Azərbaycanda ötən il makroiqtisadi sabitliyin qorunması ilə bağlı mühüm tədbirlər görülüb

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı çıxış edərək hesabat dövründə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə bağlı mühüm tədbirlər görüldüyünü, yeni qlobal iqtisadi reallıqlara uyğun həyata keçirilən davamlı tədbirlər nəticəsində makroiqtisadi dayanıqlığın əsaslarının yaradıldığını, valyuta ehtiyatlarına təzyiqin azaldığını, milli valyutanın xarici dəyərinin sabitləşdiyini və inflyasiya gözləntilərinin səngidiyini bildirib.

Azərbaycan Prezidenti deyib: “2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur…”.

Son illər müəyyən antiböhran tədbirlərini reallaşdıran Azərbaycan bu gün bölgədə iqtisadi inkişafı və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqəti çəkir. Bu tədbirlərin ana xəttində qeyri-neft sektorunun inkişaf etdirilməsi mühüm önəm daşıyır.

Məhz elə buna görə də dövlət başçısının imzaladığı bir sıra dövlət proqramları qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənədlər olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına təkan verib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoyub, sahibkarlığın yüksəlişinə zəmin yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və qarşıya çıxan qlobal çətinliklərin mənfi təsirlərini aradan qaldırmaq, makroiqtisadi sabitliyinin qorunmasını reallaşdırmaq məqsədi daşıyır.

Strateji yol xəritələrinə əsasən, yaxın illərdə respublikamızın qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sahəsinin hesabına təmin etməkdir. Bu baxımdan dövlət investisiya siyasətində əsas məsələlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlıdır. Sumqayıt, Balaxanı, Mingəçevir, Neftçala və s. sənaye parkı və məhəllələrinin yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub.

Bu gün müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Belə sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda sənaye parkı və məhəllələrinin fəaliyyətindən danışarkən, bir cəhəti də xatırladaq. Belə ki, ölkəmizdə sənaye parklarının yaradılması dövlətimizin başçısı cənab İlham Əliyevin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilən “Sənaye parkları haqqında nümunəvi əsasnamə”də, eləcə də “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı son illərdə xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində bir sıra layihələr həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin ekspertlərinin tövsiyələri nəzərə alınmaqla müvafiq təkliflər hazırlanıb, ardıcıl tədbirlər reallaşdırılıb.

Düşünülən neft-qaz strategiyasının həyata keçirilməsi nəticəsində artıq Azərbaycanın dayanıqlı maliyyə resursları formalaşıb, bunun sayəsində isə mövcud sənaye potensialından səmərəli istifadə imkanları genişlənib. Elə 2017-ci ildə 221 min yeni iş yerinin açılması, onların 177 mininin daimi olması, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz təşkil etməsi, qeyri-neft sektorunun 2,5 faiz, bu göstəricinin sənaye sahəsinin qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artması bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsi öz həllini uğurla tapır.

Azərbaycanda makroiqtisadi sabitliyinin qorunması ilə bağlı mühüm tədbirlər sayəsində ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Azərbaycanda maliyyə dayanıqlılığının təmin edilməsi nəticəsində 2017-ci ilin 11 ayında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib. Bununla bərabər, ötən ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunan proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib.

Maliyyə sabitliyi təmin edilməsi əhalinin sosial müdafiəsində də mühüm rol oynayıb. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326 milyon manat, o cümlədən dövlət büdcəsindən 221 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105 milyon manat vəsait ayrılıb. Bundan başqa, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və sürətlə həyata keçirilməsi üçün müstəsna rola malik olan “ASAN xidmət”in maliyyə təminatı üçün 2017-ci ildə 45 milyon manat vəsait yönəldilib.

Hesabat ilinin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında