Pambıqçılığa diqqətin artırılması yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının inkişafına önəmli təsir göstərir

Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasət aqrar-sənaye kompleksinin köklü şəkildə yenidən qurulmasına səbəb olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır.

Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması kənd təsərrüfatının inkişafına təkan verib. 

Azərbaycan Prezidenti İlham Əliyev ötən illərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılır. 

Bu gün kənd təsərrüfatının ənənəvi sahələrinə, o cümlədən pambıqçılığın dirçəldilməsinə də xüsusi qayğı göstərilir. Pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər statistikaya nəzər salsaq,  görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilib.

Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970–1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda  illik pambıq istehsalı, yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22–25 faizini pambıqçılıq təmin edib.   

Müstəqillik  illərində isə pambıq istehsalına diqqət zəiflədi, əkin sahələri ildən-ilə azaldı. Əlbəttə, bu, bir tərəfdən  “qara qızıl”ın “ağ qızıl”ı üstələməsi, arxa plana keçirməsi, digər tərəfdən isə məhsulun dünya bazarında qiymətinin sürətlə ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 2005-ci ildə Azərbaycanda olan  112 min 500 hektar pambıq əkini sahəsi 10 ildən sonra  nə az, nə çox - 5 dəfə azalaraq 23 min hektara endi.

Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyduğu vəzifələr bu sahənin də inkişafına təkan verdi və onun tarixi şöhrətini özünə qaytarmağa başladı. Başqa sözlə, dövlət başçısının pambıqçılara göstərdiyi qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC vasitəsilə gətirilən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər sahənin inkişafına bilavasitə müsbət təsirini göstərir.

Ölkəmizdə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb. İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanların güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması deməkdir. Bir sözlə, pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Sözsüz ki, belə şərait pambıqçılığın daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq. Mütəxəssislərin fikrincə,  pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcəkdir.

Azərbaycanda pambıq istehsalının inkişafı ilə bağlı bir neçə məqama nəzər salaq. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin icrasını reallaşdırmaq üçün bütün imkanlar təhlil olunaraq qısa müddətdə pambıqçılıqla məşğul olan rayonlarda şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub. Bu gəlirli sahənin inkişaf etdirilməsi şübhəsiz ki, ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradıb.

Azərbaycan Prezidenti pambıqçılığın inkişafından danışarkən, deyib: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir… Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.

Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib.

Azərbaycan Prezidentinin 22 sentyabr 2016-cı il tarixdə imzaladığı pambıqçılığın inkişafına dövlət dəstəyi haqqındakı sərəncamına əsasən, hər ton xam pambığa görə pambıq istehsalçılarına 100 manat subsidiya verilir. Bu qərardan sonra əmək tutumlu sahə olan  pambıqçılığa fermerlərin maraqları daha da artıb və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf edir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2017-ci ildə respublika üzrə 22 rayonda 136 min hektardan artıq pambıq əkilib. Əkinlər əsasən, “MKT İK” MMC , “CTS Aqro” MMC, “Şamo” MMC, “Goran Pambıq” ASC və “Kənd Təsərrüfatı” MMC ilə birgə əməkdaşlıq barədə müqavilə bağlayan istehsalçılar tərəfindən aparılıb.

Hazırda Azərbaycanda pambıq yığımı yekunlaşmaq üzrədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 9-dək ölkə üzrə 207 min 155 ton pambıq tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Xatırladaq ki, keçən il yanvarın 9-dək qəbul məntəqələrinə 88 min 596 ton pambıq təhvil verilmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

Bu gün kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir. Lakin son dövrlər yaradılan müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü daha böyükdür. Bu fakt ölkənin müvafiq sahələr üzrə istehsal və ixrac potensialının gücləndirilməsini təmin etsə də, bazarda rəqabətin artırılmasının qarşısında müəyyən problemlər yaradır. Belə ki, əksəriyyəti kiçik olan emal müəssisələri rəqabətə dözə bilmirlər. Prezident İlham Əliyevin imzaladığı 6 dekabr 2016-cı il tarixli fərmanla təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə kiçik və orta həcmli emal müəssisələri şəbəkəsinin yaradılması ilə bağlı müvafiq stimullaşdırılma tədbirlərinin görülməsi nəzərdə tutulub. Bu da emal sənayesinin coğrafiyasının genişlənməsinə, məhsul istehsalının çeşidlərinin artmasına gətirib
çıxaracaq.

Pambıqçılığın inkişafı da bu sahədə məhsul istehsal edən müəssisələrin yaradılmasını tələb edir. Mingəçevir Texnologiyalar Parkında fəaliyyət göstərəcək müəssisələrin əsas işi kənd təsərrüfatı məhsullarını son məhsula çevirməkdir. Bu, çox vacibdir. Ona görə ki, dünya bazarında xam məhsul aşağı qiymətlə satılır və gəliri az olur. Pambıqdan son məhsulun istehsalı daha çox gəlir gətirməklə yanaşı, həmin məhsullara olan tələbat daxili imkanlar hesabına ödənilir. Digər tərəfdən, belə müəssisələr yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə imkan yaradacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında