Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi Azərbaycanın sürətli inkişafını təmin edir

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı yüksək səviyyədədir. Prezident İlham Əliyevin ölkədə özəl bölmənin daha da güclənməsi məqsədilə atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini reallaşdıran qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi modul tipli elektrik stansiyalarının qurulması özəl sektorun inkişafında önəmli rol oynayıb. 

Hazırda sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətlərinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də iş adamları tərəfindən razılıqla qarşılanır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən ötən müddət ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96, ötən il isə 26 yoxlamanın keçirilməsi bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı deyib: “Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir”.

Göründüyü kimi, respublikamızda əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətimizin başçısı bununla əlaqədar nəzərdə tutulan tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, ölkənin strateji resurslarını özəl bölmənin inkişafının sürətləndirilməsinə səfərbər edir. 

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti qeyri-neft sektorunun, sənayeləşmənin tərəqqisini şərtləndirib. Başqa sözlə, cənab İlham Əliyevin ötən illər ərzində sahibkarlığın güclənməsi istiqamətində reallaşdırdığı islahatlar iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, yeni müəssisələrin yaradılması ilə işsizliyin azaldılmasına, innovativ və yüksək texnologiyalar əsasında rəqabətədavamlı məhsul istehsalının artırılmasına yönəlib. Eyni zamanda, dövlət başçısının sənayeləşmənin şaxələndirilməsi siyasəti ağır sənayenin bazasının möhkəmlənməsinə, böyük sənaye şəbəkəsinin formalaşmasına müsbət təsir göstərib.

Yuxarıda sadalananlarla bərabər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində son illərdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Biznes və investisiya mühiti yaxşılaşdırılıb, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyi artırılıb. Bütün bunlar, habelə özəl sektora dövlət dəstəyinin gücləndirilməsi və yaradılan makroiqtisadi sabitlik ölkədə sənaye sektorunun formalaşdırılması, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalı üçün əlverişli şərait yaradıb.

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin uğurla reallaşması nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik park və məhəllələrin səmərəli fəaliyyəti də ölkədə sənaye sahələrinin tərəqqisini nəzərdə tutan dövlət siyasətinin uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Son illər sahibkarların  fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də iş adamları tərəfindən hər zaman razılıqla qarşılanır.

Bütün bunları yeni texnologiyalar əsasında  korroziyaya davamlı polad boru və müxtəlif ölçülü profillər istehsal edən “Bakı İnşaat Sənaye” ASC-nin metallurgiya avadanlıqları zavodunun timsalında daha aydın görə bilərik. Müəssisənin rəhbəri
Ramiz Əhmədov söhbət zamanı dedi:

 Zavodun yaradılmasında əsas məqsəd ölkə bazarında böyük tələbat olan metal məmulatlarının istehsalı, həmçinin yeni iş yerlərinin açılması ilə gənclərimizin və yüksək ixtisaslı kadrların işlə təmin olunmasıdır. Müəssisədə məhsul istehsalı müasir avadanlıqlarla və keyfiyyətli xammaldan istifadə etməklə reallaşdırılır. Bu isə məhsulların uzunömürlülüyünə, kənar təsirlərə qarşı davamlı olmasına imkan verir.

Məhsulların rəqabətə davamlılığını artırmaq üçün müasir tələblərə uyğun, yüksək texnologiyaya malik avadanlıqların alınıb işlədilməsi, yüksək keyfiyyətə cavab verən laboratoriyanın fəaliyyəti, habelə keyfiyyətli, eyni zamanda,  aşağı maya dəyərində istehsal prosesi daim diqqət mərkəzində saxlanılır.

Müəssisənin istehsal etdiyi məhsulların  50-60 faizi  ixrac yönümlüdür. Əsas alıcımız Gürcüstan Respublikasıdır. Gələcəkdə isə məhsullarımızın İran İslam Respublikasına və digər ölkələrə ixracı nəzərdə tutulur.

Müəssisənin mövcud istehsal sahələrinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında danışan Ramiz Əhmədov dedi ki, bu məsələ daim diqqət mərkəzində saxlanılır. Təsisçilər tərəfindən müntəzəm olaraq istehsal sahəsi üçün iri məbləğdə investisiya qoyulur.  Müəssisədə yeni metaləritmə sahəsinin yaradılması, müasir standartlara cavab verən, Amerika istehsalı olan induksiya ocaqlarının, fasiləsiz töküm xəttinin qurulması, fasonlu tökmə, toztutma avadanlıqları, tullantı metallar üçün nəzərdə tutulan pres qayçı və s. alınması bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı  “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmana əsasən, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bu, möhtərəm dövlət başçımız tərəfindən sahibkarlara verilən ən böyük dəstəkdir.

Zavodda işçilərin sosial şəraitinə xüsusi diqqət yetirilir. Burada yüksək standartlara cavab verən yeməkxana fəaliyyət göstərir, işçilər gündə iki dəfə isti yeməklə təmin olunurlar. Bundan əlavə fəhlələrə xüsusi geyimlər verilir. 

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyilə ölkəmizin bütün bölgələrində müasir məktəblər, müxtəlif təyinatlı obyektlər tikilir. Həmin binaların inşasında sözügedən zavodun   istehsalı olan məhsullardan da geniş istifadə olunur.

Göründüyü kimi,  Azərbaycan  Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı özəl sektorun nümayəndələri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, respublikada bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması həmin diqqət və qayğının parlaq ifadəsidir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında