Davosda Azərbaycan və Microsoft korporasiyasının tərəfdaşlıq perspektivləri müəyyənləşdirilmişdir

Artıq 40 ildir ki, Ümumdünya İqtisadi Forumu dünyanın nüfuzlu şəxslərini İsveçrənin Davos şəhərində bir araya gətirir. Bu dəfə də 2011-ci ilin ən mühüm hadisəsinə çevrilən, sayca 41-ci olan Davos Forumunda dövlət başçıları və biznes liderləri bir araya gəldilər. Qeyd edək ki, əsasən qeyri-formal şəkildə keçirilən həmin müzakirələr siyasət və iqtisadiyyatda əsas istiqamətləri müəyyənləşdirir və ənənəvi olaraq ilin əsas problemlərini gündəmə çıxarır.
Prezident İlham Əliyev səfər çərçivəsində dünyanın tanınmış şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Həmin görüşlərdə qlobal böhrandan sonra əvvəlki vəziyyətinə dönməkdə olan dünyanın yeni iqtisadi reallığının elementlərinə toxunuldu.Bu istiqamətdə əsas iqtisadi trendlərdən biri də Azərbaycan və Microsoft şirkəti arasında hər iki tərəf üçün əlverişli əlaqələrin daha da inkişafı məsələsidir. Belə ki, 2011-ci ilin yanvar ayının 27-də Davos Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Microsoft korporasiyasının vitse-prezidenti və Microsoft İnternational şirkətinin prezidenti Jan-Filipp Kurtua ilə görüşdü. J.Kurtua ölkəmizdəki fəaliyyətinin daha da genişləndirilməsində Microsoftun marağını bir daha qeyd etdi.
Hazırda Azərbaycan Qafqazın regional liderinə çevrilmiş və bir çox sahələrdə nəzərəçarpan artım nümayiş etdirir. Bu fakt uzunmüddətli sərmayələrin həm sənayenin, həm də insan resurslarının inkişafının cəlbinə müsbət təsir göstərdiyini təsdiqləyir. Bu cür investisiyaların cəlbi məqsədilə əlverişli mühitin yaradılması üçün əqli əməyin layiqincə mükafatlandırılmasını və əqli mülkiyyətin qorunması üzrə alətlərin yaradılmasını təmin etmək zəruridir. Bununla əlaqədar olaraq J. Kurtua vurğuladı ki, hazırda Azərbaycanda proqram təminatının leqallaşdırılması məsələsinə böyük diqqət yetirilir:"Microsoft Enterprise Agreement" korporativ lisenziyalaşdırma proqramı isə dövlət qurumlarında və iri şirkətlərdə bu cür dəyişikliklər üçün rahat bir alətdir. "Enterprise Agreement" razılaşmasını imzalayan və lisenziyalı proqram təminatının istifadəsinə keçən qurumlar arasında Rabitə və İnformasiya Texnologiyaları və İqtisadi İnkişaf nazirliklərinin, bir sıra iri kommersiya təşkilatlarının, həmçinin Azərbaycanın aparıcı banklarının adları var.
J. Kurtuanın fikrinə əsasən informasiya-kommunikasiya texnologiyalarının inkişafı və Microsoft korporasiyasının fəaliyyətinin genişləndirilməsi üçün əla imkanlar var.Belə bir şəraitdə Azərbaycanda dövlət sektorunun tam leqallaşdırılmış proqram təminatına keçidi üçün bütün şərtlər mövcuddur. Bu, həmçinin, Microsoftun bilavasitə iştirak etdiyi "Elektron hökumət" layihəsinin yüksək templərlə həyata keçirilməsindən irəli gəlir. Belə ki, məsələn, Microsoft korporasiyasının bilavasitə iştirakı ilə yaradılan elektron-rəqəmli imzanın verilməsi üçün nəzərdə tutulan infrastrukturun istismara hazırlanması mərhələsi artıq yekunlaşmaq üzrədir.
Jan-Filipp Kurtua həmçinin korporasiyanın ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. O, Azərbaycan Respublikası Prezidentinin neftdən gələn gəlirləri insan kapitalına çevrilməsi istiqamətində apardığı siyasətin mühümlüyünü, həmçinin ölkənin təhsil sisteminin inkişafına böyük sərmayələrin yatırılmasının vacibliyini göstərdi. Jan-Filipp Kurtua Microsoftun Azərbaycanın təhsil sahəsində bir sıra perspektiv layihələrin həyata keçirməsini də vurğuladı. Bunlardan biri Təhsil Nazirliyi ilə birgə reallaşdırılan " innovativ müəllimlər müsabiqəsi"dir. Sözügedən müsabiqənin məqsədi tədris prosesində ən son texnologiyaları geniş şəkildə tətbiq edən müəllimlərin aşkarlanmasıdır. Müsabiqənin qalibləri Almaniya və CAR-da keçirilmiş dünya innovativ müəllimlər forumlarında iştirak etmişlər. Microsoft həmçinin 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının və "Xalq kompyuteri" layihəsinin reallaşdırılmasında iştirak edir. Həmin perspektiv layihənin məqsədlərindən biri Azərbaycanda şagird-kompyuter nisbətini "1:1" səviyyəsinə çatdırmaqdan ibarətdir. Bu məqsədə çatdıqdan sonra Azərbaycan sözügedən sahədə ən qabaqcıl ölkələrin siyahısına daxil olacaq.
Azərbaycanın yüksək intellektual və iqtisadi potensialı, çoxlu sayda ali texniki təhsilli mütəxəssisləri, informasiya texnologiyalarının artımı və onlara olan yüksək tələbat milli İKT sənayesinin uğurlu inkişafının rəhnidir.
Microsoftun əsas məqsədlərindən biri də Azərbaycanın İKT biznesinin dəstəklənməsindən ibarətdir. Bu məqsədlə Microsoft həm kiçik şirkətlərdə çalışan yeni İKT mütəxəssislər, həm də böyük biznesdən olan peşəkarlar üçün bir sıra pulsuz tədris proqramları və treninqləri həyata keçirir. Jan-Filipp Kurtuanın sözlərinə görə , Azərbaycanın İKTmütəxəssislərinin ixtisaslarının artırılması ölkədə fəaliyyət göstərən korporasiyanın təxirəsalınmaz vəzifələrindən biridir.
Görüş zamanı həmçinin qeyd edildi ki, Azərbaycanın cari inkişaf templəri və Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin nəticələri Microsoft ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Xatırlatmaq lazımdır ki, Microsoft ölkədə fəaliyyət göstərən yeganə xarici şirkətdir ki, özünün əsas proqram məhsullarını Azərbaycan dilinə tərcümə etmişdir. Əvvəlcə Microsoft Windows XP, Windows Vista əməliyyat sistemləri və Microsoft Office 2003/2007 lokallaşdırılmış, 2010-cu ilin noyabr ayında keçirilmiş BakuTel Beynəlxalq Telekommunikasiya Sərgi və Konfransında isə ən son əməliyyat sistemi - Microsoft Windows 7-nin lokallaşdırılması üçün dil paketi təqdim olunmuşdur.
Qeyd edək ki, Microsoftun əsas məhsullarının Azərbaycan dilinə lokallaşdırılması layihələri bilavasitə Microsoft korporasiyasının təşəbbüsü olmuş və tamamilə şirkət tərəfindən maliyyələşdirilmişdir.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında