Prezident İlham ƏLİYEV: Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək

Bu gün Azərbaycanla Bolqarıstan arasında sıx əlaqələr mövcuddur. Həmin əlaqələr son onilliklər ərzində təşəkkül tapıb. Siyasi, iqtisadi, elmi, texniki və mədəni münasibətlər sürətlə inkişaf edib. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinin zəruriliyi dəfələrlə bildirilib.

Xatırladaq ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.

İki dövlət arasında əməkdaşlıq münasibətləri ulu öndərimiz Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Ümummilli liderimiz və Jelyu Jelyev tərəfindən bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sonrakı dövrdə də bu əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılıb. 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan - Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib.

Yeri gəlmişkən, Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

Azərbaycanla Bolqarıstan arasında mədəni əlaqələr də uğurla inkişaf etməkdədir. Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanması, Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması, Bakı Slavyan Universitetində bolqar dilinin tədris olunması, paytaxtımızda tanınmış bolqar rəssamı Emil Stoyçevin fərdi sərgisinin açılması da bunun parlaq ifadəsidir.

Bu il yanvarın 15-də Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun ölkəmizə işgüzar səfəri də ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırda uğurla inkişaf etdiyindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından mühüm önəm daşıdığını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün iki ölkə arasında münasibətlər çox uğurla inkişaf edir, siyasi sahədə fəal əməkdaşlıq mövcuddur. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir.

Prezident İlham Əliyev çıxışında Bolqarıstan və Azərbaycanın iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb. Eyni zamanda, tərəflər arasında iqtisadi sahədə ticarət dövriyyəsinin həcminin artırılması zəruriliyi diqqətə çatdırıb. Xatırladıb ki, hazırda bu, lazımi səviyyədə deyil, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılmasına, qarşılıqlı investisiya qoyuluşu istiqamətində konkret addımlar atılmasına ciddi ehtiyac duyulur.

Dövlətimizin başçısı daha sonra deyib: “Bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər “Cənub” qaz dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. “Cənub” qaz dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. “Cənub” qaz dəhlizinin icrası uğurla gedir. “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” “Cənub” qaz dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. “Cənub” qaz dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir”.

Cənab İlham Əliyev bəyanatında bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyi ilə əlaqədar iki ölkənin müvafiq qurumlarının rəhbərlərinə göstəriş verildiyini, SOCAR-a qazlaşdırma ilə bağlı məsələləri araşdırmaq və mövcud imkanlar haqqında məlumatlar hazırlamaq tapşırıldığını vurğulayıb. Bununla bərabər ölkəmizin 93 faizinin qazlaşdırıldığını və cari ilin sonuna qədər bu rəqəmin 95 faizə çatdırılacağını, SOCAR-ın digər ölkələrdə də, o cümlədən Gürcüstanda və Albaniyada qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərdiyini xatırladıb.

Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq”.

Prezident İlham Əliyev bəyanatında keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı mərasiminin keçirildiyini, bu dəmir yolu ilə Avrasiyanın nəqliyyat xəritəsinin yenidən tərtib edildiyini vurğulayıb. Eyni zamanda, bildirib ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün iki ölkənin müvafiq qurumlarına sözügedən məsələni müzakirə etmələri ilə bağlı göstərişlər verilib.

Dövlətimizin başçısı bəyanatının sonunda Bakı-Sofiya marşrutu ilə aviareys təşkil edilməsinin çox əlamətdar hadisə olmasını, bunun xalqlarımız arasında əlaqələrin güclənəcəyinə, turizmin inkişafına təkan verəcəyinə, bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunun daha da möhkəmləndirəcəyini əminliklə diqqətə çatdırıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini, Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzinin uğurla fəaliyyət göstərdiyini, Bolqarıstanın Avropa İttifaqına sədrliyi kimi şərəfli missiyanı uğurla icra edəcəyini, sədrlik dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacağına əminliyini də ifadə edib.

Baş nazir Boyko Borisov isə bəyanatında dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə Bolqarıstan şirkətilə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə bu ölkəyə çatdırılması məsələsinin həllini tapacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan Prezidentinin dəstəyi ilə Bolqarıstanın qazlaşdırılmasına nail olunsa, burada əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı reallaşa bilər, insanlar daha odundan, kömürdən istifadə etməzlər.

Boyko Borisov bəyanatında Azərbaycan və Türkiyə arasında dəmir yolu dəhlizinin inkişafı perspektivlərinə də toxunub. Bildirib ki, bu, Avropaya ən qısa nəqliyyat dəhlizidir. Bolqarıstan bu nəqliyyat dəhlizinin inkişafı üçün öz dəmir yolu şəbəkələrini hazırlayır. Bu isə həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu nəqliyyat qovşağı Bolqarıstanı bütün Avropa ölkələrinə çıxara bilər. Bolqarıstanın “Berlin Prosesi”nə əsasən, 8 nömrəli, 10 nömrəli nəqliyyat dəhlizlərinə dair birgə həyata keçirdiyi tədbirlər bu yolun Skopyeyə gəlib çatmasına imkan verəcək.

Baş nazir Boyko Borisov çıxışında yaxın gələcəkdə iki ölkə arasında ixrac potensialının daha da gücləndirilməsinin, turizmin inkişaf etdirilməsinin, viza rejiminin sadələşdirilməsinin zəruriliyinə də toxunub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında