəhbəri giriş nitqində 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqının ona etimad göstərəcəyi halda, ilk növbədə, regionların problemləri ilə məşğul olacağını bəyan etdiyini xatırladıb: “Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Azərbaycan Prezidenti ötən müddət ərzində ölkəmizin şərəfli bir yol keçdiyini, bütün sahələrdə böyük uğurlara imza atıldığını, beynəlxalq nüfuzunun artdığını, reallaşdırılan siyasi-iqtisadi islahatların dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bütün bunlarla bərabər nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycanın qabaqcıl yerlərdə olmasını, ölkəmizdə təhlükəsizliyin, sabitliyin təmin edilməsini vurğulayıb. Respublikada sabitliyin mənbəyi isə xalqımızın iradəsi, xalq-iqtidar birliyi olub.
Dövlətimizin başçısı daha sonra deyib: “Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi”.
Prezident İlham Əliyev nitqində ötən 14 il ərzində xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktik addımlar atıldığını, həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayandığını, eyni zamanda, ölkəmizin daha da gücləndirilməsinin, dövlətimizin qüdrətini artırılmasının, müstəqilliyimizin möhkəmləndirilməsinin əsas strateji məqsəd, hədəf olduğunu qeyd edib.
Konfransda son 14 il ərzində regional inkişaf proqramlarının icrasının uğurlu nəticələrinə də diqqət yetirilib. Bildirilib ki, bu proqramların həyata keçirilməsinə ilk növbədə, infrastruktur layihələrinin reallaşdırılması ilə başlanılıb. Bu məqam inkişafın əsası kimi daim diqqətdə saxlanılıb. Elektrik təsərrüfatına böyük həcmdə investisiya qoyulub. Həmin müddətdə generasiya gücü 2500 meqavata bərabər 30 elektrik stansiyası tikilib. Bu isə elektrik enerjisini ixrac etməyə imkan yaradıb. Qazlaşdırmanın səviyyəsi 2004-cü ildəki 51 faizdən 93 faizə, fasiləsiz içməli su təminatı 26 faizdən 67 faizə çatıb. Oğuz-Qəbələ-Bakı kimi tarixi hadisə olan nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib.
Son 14 ildə kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb, dörd su anbarı--Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib. Bu nəhəng tarixi infrastruktur layihələrinin reallaşdırılması aqrar sahənin, sahibkarlığın inkişafını sürətləndirib.
Respublikada sözügedən dövrdə 12 min 300 kilometr yol salınması, 443 körpü tikilməsi insanlara rahatlıq gətirib, bölgələrin inkişafına, sənaye və kənd təsərrüfatı istehsalının artımına müsbət təsir edib.
Yeri gəlmişkən, burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Prezident İlham Əliyev regionlara səfərlərində sakinlərlə görüşərkən onları diqqətlə dinləyir, rəylərini nəzərə alır. Məhz bu görüşlər zamanı qaldırılan məsələlərə həssaslıqla yanaşan dövlət başçısı paytaxta qayıdan kimi bununla bağlı müvafiq sərəncamlar imzalayır, əlaqədar təşkilatlara konkret göstərişlər verir. Səfərlərin məntiqi nəticəsi olaraq imzalanan sərəncamlar da bu fikri bir daha təsdiq edir. Bununla əlaqədar Prezident İlham Əliyev konfransda bu barədə bildirib: “Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəldi. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.
Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.
Konfransda 14 il ərzində əldə edilən və ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərən digər iqtisadi göstəricilərə də nəzər salınıb. Bu dövrdə iqtisadiyyatın 3,2 dəfə, qeyri-neft iqtisadiyyatının 2,8 dəfə, sənayenin 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artması xatırladılıb.
Prezident İlham Əliyev valyuta ehtiyatları ilə bağlı məsələyə diqqət yönəldərək deyib: “Buna görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.
Konfransda 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulması, 1,9 milyon iş yerinin yaradılması, onlardan 1,4 milyonunun daimi iş yeri olması xüsusi vurğulanıb. Bildirilib ki, görülən işlər nəticəsində Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib. Eyni zamanda, sosial sahəyə çox böyük diqqət göstərilib. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.
Sosial infrastrukturla bağlı böyük işlər görülüb, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.
Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılıb. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların uğurla icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.
Bu məqamla bağlı dövlətimizin başçısı konfransda investisiya siyasətinin uğurlu nəticələri barədə deyib: “On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq”.
Son illər ərzində ictimai xidmətlər sahəsində mühüm tədbirlər reallaşdırılıb. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş olub. Ötən beş il ərzində həmin mərkəzlərdə 20 milyona yaxın müraciətə baxılıb. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılıb, institusional tədbirlər görülüb.
Ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək üçün böyük addımlar atılıb. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır”.
Konfransda ölkəmizdə reallaşdırılan nəhəng nəqliyyat və energetika layihələri barədə də söhbət açılıb. Ötən müddətdə 7 aeroport tikilməsi, bununla da ölkəmizə turist axınının sürətlənməsi, müasir gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Ələt Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı respublikamızın ərazisində bütün məsələlərin qısa müddət ərzində yoluna qoyulması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisinin iqtisadiyyata böyük valyuta axınını gerçəkləşdirməsi qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Bu, mümkün olmazdı. Heç kim də bizim neft-qaz yataqlarımıza vəsait qoymazdı, əgər bunun ixrac imkanı yoxdursa. Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Ona görə bu kəmərlər mütləq tikilməli idi və çox ağır şəraitdə, təzyiqlər şəraitində tikildi, bizə qarşı kampaniyalar aparılırdı. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün antiazərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də olmazdı. “Cənub” qaz dəhlizi – dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı. Təsəvvür etmək o qədər də çətin deyil.
Ona görə bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır”.
Dövlətimizin başçısı konfransda söylədiyi yekun nitqində sosial infrastrukturun daha da yaxşılaşdırılması, təhsil, səhiyyə sahələrində islahatların sürətləndirilməsi, meliorasiya tədbirlərinin, məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisinin davam etdirilməsi, özünüməşğulluq proqramını daha da böyük həcmdə icrası ilə bağlı fikirlərini bildirib, zəruri tapşırıqlarını verib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.