Prezidentin nitqi bizi yeni zəfərlərə səsləyir

Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını diqqətlə dinlədim. Cənab ölkə başçısı ölkə iqtisadiyyatında əldə edilən müsbət dinamikadan danışarkən kənd təsərrüfatının inkişafında da irəliləyişlərin əldə edildiyini və bunun 2018-ci ildə də davam edəcəyini inamla söylədi. Bu isə məni aqrar sahədə çalışan bir iş adamı kimi sevindirməyə bilməz.

Məlumdur ki, indiyədək  Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib. Ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb. Cənab Prezidentin vurğuladığı kimi, “ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır.”

Bununla yanaşı, Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq.

Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələrin keçirildiyini söyləyən Prezident bu sahələrdə çox böyük inkişafa nail olduğunu söylədi. Bildirdi ki, bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Cənab Prezident baramaçılıqda əldə edilən uğurlara da toxundu. Bildirdi ki, “bu uğurlar kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir, biz ipəkçiliyin şöhrətini bərpa edəcəyik”.

Ölkə başçısı məni daha çox maraqlandıran sahələrə, sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrinə də diqqət yetirdi. Bu sahələrdə də inkişafın olduğunu, bu sahələrin daha sürətli inkişafı üçün dövlətimiz tərəfindən hər cür dəstək göstəriləcəyini diqqətə çatdırdı. Möhtərəm ölkə başçısının nitqindən irəli gələn vəzifələr hər bir iş adamı kimi, mənim üçün də proqram xarakteri daşıyır və bu tezislər əsasında işlərimizi qurmağa çalışırıq.

Belə ki, rəhbəri olduğum “Yaşıl çay” fermer təsərrüfatı da yarandığı gündən fəaliyyətini ölkə rəhbərinin müəyyənləşdirdiyi xətt üzrə inkişaf etdirir. Ötən il sentyabrın 2-də cənab Prezident cənub səfəri zamanı təsərrüfatımızda oldu. İşlərimizlə yaxından maraqlandı. Çay sahələrimizə, 2016-cı ildə salınmış Çin mənşəli tut bağımıza baş çəkdi. Çay fabrikimizdə istehsal edilən çay məhsulları ilə tanış oldu. Gördüyümüz işlər, qısa zamanda əldə etdiyimiz uğurlar cənab Prezidentin də çox xoşuna gəldi. Mən cənab Prezidentlə söhbət zamanı söz verdim ki, biz kənd təsərrüfatında çalışan adamlara göstərilən diqqət və qayğıya cavab olaraq tut plantasiyalarımızı daha da genişləndirəcək, yeni çay sahələrini salarkən müasir dünya texnologiyalarından istifadə edəcəyik.

Budur, 2017-ci il artıq arxada qalıb. Ötən dövrə nəzər salarkan görürəm ki, 2017-ci il bizim üçün də uğurlu olub. Möhtərəm Prezidentimizə söz verdiyim kimi, ötən ilin payızında Çin Xalq Respublikasından gətirilən daha 13500 ədəd tut tingi əkməklə yanaşı, 2016-cı ildə 1,2 hektar sahədə saldığımız 12 min ədəd tut tingi olan bağdan 100 min ədəd çiling hazırlayaraq 5,2 hektar sahədə yeni tut plantasiyası salmışıq. Artıq 2018-ci ildə barama yetişdirmək məqsədilə 400 kvadratkilometrlik kümxananın tikintisinə başlamışıq. Cari ildə çalışacağıq ki, qəsəbəmizdə ilk dəfə barama istehsal etməklə baramaçılığın inkişafına da öz töhfəmizi verək.

Çoxprofilli təsərrüfatımızın əsas qolu isə çayçılıqdır. 2012-ci ildən başlayaraq çay əkininə başlamışıq. Hazırda 70 hektara yaxın çay plantasiyamız var. Bunun 41 hektarı məhsulverən, qalanı cavan çay sahələridir.  İlk salınan plantasiyalardan 2015-ci ildən başlayaraq seçmə üsulu ilə yaşıl çay yarpağı yığımına başlamışıq. 2017-ci ildə havaların əlverişsiz keçməsinə baxmayaraq, sahələrdən 25 tona yaxın yaşıl çay yarpağı topladıq. İnanıram ki, bu il məhsul yığımı daha çox olacaqdır. Artıq yığdığımız yaşıl  çay yarpağını təsərrüfatımızın nəzdində qurduğumuz fabrikdə emal edib qablaşdırırıq. Ötən ildən müəssisənin nəzdindəki emal və qablaşdırma sexində “Lənkəran çay” brendi altında 16 növdə yüksək keyfiyyətli quru çay istehsal edilir. “Buket çayı”, “Feyxoa çayı”, “Gül çayı”, “Zəncəfil çayı”, “Zəncəfil Qold” çayı, “ Premium” çayı, “Ekstra”, “Ekstra N1”, “Nanəli çay”, “Kəklikotulu çay”, “Xan çayı”, “Pürrəngi çayı”, “Qara məxməri” çayı, “Tibet” çayı , “Narın çay”, “Limonlu çay” kimi ekoloji cəhətdən təmiz, qatqısız çaylar satışa çıxarılır. Bu yeni məhsullar alıcılar və mütəxəssislər tərəfindən yüksək qiymət alıb. Həmçinin müəssisədə  “Yaşıl çay” və Azərbaycanda ilk dəfə olaraq “Ağ çay”ın istehsalı nəzərdə tutulub. Artıq müəssisənin çayları respublikamızda təşkil edilən bir sıra sərgilərdə uğurla nümayiş olunub və yüksək qiymətləndirilib.

Biz indiyədək nə əldə etmişiksə, cənab Prezidentin bizə yaratdığı şəraitdən yararlanmamızın nəticəsidir. İndi əldə etdiyimiz uğurlarla kifayətlənməyib əkin sahələrini daha da genişləndiririk. Cənab İlham Əliyev ötən il sentyabrın 3-də Lənkəran şəhərində keçirilən müşavirədə çayçılığın inkişafında müasir texnologiyalardan istifadə etməklə yeni sahələrin salınmasını tövsiyə etdi. Buna cavab olaraq ötən il 5 hektarda ənənəvi üsulla əkin keçirmişiksə, ilk dəfə müasir yapon texnologiyası ilə 2 hektarda çay plantasiyası salmışıq. Yeni üsulun üstün cəhəti ondadır ki, əgər ənənəvi üsulla hər hektara 24 min ədəd şitil gedirsə, müasir yapon texnologiyası ilə salınmış sahələrdə hər hektara 61 min 500-dən çox şitil əkilir. Belə sıxlaşdırılmış əkin həm torpağa qənaət edir, həm də kolun dibinə kölgə salmaqla yay aylarında sahələrdə torpaqda rütubətin saxlanmasına və məhsuldarlığın bir neçə dəfə artmasına şərait yaradır.

Prezident İlham Əliyev daha sonra ölkəyə yeni kənd təsərrüfatı texnikasının alınmasına aydınlıq gətirdi. Bildirdi ki, bu məqsədlə 160 milyon manat vəsait nəzərdə tutulub. Biz fermerlərə bundan böyük dəstək ola bilməz. Ümid edirəm ki, ölkəyə çayçılıq sahələrində də işləyə bilən xüsusi texnikalar gətirilərsə bu sahədə əldə etdiyimiz uğuru daha da inkişaf etdirməyə nail olacağıq.

Cənab Prezident kənd təsərrüfatına dövlət dəstəyinin vacibliyini xüsusi vurğuladı. Bildirdi ki, “kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik”.

Cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında aqrar sahənin davamlı inkişafı ilə bağlı söylədiyi bu müdrik fikirlər məni bir daha inandırdı ki, rəhbərlik etdiyim təsərrüfat düz yoldadır. Dövlətimiz, möhtərəm Prezidentimiz bizim arxamızdadır. Biz də bir fermer təsərrüfatı olaraq bundan sonra da çayçılıq, baramaçılıq kimi valyutatutumlu sahələri inkişaf etdirməklə, ölkəmizin ixrac potensialının artırılmasına, kənd yerində yeni iş yerlərinin yaradılmasına öz layiqli töhfəmizi verməyə çalışacağıq.

  Araz Yağubov,
“Yaşıl çay” FT MMC-nin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında