Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq iqtisadi əlaqələr prosesində milli maraqların və milli təhlükəsizliyin təmin olunmasının vacibliyini dəfələrlə vurğulamış, bu mühüm məsələnin müasir Azərbaycan dövlətinin strateji məqsədlərindən biri olduğunu qeyd etmişdir. Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində göstərildiyi kimi, Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, inklüzivliyi və sosial rifahın daha da artırılması istiqamətində ciddi addımlar atılır. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı ölkəmizin dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirir.
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, mürəkkəb və ziddiyyətli qloballaşma prosesləri ümumdünya miqyasında olduğu kimi, milli səviyyədə də tənzimlənməni, beynəlxalq iqtisadi əlaqələr prosesinin onun tələblərinə uyğun şəkildə idarə olunmasını tələb edir. Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə yeni vəzifələr qoyur. Qloballaşma inkişaf səviyyəsindən asılı olmayaraq milli iqtisadi sistemləri qlobal səviyyədə fəaliyyət göstərən “oyunçuları” sərt rəqabət mübarizəsinə cəlb edir. Ona görə də milli iqtisadiyyatın qlobal mühitə itkisiz və səmərəli uyğunlaşdırılması bu gün milli dövlətlər qarşısında duran və həyati əhəmiyyət kəsb edən məsələdir. Milli iqtisadiyyatın getdikcə daha çox meqacəmiyyətin tərkib hissəsinə çevrilməsi bu funksiyanın əhəmiyyətini daha da artırır.
Zaman tələb edir ki, dövlətlər adət etdiyimiz makro və mikroiqtisadi tənzimləmələrlə yanaşı, beynəlxalq əmtəə, xidmət, kapital və işçi qüvvəsi axınlarına müdaxilə etmək, proqnozlaşdırmaq və istiqamətləndirmək kimi çox mühüm funksiyaları da yerinə yetirsinlər. Ənənəvi dövlətlər qloballaşma şəraitində iki cəbhədə– ölkənin daxili problemləri ilə və nəzarətdənçıxma təhlükəsi doğuran transmilli qüvvələrlə mübarizə aparmağa məcburdur.
Milli dövlətlər transmilli qüvvələri vergiqoyma, iqtisadiyyatın tənzimlənməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərində öz nəzarətinə tabe etməyə çalışırlar. Ümumiyyətlə, qloballaşma prosesində beynəlxalq əmək bölgüsünün üstünlükləri inkişaf etmiş sənaye ölkələri üçün daha faydalıdır. Buna baxmayaraq, transformasiya prosesini keçirən ölkələr bu proseslərdə iştirak etməyə həm məcburdur, həm də belə iştirakda çox maraqlıdır. Çünki artıq bir aksioma kimi qəbul edilir ki, müasir şəraitdə hər hansı bir dövlətin dünya bazarından təcrid olunması, onun iqtisadi inkişafının son nəticədə geriləməsi deməkdir.
Lakin bəşər tarixinin yeni mərhələsində bir çox iqtisadi proseslərin qlobal mahiyyəti ilə onların milli dövlətlər çərçivəsində tənzimlənməsi arasında kəskin ziddiyyət özünü göstərir. Bu isə səmərəli dövlətlərüstü tənzimlənmə mexanizminin yaradılmasını tələb edir. Çünki dövlətlər qloballaşma prosesinə müxtəlif dərəcələrdə qoşulmuşdur, onların “çəkiləri” müxtəlif, əldə etdikləri faydalar isə fərqlidir. Qloballaşma prosesində maraqlar ziddiyyətlidir. Xarici satış bazarlarına, maliyyə mənbələrinə, texnoloji və idarəetmədə mövcud olan yeniliklərə çıxış imkanları bütün dövlətlərdə eyni deyildir. Ən güclü dövlətlər bunlardan daha çox, zəiflər isə az faydalanır, bəzən isə ziyana düşür. Məsələn, zəngin təbii sərvətlərə malik olan bir sıra Afrika, Asiya və digər ölkələrin əhalisinin kasıblıq həddində yaşadığının şahidiyik.
Dünya dövlətlərinin təcrübəsi onu da göstərir ki, milli bazarların müasir şəraitdə xarici təsirlərə həssaslığı (xüsusən böhran dövründə) sürətlə artmışdır. Qloballaşmanın dərinləşməsi inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində iqtisadiyyatın idarə olunmasında milli dövlətlərin vəziyyətlərinin pisləşməsinə səbəb olur. Bu prosesdə zəngin və kasıb ölkələr arasında mövcud olan uçurum daha da dərinləşir, inkişaf etməmiş Cənub ölkələrində yüz milyonlarla insan informasiya inqilabının bəhrələrindən istifadə edərək qüdrətli Şimalın firavan həyatını kənardan seyr etməli olur.
İşçi qüvvəsi bazarının liberallaşdırılması sahəsində məhdudiyyətlərin saxlanılması da bu ölkələr üçün ciddi nəticələr doğurur. Əslində, yalnız nadir yüksək ixtisaslı mütəxəssislər üçün bu məhdudiyyətlər aradan qaldırılmışdır ki, bu da “beyin axını”na səbəb olur. Nəticədə kasıb Cənubda texnoloji gerilik, ümidsizlik və məyusluq sürətlə artmış, ekstremizm və terrorizm dalğaları özünü daha qabarıq göstərmişdir. Bəzi alimlər haqlı olaraq 11 sentyabr hadisələrini bir növ bu dərin kontrastın məhsulu kimi dəyərləndirirlər. Ona görə də qloballaşmanın bəhrələrinin ölkələr arasında qeyri-bərabər bölgüsünün azaldılması və qlobal qütbləşmənin qarşısının alınması yalnız kasıb Cənubun deyil, eyni zamanda, bütün dünya birliyinin həll etməli olduğu mühüm problemdir.
Milli dövlətlərin qlobal ierarxiyada mövqeyi onun dünya bazarındakı rəqabət gücü ilə müəyyən edilir. Lakin bu rəqabət mübarizəsi milli dövlətlər, xüsusən gənc ölkələr üçün qeyri-bərabərdir. Onlar qlobal iqtisadi-maliyyə mühitində inkişaf etmiş dövlətlərin nəzarəti altında olan böyük inhisarlar ilə qarşı-qarşıya qalırlar. Bu nəhəng inhisarlara transmilli şirkətlərin texnologiya sahəsində olan inhisarçılığını, dünya maliyyə bazarlarında nəzarətini, nəqliyyat sahəsində inhisarçılığını aid etmək olar. Qlobal prosesləri tənzimləyən beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının da onların nəzarəti altında olması mühüm amildir.
Qlobal texnoloji piramidanın zirvəsinə gedən yol çoxpilləlidir. Ayrı-ayrı ölkə qrupları özünün iqtisadi və sosial-mədəni səviyyəsini yüksəltməklə və zəngin Şimaldan öz fərqlərini azaltmaqla bu zirvəyə doğru irəliləyirlər. Təbiidir ki, ayrı-ayrı ölkələr bu pillələrdən müxtəlif dərəcədə istifadə edirlər. Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Vyetnam müasir dünya iqtisadi sisteminə uğurla qoşulmuşlar və artıq 80-ci illərdə adambaşına ÜDM istehsalının artım sürətinə görə Şimal ölkələrini iki dəfə ötüb keçmişlər. Ötən əsrin 90-cı illərində həmin qrupa Hindistan, Çili, Şrilanka, Dominikan Respublikası, Yamayka və digər ölkələr əlavə olundular. Bu ölkələrdə adambaşına ÜDM istehsalı öz sürətinə görə dünyanın lider dövlətlərini 1,5–2 dəfə üstələdi. Üçüncü qrupda eyni göstərici 1–1, 5 dəfə təşkil edir. Dördüncü qrup ölkələr inkişaf etməkdə olan ölkələrdir ki, orada adambaşına ÜDM istehsalı inkişaf etmiş ölkələrə nisbətən zəifdir. Axırıncı qrupa ən kasıb ölkələr daxildir ki, onlarda adambaşına məhsul istehsalı azalır və lider ölkələrlə uçurum daha da dərinləşir.
26 il müstəqillk yolu ilə inamla irəliləyən Azərbaycan MDB ölkələri arasında inkişaf etmiş cəmiyyətə doğru daha böyük addımlar atmışdır. Dünya dövlətlərinin çoxuna nümunə olan bu uğurlu fəaliyyət ölkəmizin milli maraqlarının qorunması sahəsində gördüyü irimiqyaslı işlərin nəticəsidir. Tədqiqatlar əyani şəkildə göstərir ki, milli dövlətlərin indiki mürəkkəb şəraitdə də milli çərçivədə proseslərə təsir etmə imkanları yüksəkdir. Müasir iqtisadiyyatda dövlətin tənzimləyici rolu artmışdır.
Tənzimləmə tədbirləri ətraf mühitin qorunması, maliyyə sektoru və inhisarların fəaliyyətini əhatə edir. Dövlətin rolu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında, elmi-texniki tərəqqinin stimullaşdırılmasında, infrastrukturun yaradılmasında, informasiyanın toplanması və işlənməsində, milli sahibkarlar üçün əlverişli işgüzar və vergi mühitinin formalaşdırılmasında, xarici kapital və işçi qüvvəsi axınının tənzimlənməsində artmışdır. Bu prosesdə dövlətin rolu daha da artır və o, qlobal sahibkar kimi çıxış etməyə başlayır.
Belə bir şəraitdə ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının iqtisadi səmərəliliyi çox vacibdir. Ölkənin beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşması bir tərəfdən xarici iqtisadi məkanın tələbləri ilə, digər tərəfdən də həmin ölkənin dünya meyarlarına uyğun rəqabətqabiliyyətli mal və xidmət istehsal edə bilməsi bacarığı ilə müəyyən edilir. O da məlumdur ki, məhsul istehsalçıları və satıcıları əksər hallarda müstəqil milli təsərrüfat subyektləridirlər.
Qloballaşma şəraitində məhsulların getdikcə daha çox hissəsi milli sərhədlərdən kənara çıxır və özünə daha tutumlu bazarlar axtarır. Bu zaman iqtisadi səmərəliliyin əsas meyarı kimi dünya qiymətləri ilə satılan məhsulun istehsalçı (ixracatçı) üçün rentabelliyini təmin edən istehsal xərclərinin səviyyəsidir. Müstəqil istehsalçılar həmin beynəlxalq meyara orientasiya edirlər və əgər həmin məhsullar ona mənfəət gətirirsə, onlar dünya bazarlarına çıxırlar. İdxalatçılar da əməliyyatların xüsusiyyətlərini nəzərə alaraq eyni qaydada hərəkət edirlər.
Müasir mürəkkəb mühitdə baş verən inteqrasiya prosesində milli inkişafın zəruri şərtləri təmin edilərək dəstəklənməli, mövcud disproporsiyaların daha da dərinləşməməsi və onların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Müstəqil Azərbaycan dövləti beynəlxalq iqtisadi əlaqələrini məhz bu prinsiplərlə tənzimləyir. Milli iqtisadiyyat qloballaşma proseslərinə qoşulduqca, respublikada hazırda mövcud olan bir sıra sosial-iqtisadi problemlər sərbəst bazar iqtisadiyyatı prinsipləri əsasında deyil, genişmiqyaslı dövlət tənzimləmələrindən istifadə etməklə həll olunur.
Beləliklə, mürəkkəb dünya maliyyə-iqtisadi mühitində baş verən köklü dəyişikliklər milli dövlətlər qarşısında yeni tələblər qoyur. Zamanın çağırışına onun çevik və adekvat reaksiya göstərməsi kapital, əmtəə, xidmət, texnologiya, informasiya və işçi qüvvəsinin liberallaşdığı bir şəraitdə ölkənin rəqabət qabiliyyətinin təmin olunmasını təkidlə tələb edir. Yeni şəraitdə iqtisadiyyatın tənzimlənməsi, təşəbbüskarlıq fəaliyyətinin həyata keçirilməsi, milli sahibkarlar üçün əlverişli şəraitin yaradılması, sosial mühitin və milli maraqların təmin olunması dövlət siyasətinin prioritet istiqaməti olmalıdır və bu, Azərbaycanda məhz belədir.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Prezident qeyd edir ki, bu sahədə əldə edilmiş yüksək nəticələr təqdirəlayiqdir. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Ona görə də ölkəmizin təhlükəsizliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenada artan rolu mövcud sabitliklə sıx bağlıdır.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox mühüm göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən asan olmayan ildə də Azərbaycan inkişaf edib. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük qələbədir. Ölkəmiz uzun illərdir ki, MDB məkanında bu göstərici üzrə liderlik mövqeyini qoruyur.
On bir ay ərzində ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə yatırılmışdır. Bu onu göstərir ki, siyasi və iqtisadi sabitlikdən ruhlanan həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Məlum olduğu kimi, indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit və gözəl gələcəyi olan ölkələrə xarici investisiyalar qoyulur.
Ölkəmizin ixrac potensialı da artır. 2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artmışdır. Bu, uzaqgörən dövlət siyasətinin nəticəsidir. Ölkəyə turist axınının artması da gözəl göstəricidir. Keçən il Azərbaycana 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması çox mühüm nəticədir. İdxal isə təqribən cəmi 1 faiz olmuşdur və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması çox böyük nəticədir.
Təhlil göstərir ki, 2017-ci ildə energetika sahəsində də tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycana imkan verəcəkdir ki, bundan sonra uzun illər ərzində hasilat səviyyəsi sabit qalsın. Bu, həmçinin Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən böyük həcmdə sərmayə qoyuluşunu təmin edəcəkdir. Burada söhbət on milyardlarla dollardan gedir. Bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək. Yeni iş yerləri, yeni yerli müəssisələr yaradılacaq.
Azərbaycan dövləti öz iqtisadi inkişaf proqramlarını uzunmüddətli prinsiplər əsasında planlaşdırır. “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması ölkəyə sərmayədən başqa, digər önəmli dividendlər də gətirəcək. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılmışdır. Mənfəət neftinin 75 faizi Azərbaycana qalacaqdır. Xarici investorlar tərəfindən ölkəmizə on milyardlarla dollar sərmayə qoyulacaq. Bundan əlavə, onlar səkkiz il ərzində bizə bərabər hissələrlə 3,6 milyard dollar bonus verəcəklər.
Ötən il “Cənub” qaz dəhlizinin uğurlu icrası təmin edilmişdir. İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olunmuş və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, onu göstərir ki, “Cənub” qaz dəhlizi reallaşmaq üzrədir.
TAP layihəsinə gəldikdə isə orada da işlər qrafikə uyğun gedir. Məlum olduğu kimi, bu layihədə Azərbaycan əsas paya malik deyil, orada 20 faiz payımız var. Hazırda layihənin icrası 60-62 faiz səviyyəsindədir. Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və imkan verəcəkdir ki, qeyri-neft sektorunun inkişafına biz daha çox diqqət ayıraq.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının geosiyasi əhəmiyyəti yalnız ölkəmiz üçün deyil, eyni zamanda, bölgə və dünya üçün çox önəmlidir. Uzunluğu 850 kilometrə yaxın olan bu yolun 504 kilometri Azərbaycan ərazisində tikilib və bərpa edilib. Bütün dünya bilir ki, Azərbaycan bu yolun çəkilişində ən böyük maliyyə yükünü öz üzərinə götürmüş və onun icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişdir. Yolun açılışından cəmi iki ay keçsə də artıq bir sıra ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında müraciətlər gəlməkdədir.
2017-ci ilin on bir ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
Məlumdur ki, milli iqtisadiyyatın uğurlu inkişafı əhəmiyyətli dərəcədə xarici ticarətin tarazlığından asılıdır. Azərbaycanda isə ilin 11 ayında xarici ticarətin müsbət saldosu 6,2 milyard dollardır. Şübhəsizdir ki, ilin sonuna qədər bu rəqəm daha da artacaqdır. Əlbəttə, bu, Azərbaycanın həm iqtisadi uğurlarını əks etdirir, həm də milli valyutamız olan manatın məzənnəsinə olduqca müsbət təsir göstərir. Çünki valyuta bazarının tənzimlənməsi istiqamətində bu, böyük imkanlar açır.
2018-ci ildə strateji əhəmiyyətli ixrac potensialına malik olan sənaye və kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstəriləcəkdir. Keçən il ölkədə kənd təsərrüfatı məhsulları istehsalı 4,1 faiz artıb. Bu o deməkdir ki, biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının ənənəvi texniki sahələrini inkişaf etdiririk. Qeyd etmək lazımdır ki, Davos Ümumdünya İqtisadi Forumu ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Bu hesablamalara görə Ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcəkdir ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmini artıraq. Hazırda bu sahələr üzrə böyük uğurlar əldə olunur. Məsələn, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək olar ki, səkkiz dəfə artırmışıq və 200 minə yaxın insan pambıqçılığa cəlb edilmişdir. 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük olunmuşdur. Bu il bu rəqəm 450-500 tona çatmalıdır.
Keçən il ölkə üzrə 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və əsas hədəf onu 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarının genişləndirilməsi üçün çox önəmlidir. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər. Birinci yerdə isə pomidor ixracıdır. Bu sahəyə də çox böyük maraq və tələbat var. Keçən il ölkədən 140 milyon dollar dəyərində pomidor ixrac edilib. İndi ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, yaxın gələcəkdə tərəvəz ixracı nə qədər artacaq.
Bir sözlə, ölkəmizdə unudulmuş sahələr uğurla bərpa edilir. Bu il minlərlə hektar sahədə zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər. Ölkə Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı müvafiq təşkilatlara öz göstərişlərini vermişdir.
Gördüyümüz kimi, Azərbaycan dövlətinin siyasəti uzunmüddətli, perspektiv maraqlara uyğun siyasətdir. Beynəlxalq ictimaiyyət aydın şəkildə görür ki, bu gün biz özümüzü dünya miqyasında müstəqil dövlət kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Bunun təməlində isə güclü siyasi iradə, xalq–iqtidar birliyi və digər mühüm amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə də Azərbaycan dövlətinin başçısı haqlı olaraq hesab edir ki, valyuta ehtiyatlarımızın 4,5 milyard dollar həcmində artması ötən ilin ən uğurlu nəticələrindən biridir. Çünki ölkəmizin iqtisadi və siyasi qüdrətini bir qədər də artıran bu vəsait qloballaşma prosesində milli maraqların və milli təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.