“Yaşıl kart” həmişə yaşıl işıq anlamını vermir

Xoşbəxt və firavan həyat arzusu ilə ABŞ-a üz tutan əcnəbilərə “Yaşıl kart”  (Green card) verilir. Şəxsiyyəti təsdiq edən bu rəsmi sənəd ABŞ vətəndaşı olmayan   insanlara orada yaşamaq və işə düzəlmək hüququ verir. Okeanın o tayına üz tutub “Yaşıl kart” əldə edənlər  arzu etdikləri xoşbəxtliyə qovuşa bilirlərmi? Bu sualla iqtisadçı ekspert, iqtisad elmləri doktoru Dünyamalı Vəliyevə  müraciət  etdik. O dedi:

–Əvvəla, belə kartların alınmasının özü ağrılı və uzun sürən bir prosesdir. Bunun üçün ailələrin birləşməsi, ABŞ vətəndaşı ilə evlənmə, amerikalı işverənin tövsiyəsi ilə iş yeri tapmaq, siyasi sığınacaq, yaxud qaçqın statusu almaq haqqında sənədlər tələb olunur. Son illərdə ABŞ-da “Yaşıl kart” almaq üçün verilən ərizələrin sayı ildə 3 milyonu ötüb. Artıq Hindistan, Çin, Meksika və Filippin kimi əhalisi çox olan ölkələr üçün kvota qoyulub. Bu ölkələrdən olan müraciətlər kateqoriyalar üzrə immiqrantların sayının 7 faizini keçə bilməz.

“Yaşıl kart”ları həmçinin ABŞ tərəfindən hər il təşkil edilən xüsusi internet-lotereya (diversifikasiya lotereyası) ilə də udmaq olar. Bu uduşların təşkilində əsas məqsəd ABŞ-da immiqrantlarla az təmsil olunmuş ölkələrdən əcnəbi axınını təşviq etməkdir.

İlk “Yaşıl kart”lar ağ rəngdə idi və 1940-cı ildə əcnəbilərin qeydiyyat aktı zamanı  verilmişdi. Qeydiyyat poçt şöbələrində aparılır və immiqrasiya xidmətinə göndərilirdi. Alınan formalar nəzərdən keçirildikdən sonra immiqrantlara xüsusi qəbzlər göndərilirdi. Onlar başqa rəngdə olsa da əslində ilk “yaşıl kart”lar idi.

İkinci Dünya müharibəsindən sonra ABŞ-da daimi yaşamaq statusu qazanan  “xöşbəxtlərə” əsl “Yaşıl kart”lar verilirdi. 1950-ci ildə “Daxili təhlükəsizlik” haqqında Qanunun qüvvəyə minməsi ilə AR-3 forması İ-151 forması ilə əvəz olundu. Bu  forma rəsmi olaraq “Yaşıl kart” adlandırıldı. 1977-ci ildə kompüterdə oxunan İ-155 plastik forması  buraxıldı. Həmin forma  təkmilləşdirilərək bu gün də istifadə olunur.

 

Prezident Barak Obamanın dövründə “Yaşıl kart” lotereyasını ləğv etmək üçün bir neçə dəfə cəhd edilib. D.Tramp hakimiyyətə gəldikdən sonra bu cəhdlərin sayı daha da artıb. Ölümə məhkum edilmiş özbək Sayfulla Saipov 2017-ci ilin oktyabrında Nyu-Yorkda terror aktı törədərək bir neçə nəfəri öldürdükdən sonra Donald Tramp bəyan etdi ki, “Yaşıl kart” lotareyasını tam ləğv etmək üçün layihə hazırlayır. O, hətta bu məqsədlə Konqreslə sövdələşməyə getməyə belə hazır olduğunu bildirmişdi.

Bütün bunlar “Yaşıl kart” lotereyasının dövlət səviyyəsində özünü doğrultmadığını göstərir. Bəs bu lotereya vətəndaş səviyyəsində özünü doğruldurmu? Müşahidələr göstərir ki, həmin lotereyanı əldə edərək, böyük arzularla ABŞ-a üz tutan insanlar tezliklə məyusluqla üzləşirlər. Onların çoxu yad, bahalı həyat tərzinin mövcud olduğu bir ölkədə yaşaya blmir, böyük çətinliklə təkrar geri dönür.

Banqladeş və Nigeriya kimi ölkələrdən ABŞ-a üz tutanları bəlkə də başa düşmək olar. Ancaq inkişaf etmiş cəmiyyətə doğru irəliləyən, sabit və perspektivli Azərbaycandan “Yaşıl kart” əldə etmək üçün bu ölkəyə gedənləri anlamaq çox çətindir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin Azərbaycanı terror təhlükəsi olan ölkələr siyahısına daxil etməsi heç anlaşılan deyil.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror təhlükəsi olan ölkələr siyahısına daxil etməsini haqlı olaraq cəfəngiyyat adlandırmışdır.

İnformasiyalar müxtəlif ola bilər. Onlar ciddi təhlil olunmalı və dəqiq nəticələr çıxarılmalıdır. Məsələn, ABŞ-ın Dövlət Departamenti Azərbaycanı terror təhlükəsi olan ölkələr siyahısına daxil etdiyi halda, onun özü haqqında da mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Birləşmiş Ştatların tanınmış media mütəxəssisi Jerry Day televiziya verilişlərinin birində deyib: “Dünyanın yeni qatilləri bizik”. O, Amerikanın Orta Şərq ölkələrinə müdaxilələrinin heç bir qanuni əsası olmadığını vurğulayıb: ''ABŞ bütün beynəlxalq müqavilələri pozur, İslam ölkələrini bombalayır, insanları öldürür. Ona görə də getdikcə təklənir. Bir gün gələcək biz İkinci Dünya müharibəsindən sonra almanların düşdüyü vəziyyətə düşəcəyik. Dünyanın yeni qatilləri bizik''.

Belə sərt ittihamlara baxmayaraq Azərbaycan Respublikası ABŞ kimi qüdrətli dövlətlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə səy göstərir.

Söhbəti qələmə aldı:

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında