Prezident İlham ƏLİYEV: Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur

Prezident İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə ölkə rəhbəri respublikamızın əldə etdiyi uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Son illərdə ölkəmiz regionda sabitliyin və sülhün təmin olunmasına mühüm töhfə verib, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirib. Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənib.

Ölkəmiz Asiya ilə Avropa arasında yerləşir və coğrafi mövqeyimiz bütövlükdə regionda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan hazırda dünyada əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan kimi tanınır və bu gün tarixi irsini qoruyub saxlayır. Qonşu dövlətlərlə milli maraqlara uyğun münasibətlər qurması, regionda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslərin irəli sürülməsi bölgədə Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına imkan verir. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan, eyni zamanda, mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan qədimliklə müasirliyin qovuş- duğu ərazi olaraq bu məqsədlərə yönələn mühüm təşəbbüslərlə çıxış edir.

Bu gün qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi iqtisadi qüdrətimizi daha da artırır. İqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi müsbət nəticələrlə nəzərə çarpır. Bütün sahələrdə əldə olunan yüksək göstəricilər ən yaxın vaxtlarda qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda keçirdiyi bir sıra görüşlərdə yuxarıda qeyd edilən məsələlər barədə ətraflı danışılıb. Dövlətimizin başçı- sı Dünya İqtisadi Forumunun (DİF) prezidenti Börge Brend ilə söhbətində adı çəkilən qurum ilə respublikamız arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib. Cənab İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunaraq ölkəmizin iştirak etdiyi qlobal layihələrin, o cümlədən ötən il istifadəyə verilən Bakı-TbilisiQars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyətini vurğulayıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, ölkəmizə turist axınının getdikcə artdığını xatırladıb.

Prezident İlham Əliyev söhbət zamanı Börge Brendə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə də ətraflı məlumat verib.

Prezident İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset ilə görüşündə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub. İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danı- şılıb. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb. Respublika iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlər, ölkəmizdə qeyrineft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti diqqətə çatdı- rılıb.

Görüşdə, eyni zamanda, ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Dövlətimizin başçısının Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşündə adı çəkilən şirkətin 25 il ərzində ölkəmizdə uğurla fəaliyyət göstərdiyi xatırladılıb. “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə söhbət zamanı isə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılması- nın əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib. Bütün bunlarla yanaşı, Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.

Prezident İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşündə ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşündə bu şirkətin Cənubi Qafqaz regionunda ilk dəfə respublikamızda birgə müəssisə yaratdığı xatırladılıb. Bunun isə ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Yeri gəlmişkən, “IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq, SOCAR-“IBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək. Layihədə Bakı Ali Neft Məktəbinin, o cümlədən Azərbaycanın digər universitetlərinin iştirakı da təmin olunacaq. Bu layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində nüfuzu daha da artacaq.

Dövlətimizin başçısı Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov, “Chevron” şirkətinin vitse-prezidenti Cey Prayer, “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten, “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin, “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın FransaAzərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon, “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel və dünyanın bir sıra digər tanınmış şəxsləri ilə görüşərək, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, eyni zamanda, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini bəyan edib.

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda çıxışı da böyük maraq doğurub. Dövlətimizin başçısı tədbirin aparıcısının Azərbaycanın olduqca gərgin və hətta təhlükəli regionda vəziyyəti ilə bağlı sualına cavabında bildirib ki, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, bu, respublikamızın yerləşdiyi bölgədə xüsusilə mühüm önəm daşıyır.

Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.

Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil”.

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Azərbaycan üçün isə ən yaxşı bazar isə qonşu dövlətlərin bazarlarıdır.

Beləliklə, qarşılıqlı maraqların balanslaşdırılması, bir dövlətin digərinin daxil işlərinə müdaxilə etməməsi, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu Azərbaycanın uğurlarının, daxili sabitliyinin və firavan gələcək perspektivinin əsasıdır.

Azərbaycan Prezidenti respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığın azaldılması səyləri haqqında söhbət açarkən, bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi dövlətimizin əsas məqsədidir. Azərbaycan hökuməti son illər ərzində bu istiqamətdə mühüm uğurlar əldə edib. “Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə baş- ladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur.

Hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”.

Prezident İlham Əliyev çıxışında, eyni zamanda, diqqətə çatdırıb ki, Azərbaycanda bundan sonra da neft-qaz iqtisadiyyatın əsas hissəsi olacaqdır. Ancaq artıq hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Əsas hədəf ixracı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısı- nı genişləndirməkdir.

Dövlətimizin başçısı Azərbaycanın reallaşdırdığı enerji layihələrindən danışarkən, həmin layihələrin respublikamız və region üçün mühüm önəm daşıdığını xatırladıb. Bildirib ki, ölkəmizin təşəbbüskarı olduğu layihələr regionun enerji xəritəsini dəyişib. Məsələn, Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizini Qara dənizlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri isə Xəzəri Aralıq dənizi ilə birləşdirib. Dövlətimizin baş- çısı daha sonra deyib: “Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat layihələri barədə söhbət açarkən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionun nəqliyyat xəritəsini dəyişdirdiyini, bu yolun Çindən Avropaya olan ən qısa marşrut olduğunu vurğulayıb. Əminliklə bildirib ki, sözügedən nəqliyyat və enerji şaxələndirilməsi açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycanı regional nəqliyyat dəhlizinə çevirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev aparıcının “sadalanan üstünlüklərdən əhali bəhrələnməyə hazırdırmı?”- sualına cavabında qeyd edib ki, bir neçə il bundan öncə əsas hədəflərdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Bu, uğurla reallaşdırılıb. Hazırda yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhali 1,5 milyon nəfər artıb və iş yerlərinin yaradılması da daimi prosesə çevrilib. Ötən il respublikada 177 min daimi iş yeri yaradılıb. Bu göstərici həyata keçirilən strategiyanın məntiqi nəticəsidir.

Ölkə rəhbəri fikrini davam etdirərək qeyd edib: “Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə baş- ladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik”

Dövlətimizin başçısı çıxışında ölkədə kiçik sahibkarlığın rolunun mühüm önəm daşıdığını da xatırladıb. Bildirib ki, Azərbaycanda sahibkarlı- ğın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərir. Son on il ərzində həmin fond vasitəsilə özəl sektora sərfəli şərtlərlə, aşağı faizlə təqribən 2 milyard dollar həcmində kredit verilib.

Cənab İlham Əliyev çıxışında Azərbaycanın regionlarının inkişafına daim diqqət göstərildiyini, bununla əlaqədar müvafiq regional proqramların reallaşdırıldığını, infrastrukturun müasirləşdirildiyini, 15 il ərzində 12 min kilometrdən artıq avtomobil yollarının salındığını, qazlaşdırmanın səviyyəsinin 93 faizə çatdırıldığını xatırladıb.

Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən interaktiv iclasda bir məqam da xüsusi diqqət çəkib. Aparıcının Prezident İlham Əliyevə ünvanladığı Azərbaycanda siyasi fəallıq və insan hüquqları, habelə mətbuat azadlığı ilə bağlı vəziyyətlə əlaqədar ədalətsiz tənqidi sualına dövlətimizin başçısı son dərəcə əhatəli cavab verib. Cənab İlham Əliyev deyib: “Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”.

Aparıcının Azərbaycanın mətbuat azadlığına görə dünyada 162-cı yerdə olması fikrinə isə dövlətimizin başçısı münasibət bildirərək deyib ki, bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bu, Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin nəticəsidir: “Bunun reallıqla heç bir əlaqəsi yoxdur, sadəcə siyasi səbəbləri var. Azərbaycanda bü- tün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirib…”.

Prezident İlham Əliyev daha sonra vurğulayıb ki, indiyədək Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Lakin buna baxmayaraq, respublikamız hər zaman bitərəf qalıb: “Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbələrindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil”.

Dövlətimizin başçısı çıxışının sonunda son illərdə ölkəmizin əldə etdiyi uğurların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat da yayıb və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda isə Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, Azərbaycan bu uğurlara nail ola bilməzdi. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında