Azərbaycan Gömrük Xidməti yeni çağırışlara uyğun olaraq daim inkişaf edir

2017-ci il Azərbaycan üçün, o cümlədən müstəqil respublikamızın gömrük xidməti üçün mühüm nailiyyətlərlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində olduğu kimi, gömrük xidmətində də mühüm inkişafa nail olunub. Aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə ciddi təkan verdi. Ötən il həm də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır. Azərbaycan gömrüyü bu dövr ərzində uğurlu və sürətli inkişaf yolu keçib. Dövlət Gömrük Komitəsi dövlətin maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilib.

Azərbaycan Gömrük Xidməti 30 yanvar 1992-ci ildə yaradılıb. Lakin müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, gömrük xidməti də ciddi tənəzzül dövrünü yaşayıb. O vaxt dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.

Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu. Gömrük xidməti məhz dahi rəhbərin yenidən respublika rəhbərliyinə gəlişindən sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoydu, xüsusilə 1995-ci ildən başlayaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı.

Bu gün gömrük xidməti ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən daim dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə qiymətləndirilir. Dövlət Gömrük Komitəsinin gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları vardır.

Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində ölkəmizin gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir. Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin məcəllə Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.

Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub. 2017-ci ildə isə Azərbaycan Gömrük Xidməti yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisi də fəaliyyət göstərir.

 

Büdcə öhdəliyi vaxtından əvvəl yerinə yetirilib

 

İlbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən 2017-ci ildə də öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Gömrük Məcəlləsini, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları əldə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurub.

Ötən dövrdə Azərbaycan gömrüyü fiskal siyasətin həyata keçirilməsində də mühüm nailiyyətlər əldə edib.

2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. Ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. Bu isə 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çoxdur. Onu da qeyd edim ki, 2017-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilən büdcə öhdəliyi hələ ilin başa çatmasına bir ay yarım qalmış yerinə yetirilmişdi.

 

Mükəmməl hüquqi baza

 

Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər görülüb.

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli, 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 918 nömrəli Fərmanının icrası ilə əlaqədar mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb. Həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan yaradır.

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1-ci bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə yuxarıda qeyd olunan konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanıb. Ötən il dekabrın 5-də Norveçin Oslo şəhərində keçirilən Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciəti müzakirə edilib və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub.

NCTS-dən istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradır. Bu sistemin tətbiqi “Made in Azerbaijan” brendli malların NCTS üzvü olan Avropa  ölkələrinin bazarlarına çıxışına və təyinat yerlərinə çatdırılmasına da imkan yaradır.

 

Gömrük hüquqpozmalarına qarşı qətiyyətli mübarizə

 

2017-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb.

Ötən il Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkar edilib.

2017-ci ildə hüquqpozma faktlarından 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfərin (611 Azərbaycan vətəndaşı, 153 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr və onların xammalı, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorlar: 100 kq 517 qram heroin, 13 kq 714 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-si kişi və 35-i qadın olmaqla 180 nəfər Azərbaycan vətəndaşı və 52 nəfər əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Qazaxıstan, 1 Hindistan və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 16 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2017-ci il ərzində 56 halda  narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

2017-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram  qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.

Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 16310 qram civə, 301200 manat dəyərində 300400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefonların aksesuarları, 590026 manat dəyərində 119105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41645 qram partlayıcı maddələr, 1314250 ədəd pirotexniki məmulatlar, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silahlar, 64 ədəd səs-siqnal patronları, 12 ədəd zirehli texnikanın periskopu, 135309 manat dəyərində 11981 ədəd tibb ləvazimatları, 117635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub.

2017-ci il ərzində gömrük orqanları tərəfindən saxta və ya keyfiyyətsiz mallarla mübarizə sahəsində 4 top və 13000 ədəd ofset üsulu ilə çap edilmiş müxtəlif əmtəə nişanlarının etketləri aşkar edilərək hüquqpozmanın predmeti kimi götürülüb və toplanmış materiallar qanunvericiliyə uyğun qaydada tədbir görulməsindən ötrü məhkəmə orqanlarına göndərilib.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində  aksiz markasız  və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 534536 manat dəyərində 5687445 ədəd xaricdə istehsal olunan siqaretlər, 19051 manat dəyərində 1593 litr  spirtli içkilər saxlanılıb.

 

Gömrük xidməti daha da modernləşdirilir

 

2017-ci ildə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təkmilləşdirilməsi, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi, innovasiya layihələrinin tətbiqi, elektron gömrük xidmətlərinin təşkili və s. sahələrdə müvafiq işlər görülüb.

Dövlət Gömrük Komitəsinin müasir tələblər nəzərə alınmaqla yenidən işlənilmiş internet saytı istifadəyə verilib. Sayt Azərbaycan Milli İnternet Mükafatı olan NETTY 2017-nin “Dövlət saytı” nominasiyası üzrə ikinci yerə layiq görülüb. Gömrük qanunvericiliyi, gömrük orqanlarının fəaliyyəti, gömrük işi və gömrük xidməti ilə bağlı digər məsələlərə dair yeniliklər haqqında ictimaiyyətin Komitənin internet saytı vasitəsilə məlumatlandırılması təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Sərəncamının 3.1-ci bəndinin tələbinə uyğun olaraq “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi” elektron gömrük xidməti istismara verilib. Malların gömrük sərhədindən keçirilməsi zamanı hüquqi və fiziki şəxslər gömrük əməliyyatları ilə bağlı ödənişləri, o cümlədən cərimələrin ödənişini bu xidmətdən istifadə etməklə onlayn şəkildə həyata keçirə bilərlər.

Hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi” elektron gömrük xidməti hazırlanıb. “Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi” elektron gömrük xidməti hazırlanaraq istismara verilib. Bu xidmət vasitəsilə şəxslər istədikləri vaxt sorğu və məktublarının icraçısı və icra vəziyyəti barədə elektron formada məlumat əldə edirlər.

Müvəqqəti saxlanc anbarlarında malların yerləşdirilməsi və hərəkəti üzrə “VAİS-Anbar” altsistemi yaradılıb. Sistemin istismara verilməsi üzrə işlər davam etdirilir. Sərhəd gömrük orqanlarında yerləşən müvəqqəti saxlanc anbarlarının quruluşunun sistemin tələblərinə uyğunlaşdırılması məqsədilə anbarlarda təmir və yenidənqurma işlərinə başlanılıb, Astara və Biləsuvar gömrük-keçid məntəqələrində təmir işləri başa çatdırılıb, Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda yeni anbar binası tikilərək istifadəyə verilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “VAİS-Anbar” altsisteminin istismara verilməsi üçün hazırlıq işləri tam başa çatdırılıb. Digər gömrük-keçid məntəqələrində də bu işlərə başlanılması üçün müvafiq tədbirlər görülür. Bundan başqa, hava nəqliyyatı şirkətləri ilə sərnişinlər haqqında ilkin məlumat mübadiləsinin təmin edilməsi üzrə altsistem hazırlanıb. Sistemin istismara verilməsi üzrə işlər davam etdirilir.

Bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də “Hədəf” mərkəzi fəaliyyət göstərir.

İdxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılmış digər mühüm addım sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə “Yaşıl dəhliz” və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox gömrük xidmətlərinin elektron əsasda göstərilməsi təmin edilib.

Bundan başqa, Ümumdünya Gömrük Təşkilatının Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və malların, eləcə də nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır. Həmçinin 2016-cı ildən başlayaraq risklərin idarə edilməsi sistemi VAİS çərçivəsində fəaliyyət göstərir. Bununla yanaşı, tranzit yük maşınlarına GPS qurğuları quraşdırılır. Bu, “Hədəf” mərkəzindən onların izlənilməsinə və təyin edilmiş marşrutdan yayındıqları zaman mobil qruplar sayəsində zəruri tədbirlər görməyə imkan yaradır.

 

Əlverişli biznes mühiti, sahibkarlığa dəstək

 

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıb.

Məlum olduğu kimi, son illər ərzində respublikamızda reallaşdırılan islahatlar, investisiya layihələri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaratmaqla bərabər, həm də ölkəmizin beynəlxalq reytinq cədvəllərində inamla irəliləməsinə səbəb olmuşdur.

Bunu Dünya Bankının 31 oktyabr 2017-ci il tarixində açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında Azərbaycanın 8 pillə irəliləyərək, 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə qədər yüksəlməsi bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşmişdir.

Ölkəmizdə fəaliyyət göstərən Avropa İttifaqının biznes subyektləri arasında Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən aparılan sorğular əsasında hazırlanmış “Avropa İttifaqı Biznes Mühiti–Azərbaycan 2017” adlı hesabatda isə son illər ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar təhlil olunub. Hesabatda həmçinin gömrük işi ilə əlaqədar məsələlər geniş təhlil edilib.

Hesabat göstəricilərinə uyğun olaraq, Azərbaycanda gömrük sistemi sahəsində həyata keçirilən islahatlar ən yüksək müsbət trend olması ilə diqqət çəkir. Sorğuya əsasən, iştirakçıların 78 faizi gömrük sahəsində aparılan islahatları müsbət yöndə qiymətləndirib. Sorğunun nəticələrinə görə, biznes və investisiya qərarlarına təsir edən aspektlər arasında gömrük tənzimləməsi sahəsində görülən işlər 2016-cı ilin göstəricilərinə əsasən digər sahələrlə müqayisədə ən yüksək göstəriciyə malikdir. Avropa İttifaqının biznes subyektləri arasında aparılan digər sorğuya görə isə biznesə təsir edən neqativ iqtisadi şərtlər təhlil edilib. Sorğu iştirakçılarının yalnız
18 faizi (ən aşağı göstəriciyə malik olan faktor) gömrük nəzarətinin onların fəaliyyətinə təsir etdiyini qeyd edib (2016-cı illə müqayisədə 52 faizi azalma).

Bəli, respublikamızda sahibkarlıq fəaliyyətinin təşviqi və stimullaşdırılması istiqamətində islahatlar uğurla davam etdirilir. Dövlət Gömrük Komitəsi biznes-gömrük əməkdaşlığına xüsusi əhəmiyyət verir, işgüzar dairələrin nümayəndələri ilə mütəmadi keçirilən görüşlər qarşıda duran məsələlərin müəyyən olunmasına və onların həlli yollarının axtarılmasına öz töhfəsini əsirgəmir. Biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olan Dövlət Gömrük Komitəsinin rəhbərliyi ötən ilin aprelində Bakıda IV Beynəlxalq “Caspian Energy Forum”da, iyunda Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə, iyulda Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə, oktyabrda Alman-Azərbaycan biznes-forumunda və “Caspian European Club” və “Caspian American Club”un üzvləri ilə görüşlər keçirib.

Bundan başqa, DGK rəhbərliyi may ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən “İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfransda, dekabrda rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin və iş adamlarının iştirakı ilə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət Gömrük Komitəsinin yerli orqanları da yerlərdə iş adamları ilə vaxtaşırı görüşlər keçirir, bu görüşlərdə sahibkarları maraqlandıran məsələlər müzakirə edilir və onlara müvafiq qaydada kömək göstərilir. Ötən ilin aprel və may aylarında Bakı Baş Gömrük İdarəsində, Yevlax, Xaçmaz, Zaqatala, Şirvan, Şəmkir və Astara şəhərlərində keçirilən görüşlərdə də məqsəd ölkədə qeyri-neft məhsullarının istehsalı və ixracın stimullaşdırılması istiqamətində görülən işlərə dəstək vermək olub.

Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bütün imkanlarını səfərbər edir, dövlətin çiçəklənməsi, əhalinin rifah halının yüksəldilməsi üçün əzmlə çalışır.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən işlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi aidiyyəti qurumların rəhbər şəxsləri ilə birlikdə yerlərə səfər edir, müvafiq tədbirlər görür.

Ötən ilin yanvarında DGK rəhbərliyi Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində, eləcə də Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində, aprel ayında isə Heydər Əliyev Beynəlxalq Hava Limanında mövcud vəziyyətlə tanış olub. Burada sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

DGK rəhbərliyi ölkəmizdə xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə dəstək, onların qarşılaşdıqları problemlərin operativ şəkildə həllini tapması üçün müvafiq iş aparır. May ayında Bakı şəhərində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları, xüsusilə pomidorla bağlı bu ölkə tərəfindən tətbiq olunan normalar və yeniliklər barədə sahibkarlar ətraflı məlumatlandırılıb.

Dövlət Gömrük Komitəsi Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi, idxaldan asılılığın azaldılması işinə öz töhfəsini verməyə çalışır. Ötən ilin avqustunda Komitə tərəfindən fındıq ləpəsinin laborator analizlərinin aparılması üçün müvafiq avadanlıqların alınaraq Zaqatala rayonunda quraşdırılması və istifadəyə verilməsi də görülən işlərdən biridir. Zaqatala Gömrük Laboratoriyasının yaradılmasında məqsəd ölkədə istehsal olunan fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətində əməyin yüngülləşdirilməsini təmin etməkdir. Belə ki, laboratoriyada yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün bu məhsulların dəqiq analizi, fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqi aparılır.

 

Gömrük işi sahəsində uğurlu əməkdaşlıq

 

Azərbaycan Gömrük Xidməti ticarətin asanlaşdırılması və əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrük hüquqpozmalarının qarşısının alınması, əməkdaşların təlimi, ilkin məlumat mübadiləsi və gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması kimi sahələrdə ikitərəfli və çoxtərəfli əsasda bir sıra sazişlər imzalayıb.

Ötən il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Ümumdünya Gömrük Təşkilatının Baş katibi, bir sıra dövlətlərin gömrük xidməti rəhbərləri və məsul vəzifəli şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və elm xadimləri ölkəmizə təşrif buyurdu. Azərbaycan Prezidenti tərəfindən ÜGT-nin Baş katibi Kunio Mikuriyanın qəbulu dövlət başçısının bu sahəyə xüsusi diqqətini, Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.

2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılması, gömrük işi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Ümumdünya Gömrük Təşkilatı, BMT-nin İnkişaf Proqramı, MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsi, Ümumdünya Gömrük Təşkilatının hüquq- mühafizə fəaliyyəti üzrə Regional Məlumat Əlaqələndirmə Ofisləri (RILO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb.

Ötən il “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Namibiya Respublikasının Maliyyə Nazirliyinin Gömrük və Aksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında Saziş”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası  Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı” və “Kadrların hazırlığı sahəsində əməkdaşlığa dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin Birgə Bəyanatı” imzalanıb.

Onu da qeyd edim ki, bu beynəlxalq sənədlərin hamısı 30 yanvar 2017-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 25 illik yubileyilə əlaqədar tədbirlər çərçivəsində imzalanıb. Bundan başqa,  2017-ci ilin martında Kiyev şəhərində “GUAM üzv dövlətlərinin gömrük idarələri arasında GUAM üzv dövlətlərinin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələrinə dair gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması üzrə Protokol”, iyunda Bakı şəhərində “Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokol” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol”, iyulda isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş” imzalanıb.

2017-ci ildə Dövlət Gömrük Komitəsi rəhbərliyinin bir sıra ikitərəfli görüşləri baş tutub. Yanvar ayında İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Gömrük İdarəsinin rəisi Pərviz Təqəbinin, Laos Xalq-Demokratik Respublikası Maliyyə Nazirliyinin Gömrük Departamentinin baş direktor müavini Somphet Sivonqksainin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirilib. İyun ayında isə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muidjon Toxiriyin və Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Аrdak Tengebayevin, avqustda Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri xanım Gordana Vidanovicin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edib. Oktyabrda İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasianın, noyabrda Əfqanıstan İslam Respublikası maliyyə nazirinin müavini Nəcibullah Vardakın və digər rəsmi şəxslərin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə Dövlət Gömrük Komitəsində görüşlər keçirilib.

Ötən il Azərbaycan gömrüklə əlaqəli bir sıra regional və beynəlxalq tədbirlərə ev sahibliyi edib. İyun ayında Naxçıvan şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 26-cı iclası və Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası, iyulda Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü, sentyabrda Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası və Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası təşkil edilib. Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq məqsədilə avqust ayında Özbəkistan və Qırğızıstan, noyabrda isə Qazaxıstan gömrük xidmətlərinin nümayəndə heyətləri ölkəmizə səfər ediblər.

 

Elm, tədris və tədqiqat fəaliyyəti

 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Azərbaycan Gömrük Xidmətinin gənc kadrları öz təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində elmi və təcrübi biliklərini artırırlar.

2017-ci il ərzində Dövlət Gömrük Komitəsi tərəfindən bir neçə regional və beynəlxalq səviyyəli tədbirlər hazırlanıb və keçirilib: yanvar ayında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun “Qış məktəbi” təqaüd proqramı üzrə təlim və Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfrans, iyulda Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı, dekabrda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri və Azərbaycan gömrük xidmətinin əməkdaşları üçün Rusiya Gömrük Akademiyasının dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru, hüquq elmləri doktoru Rozalina Şaqiyeva tərəfindən “Gömrük cinayətlərinə görə cinayət məsuliyyəti (qaçaqmalçılıq nümunəsində)” mövzusunda mühazirə keçirilmişdi.

İyun ayında “Sərnişinlərə dair əvvəlcədən məlumat və sərnişin adlarının qeydiyyatı”, “Gömrük Laboratoriyasının Modernləşdirilməsi” və Regional Tranzit Ticarətinin Asanlaşdırılması, noyabr və dekabr aylarında isə “Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi”, “Ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sistemi”, Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) və digər mövzularda seminarlar keçirilib.

Qusar şəhərində baş tutan II Beynəlxalq Tələbə Konfransına Azərbaycan da daxil olmaqla 31 ölkənin universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyada tanınan gömrük mütəxəssisləri qatılıb. Eyni zamanda, konfransın fəxri qonaqları – iqtisad elmləri üzrə Nobel mükafatçıları Edvard K.Preskott (ABŞ) və Kristofer Pissaridesin (Böyük Britaniya) iştirakı və aktual məruzələri tədbiri xüsusilə maraqlı edib.

Artıq ölkəmizdə ənənəyə çevrilməkdə olan bu tələbə konfransları gömrük əməkdaşlığının daha da gücləndirilməsində və potensialın artırılmasında irəliyə doğru mühüm addımlardan biri kimi qiymətləndirilir. Bu tədbirlər iştirakçılara yalnız ideya irəli sürmək və ideyaları bölüşmək üçün deyil, həm də onların ölkəmizə səfəri zamanı Azərbaycan həqiqətləri ilə yaxından tanış olmalarına geniş imkanlar yaradır. Belə ki, II Beynəlxalq Tələbə Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Onu da qeyd edim ki, I Beynəlxalq Tələbə Konfransı isə “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda 2016-cı ilin iyun-iyul aylarında Qəbələ şəhərində keçirilib.

 

Müsbət meyillər daha da güclənəcək

 

Ötən il Azərbaycan Gömrük Xidmətinin yaxından iştirak etdiyi “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin icrası da uğurla davam etdirilib. Bu layihə Avropa İttifaqının maliyyə dəstəyilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.

Mart ayında Azərbaycan-Gürcüstan sərhədində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində layihənin İdarəetmə Komitəsinin iclası olub. Dekabrda isə Bakı şəhərində layihə çərçivəsində “Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi” mövzusunda seminar keçirilib.

Bu layihə daşımaların təhlükəsizliyinin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axınının tənzimlənməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin perspektiv planlarının göstəricisidir. Layihə çərçivəsində Avropa İttifaqı tərəfindən ayrılan maliyyə vəsaiti gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən əməliyyatlar və prosedurların daha da sürətləndirilməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd-keçid məntəqəsindən təcrid olunmuş ərazidə aparılmasına əlverişli imkan yaradacaq. Artıq layihənin həyata keçirildiyi 1 ildən artıq müddət ərzində BMT İnkişaf Proqramının təşkilatçılığı ilə mühüm işlər görülüb, Azərbaycan və Gürcüstan gömrük əməkdaşlarının fitosanitar nəzarəti sahəsində bilik səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib, sözügedən sahədə Avropa İttifaqının təcrübəsinə yiyələnmək üçün Polşa Respublikasına təlim səfəri təşkil edilib və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsi üçün müvafiq avadanlıqlar alınıb.

Ümumiyyətlə, “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin əsas məqsədi Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Sınıq Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Azərbaycan yerləşdiyi əraziyə görə Asiya və Avropa arasında logistik mərkəz rolunu oynayır, buradan Şimal-Cənub və Şərq-Qərb kimi nəqliyyat dəhlizləri daxil olmaqla, hava, dəniz və dəmir yolları keçir, ölkəmiz qədim İpək Yolunun mühüm hissəsidir. Azərbaycanda son illər tranzit axını və ticarət dövriyyəsinin artması, logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələr həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusilə önəmlidir. Bu layihələr, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Bütün bunların fonunda ölkəmiz 2018-ci ilə inamla qədəm qoydu və bu il də Azərbaycanda müsbət meyillərin daha da güclənəcəyinə əminik.

Onu da xüsusilə vurğulayım ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi və daha sonra müvafiq sərəncam imzaladı.

30 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi tamam olsa da, Azərbaycan gömrüyünün tarixi qədimdir və tarixən zəngin inkişaf yolu keçib. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra Xalq Cümhuriyyəti gömrüklə bağlı görüləcək işlərə də xüsusi diqqət verib. Həmin il dekabrın 17-də parlamentdə gömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalar aparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunub. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, bugünkü Azərbaycan, müstəqil Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Bu baxımdan, müstəqil Azərbaycanın gömrük orqanlarının əməkdaşları da milli dövlətçiliyimizin, o cümlədən gömrük xidmətinin şərəfli tarixi ilə qürur duyur, ən böyük nailiyyətimiz olan müstəqilliyin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi naminə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində müstəsna rol oynayır və bu missiyanı daim davam etdirəcək.

Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 26 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edir, onlara cansağlığı və işlərində davamlı uğurlar arzulayıram!

Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-polkovniki 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında