Azərbaycan hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 18-də Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsi ilə bağlı müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. O, Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər zəngin təcrübə toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb. Dünya Bankının bu missiyasının da fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edən Əli Həsənov deyib: “Missiya ölkənin müxtəlif bölgələrində olub, layihə yerlərində görülən işlərlə tanış olub. Hesab edirəm ki, kifayət qədər lazımi işlər görülüb”.

Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi layihə yerlərində olduqlarını, görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib. Komitə sədri “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsinin də uğurla icra olunacağına əminliyini ifadə edib.

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin sayəsində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Sosial inkişaf üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri Robert Vrobel və sosial inkişaf üzrə baş mütəxəssis Rebekka Lakrua üç gün ərzində layihə yerlərində olduqlarını, layihənin bütün komponentləri ilə tanış olduqlarını, görülən işlərin keyfiyyətinin daha da yaxşılaşmasının, əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

“Gəlirgətirmə komponenti üzrə də yaxşı nəticələr var. Göz önündədir ki, artıq məcburi köçkünlər bu layihədən bəhrələnirlər və gəlirlərini artırırlar”, - deyə Rebekka Lakrua vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında