Ötən il aqrar sektorda yüksək göstəricilər əldə edilib

Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, ötən ilin on bir ayında qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) real olaraq 2,4 faiz artıb. Artım qeyri-neft sektorunun ticari sektorunda 4,3 faiz, o cümlədən qeyri-neft sənayesində 4,4 faiz, kənd təsərrüfatında isə 4,2 faiz təşkil edib.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində hesabat dövründə əldə edilən uğurlar barədə bildirib ki, qarşıda duran vəzifələri reallaşdırmaq üçün güclü iqtisadiyyat lazımdır. Ötən il bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Ona görə də 2017-ci il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, 2017-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artıb.

Göründüyü kimi, ötən il iqtisadiyyatın qeyri-neft sahəsində, o cümlədən kənd təsərrüfatında müsbət nəticələr qeydə alınıb. Bu da səbəbsiz deyil. Çünki son illərdə Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, texniki və maliyyə bazası möhkəmləndirilib, ənənəvi bitkiçilik sahələri dirçəldilib və nəticədə pambıqçılıqda, üzümçülükdə, tütünçülükdə, baramaçılıqda, çəltikçilikdə, çayçılıqda, fındıqçılıqda məhsul istehsalı dəfələrlə artıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün növ vergilərdən azad olunublar, fermerlərə yanacaq, motor yağları, toxum, gübrə, damazlıq heyvanların verilməsində, texnikalarının satılmasında böyük güzəştlər tədbiq edilib. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılarkən aqrar sektorda çalışanlara daha çox üstünlük verilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 milyard 200,6 milyon manat təşkil edib. Onun da 3 milyard 258,6 milyon manatı heyvandarlıq, 2 milyard 942 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 4,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı 5,9 faiz artıb.

Yeri gəlmişkən, aqrar sahədə daha çox önəm verilən və ötən il yüksək göstəricilər əldə edilən pambıqçılığa da qısa nəzər salaq. Ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunub. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılıb. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxarıb. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Elə bunun nəticəsidir ki, cari il yanvarın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 955 ton məhsul təhvil verilib. 2016-cı ildə isə bu göstərici 86 min tondan bir qədər çox olub. Beləliklə, 2016-cı ilə nisbətən pambıq tarlalarından 2,4 dəfə çox məhsul toplanıb. Bu fakt bir daha göstərir ki, aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması öz bəhrəsini verir.

Aqrar sektorun ixrac imkanlarının genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı deyib: “Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri açılacaq, sahibkarlıq inkişaf edəcək”.

Dövlət başçısının artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektor və sənayenin inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Bütün bunlar isə respublikada ərzaq təhlükəsizliyini təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.

Ötən il kənd təsərrüfatı məhsulları ixracının 2016-cı illə müqayisədə 40 faiz artması Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağından xəbər verir. Hazırda istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması da Azərbaycan brendinin dünyada tanınmasına xidmət edir.

Yeri gəlmişkən, 2017-ci ildə “Azexport.az” portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. Həmin sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın şəkildə görünür ki, qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, tütün, göbələk, konservləşdirilmiş inək əti, quru süd, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, mahlıc, pambıq linti, alma və kərə yağına tələbat böyükdür. Bu məhsullar içərisində mahlıc, pambıq linti, alma, fındıq ləpəsi və toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarını keçib.

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı və ixracı yaxın gələcəkdə ölkə regionlarında işsizlik problemini aradan qaldıracaq, ərzaq təminatını reallaşdıracaq və ixrac mallardan valyuta axını manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir.

Ölkədə ixrac potensialının güclənməsində Prezident İlham Əliyevin sərəncamı ilə keçən il iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.

Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

Dövlət başçısının ötən il açılışında iştirak etdiyi “Aqrokimya Azərbaycan” müəssisəsinin fəaliyyətə başlaması da aqrar sektorun ixrac potensialını daha da gücləndirəcək. Bitki mühafizəsi vasitələri - pestisidlər istehsal edəcək bu zavodun birinci mərhələsinin illik istehsal gücü 10 min tondur, ikinci mərhələdə istehsalın həcmini 20 min tona çatdırmaq nəzərdə tutulub. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyənləşdiriləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib.

Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Son dövrlərdə yüz minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. Bununla bərabər, Taxtakörpü, Şəmkirçay, Tovuz və Göytəpə su anbarlarının istifadəyə verilməsi də məhsul istehsalının artımında önəmli rol oynayıb.

Aqrar sektorda məhsul istehsalına yüksək texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarının yaradılması əlverişli şərait yaradıb. Hazırda ölkəmizin 20 rayonunda 22 sahibkara məxsus 44 min hektaradək sahəsi olan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir.

Aqroparkların yaradılması istiqamətində də tədbirlər davam etdirilir. Artıq Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksək keyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir Aqroparkında isə birinci mərhələ üzrə işlər gedir. Ümumilikdə 22 rayonda 130 min hektaradək ərazidə 27 aqrar aqroparkın yaradılması planlaşdırılıb.

Kənd təsərrüfatına maliyyə yardımı edilməsinə xüsusi əhəmiyyət verilir. Aqrar sektorda çalışan kiçik və orta sahibkarlara güzəştli kreditlər ayrılır. Bunu müvafiq rəqəmlərindən də aydın görə bilərik: ötən ilin buğda və çəltik istehsalına görə ümumilikdə 80 milyon, ilk dəfə olaraq süni mayalama yolu ilə alınan buzovlara görə 500 min, texnikanın dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün 8 milyon manat subsidiya verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında