Süni yaradılan hər hansı bir məhsul təbii nemətdən keyfiyyət baxımından, şübhəsiz ki, üstün ola bilməz. Əlbəttə, burada söhbət gündəlik qəbul etdiyimiz bəzi qida məhsullarının keyfiyyətinin son zamanlar pisləşməsindən, dad-tamının itməsindən, hətta bəzi hallarda zəhərlənmə verməsindən gedir.
Etiraf edək ki, qida məhsullarının bir çoxunun ətri, dad-tamı keçmişdəki kimi deyil. Məsələn, ən bahalı Bakı pomidoru, Gədəbəy kartofu,
Sabirabad qarpızı, o qədər də nəzərə çarpmayan səbzə-tərəvəzlər keçmişdəki məhsulların dadını vermir.
Deyə bilərlər ki, bugünkü atmosfer çöküntüləri, yaxud sulfat və xloridli yağışlar yetişdirilən məhsulun keyfiyyətinə öz mənfi təsirini göstərir. Ancaq, fikrimcə, bunun səbəbini, ilk növbədə, torpaqda axtarmaq, əlacını isə elə sahədəcə problemin həll edilməsində axtarmaq lazımdır.
Aydındır ki, bitki torpaqda yetişdirilir, başqa sözlə, məhsul torpağın köməyi ilə əmələ gəlir. Eyni zamanda, həm bitki, həm də onun məhsulu torpağı qüvvətləndirir, münbitləşdirir.
Təbiət özü bizə bu qanunauyğunluğa tabe olan meşə torpağının münbitliyini və bərəkətini də bəxş edib. Ona görə tam əminliklə vurğulaya bilərik ki, meşə – münbit torpaq, saf su, təmiz hava, ekoloji təmiz məhsul deməkdir.
Bu mənada biz gərək torpaqdan nə alırıqsa, hansı məhsulu əldə ediriksə, gərək həmin məhsulların tullantı və qalıqlarını da gübrə şəklində yenidən ona qaytaraq. Yalnız belə halda istəyimizə, ekoloji sağlam məhsulun yetişdirilməsinə nail ola bilərik.
Yeri gəlmişkən, kənd təsərrüfatında təbii gübrələrdən ən əhəmiyyətlisi peyindir. Ondan insanların istifadə etməsinin tarixi təxminən 3 min ildən çoxdur.
Peyin əkin sahələrinə çatmadığı üçün həmişə ona böyük ehtiyac çox olub. Peyini yüksək dozalarda da tətbiq etmək mümkündür. Amma bu zaman onun keyfiyyətli hazırlanması (yetişdirilməsi) zəruri şərtdir. Əks halda, bu üzvi gübrənin heç bir əhəmiyyəti olmayacaq.
Burada bir məsələni də xatırlatmaq istərdim. Hazırda əkin altında olan torpaqlarımıza peyin verilməsində müəyyən problemlər mövcuddur. Bu problemin aradan qaldırılması isə elə də çətin deyil. Yeganə yol hər bir rayonda sənaye, kənd təsərrüfatı, məişət və kommunal tullantı və qalıqlarından asan mənimsənilən təbii üzvi gübrə olan kompost hazırlamaqdır. Həmin kompost mineral gübrənin (peyinin) bir hissəsini əvəz etməklə torpaqlarımızı münbit, məhsullarımızı isə daha bol və indikindən dadlı-tamlı edə bilər.
Ümumiyyətlə, hazırlanmasından asılı olaraq, kompost heç də peyindən geri qalmır, hətta bir çox hallarda onu üstələyir. Kompostun hazırlanması üçün nə layihə həyata keçirmək, nə də maliyyə sərf etmək lazımdır.
Kompost respublikamızın 14 əsas tip və yarımtip torpaqlarının fiziki-kimyəvi xassələrinə 9 cür müsbət təsir göstərərək, onun münbitliyini saxlaya, dənəvər edə, humuz qatını artıra, rütubəti, havalanmanı yarada, ən əsası isə torpağı azot, fosfor, kalium və kalsiumla zənginləşdirə, torpağın buferliyini gücləndirə bilər.
Onu da qeyd edim ki, hazırlanması həm asan, həm də ucuz başa gələn kompostu yuva üsulu ilə tətbiq etdikdə, bitkinin kök sistemi ilə yanaşı, temperatur rejimi də yaxşılaşrır.
Torpaq, su və havanın ekoloji problemlərindən biri də nitrat çətinliyidir. Həmin probemin həllində bioloji yolla alınan kompostun böyük əhəmiyyəti var. Bu, kənd təsərrüfatı sahələrindən atılan üzvi tullantı və qalıqların mikroorqanizmlər tərəfindən parçalanmasından alınan təbii gübrədir. Mineral gübrələrə nisbətən adıçəkilən kompostun komponentləri elə torpaqdan yarandığı üçün onun normadan artıq səpilməsi belə torpağa heç bir mənfi təsir göstərmir, əksinə, məhsuldarlığı yüksəldir.
Bütün bu deyilənləri nəzərə alaraq, kompostun hazırlanmasını da diqqətə çatdlrmaq istərdim. Fermerlər fermalarının yaxınlığında qrunt sularının səviyyəsini nəzərə alaraq, 60-80 santimetrədək dərinlikdə, 1-2 metr enində silos quyusuna bənzər çala qaza bilərlər. Həmin çalanın dibinə köhnə plyonka sərmək yaxşı nəticə verir. Plyonkanın üzərinə isə quyunu qazanda kənara çıxarılan torpağın üst çim qatı tökülür. Bundan sonra tədarük edilən ağac yonqarı 2 hissəyə bölünür: Bir hissə əvvəlcə torpağın üstünə verilir, ikinci hissə isə quyu tam dolduqdan sonra axırıncı layın üzərinə səpilir. Quyuya 60+20 faiz mal-qaranın bərk və duru ifrazatı, 15 faiz ağac yonqarı (kəpək), 10 faiz pambıq qərzəyi, üzüm cecəsi, konserv və şəkər zavodundan, çay fabrikindən çıxan üzvi tullantılar, 10 faiz quş zılı, habelə ot, alaq, payızın xəzəli lay-lay verilir. Hər laya şirəli peyin verməklə quyunun nəmliyi təxminən 60-70 faiz saxlanılır.
Kompostun tərkibini zənginləşdirmək üçün 2 faiz fosforit ununu, yaxud paraşok superfosfatı, 1 faiz kalium xloru laylar arasına səpmək lazımdır. Eyni zamanda, laylar arasına ocaq külü və sönməmiş əhəng səpilərsə, kompostun buferliyi artar, hasil olması isə tezləşər. Gündəlik mətbəx qalıqları da hər gün laylara qatılmalıdır. Torpaq səthindən təxminən 1 metrədək olan topanın axırıncı layına 10-15 santimetrədək meşə torpağı verilərsə, səmərəlilik daha yüksək olar. Ağac yonqarının 2-ci hissəsi ilə çalanın üstü basdırılır və sintetik pərdə ilə örtülür.
Çalışmaq lazımdır ki, yanma prosesi şiddətli getsin. Bunun üçün 10 santimetrədək qalınlığı olan hər layın nəmliyi əvvəldən sonadək duru ifrazatın hesabına 60 faizdən az olmamalıdır. Tədricən hazırlanan kompost keyfiyyətinə görə daha üstün hesab edilir.
Örtük altında güclü istilik yaranmalıdır ki, alaq otlarının toxumları, zərərverici və xəstəlik törədiciləri, müxtəlif helmitlərin yumurtaları, patogen zərərli mikroblar məhv olsun və peyində əmələ gələn danadişinin kökü kəsilsin.
Örtük altında soyuma başlayan kimi, yayda plyonka tam açılır, kütlə qarışdırılır. Bu proses yağışlı, küləkli, şaxtalı qış aylarına təsadüf edərsə, plyonka yanlardan və üstdən bükülərək qaldırılır, yaba vasitəsilə kütlənin sıxlığı boşaldılır. İkinci ayda nəmlik nizamlanır və qarışdırılır. Belə hazırlanan kompost ən geci 6 aya, əgər əhəngləmə, külləmə və s. biopreparatlarla tezləşdirilsə, 2-3 aya tam yetişir.
Kənd təsərrüfatında kompost ən çox dibçəklərin hazırlanması, meyvə tinglərinin basdırılması, yuva üsulu ilə bostan-tərəvəzin, həmçinin kartofun əkini zamanı istifadə olunur.
Yeri gəlmişkən, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə də aqrar sektorun ixrac potensialının artırılmasına mühüm önəm verilir.
Kənd təsərrüfatı məhsulları hesabına ixracı şaxələndirməyin vacib olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, biz realist olmalıyıq, nəyi ixrac edə biliriksə, diqqəti də o sektora yönəltməliyik. Bu baxımdan kartof, tərəvəz və bostan bitkilərinin əkini genişləndirilməlidir. Ona görə də yuxarıda qeyd etdiyim kimi, əsas şərtlərdən biri də keyfiyyətin daha da yaxşılaşdırılmasıdır. Bunun üçün respublikada həmin bitkilərin yetişdirilməsində işlədilən təxminən 155 min ton mineral gübrənin 20 faizi kompostla əvəz edilərsə, böyük həcmdə maliyyə qənaətinə nail olunar. Eyni zamanda, məhsulun keyfiyyəti, dadı-tamı da artar.
Hazırda şoranlaşan, erroziyaya uğrayan torpaqların əkin dövriyəsinə cəlb edilməsi, meliorasiya və irriqasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üzrə modern emal müəssisələrinin, aqroparkların yaradılması istiqamətində ciddi işlər görülür. Həyata keçirilən irimiqyaslı tədbirlərlə yanaşı, kompost kimi qiymətli, təbii üzvi gübrənin kütləvi istehsalına və geniş arealda tətbiqinə başlamağın vaxtı da çatıb.
Urfan MƏMMƏDOV,
aqrar elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.