TAP layihəsi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq

Bütün dünyada təbii qaza tələbatın artdığı indiki dövrdə qaz hasilatının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 milyard kubmetr səviyyəsini ötüb. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb. İndiyədək “Şahdəniz” yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 milyon ton kondensat çıxarılıb.

Hazırda Azərbaycanı ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində indiki illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək.

“Şahdəniz-2” layihəsi çərçivəsində əldə edilən uğurlardan biri də “Xankəndi” sualtı tikinti gəmisinin inşasıdır.   Qeyd etmək lazımdır ki, “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmi “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək.

Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodu istismara verildiyi 2013-cü ildən bu yana 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən dokunu, 50 ton dartı qüvvəsinə malik “SOCAR-1” yedək gəmisini, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və üst bloklarını inşa edib.

Müəssisə “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən “İsrafil Hüseynov” borudüzən, “Tofiq İsmayılov” dalğıc, “Gilavar” tədqiqat, “Azərbaycan” kran, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərinin, habelə “Dədə Qorqud” yarımdalma qazma qurğusunun təmir və yenilənməsini uğurla həyata keçirib. Qeyd edək ki, zavodda “Şahdəniz-2” üzrə planlaşdırılan işlər qrafikə uyğun olaraq davam etdirilir.

Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədi ilə SOCAR xarici tərəfdaşları ilə birlikdə “Ümid”, “Abşeron” və digər yataqlarda da məqsədyönlü işlər aparır. “Ümid” yatağı “Şahdəniz”dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki, yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir. Yataqda 3 istismar quyusu qazılaraq işlənilməyə verilib, indiyədək 1486,6 milyon kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilib.

Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilən boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin mühüm üstünlüklərindəndir.

Hazırda ölkəmizin karbohidrogen ehtiyatları 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar olunur. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsi ilə 339,6 milyon ton Azərbaycan nefti nəql edilib. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft də dünya bazarına nəql edilir.

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin tikintisi uğurla reallaşdırılır. Müasir dövrün ən böyük infrastruktur layihəsi sayılan “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan bu kəmərin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

Trans-Anadolu qaz boru kəmərinə (TANAP) qoşulacaq sözügedən həmin kəmər ilə ilkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq. Yeri gəlmişkən, TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək.

TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti yuxarıda qeyd etdiyimiz kimi, ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Azərbaycan təbii qazı TAP qaz boru kəməri ilə 2020-ci ilin əvvəlində İtaliyaya çatdırılacaq. Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin indiyədək 60,5 faizindən çoxu icra edilib.

Xatırladaq ki, TAP boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Bura 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını bu ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra, 2020-ci ilin əvvəllərində planlaşdırılır. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında