2017-ci ildə Dövlət Gömrük Komitəsi büdcə proqnozunu 16 faiz artıqlaması ilə yerinə yetirib

2017-ci ildə Dövlət Gömrük Komitəsi büdcə proqnozunu 16 faiz artıqlaması ilə yerinə yetirib.

Bu barədə yanvarın 19-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinin “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirdiyi mətbuat konfransında deyilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və komitənin digər qurumlarının rəhbərləri iştirak edib.

DGK sədri Aydın Əliyev ötən il ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm addımlar atıldığını diqqətə çatdırıb və görülən tədbirlər, həyata keçirilən mütərəqqi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialının gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Azərbaycanın gömrük orqanlarının da ölkənin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirən Aydın Əliyev 2017-ci ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirildiyini, 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürüldüyünü, proqnozun 115,6 faiz yerinə yetirildiyini söyləyib. Bunun isə 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çox olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, 2017-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb. Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkarlanıb. Bu faktlardan 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Aydın Əliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunduğunu, ümumilikdə, 2 ton 714 kiloqram 962 qram narkotik vasitə və onların xammalının, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorların aşkar edildiyini bildirib.

Gömrük-biznes əməkdaşlığı sahəsində də mühüm addımlar atıldığını söyləyən Aydın Əliyev gömrük orqanları ilə xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları ilə işgüzar, şəffaf əlaqələrin qurulduğunu bildirib. Ötən il sahibkarlara göstərilən elektron xidmətlərin həm sayının, həm də keyfiyyətinin artdığını vurğulayan komitə sədri biznes nümayəndələrinin artıq “Azexport” portalı və “ASAN xidmət” vasitəsilə də gömrük xidmətlərindən yararlandıqlarını, eləcə də ötən il 25 XİF iştirakçısının “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etdiyini və bunun mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.

2017-ci ilin beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından da uğurlu olduğunu vurğulayan komitə sədri Dövlət Gömrük Komitəsinin müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü olduğunu, ÜGT və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin qurulduğunu, Azərbaycan tərəfinin 2017-ci ildə yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçildiyini bildirib.

Hesabat ilində gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində görülən işlərdən də bəhs edən komitə sədri Dövlət Gömrük Komitəsinin Akademiyasında da bu sahədə həyata keçirilən layihələr barədə iştirakçıları məlumatlandırıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında