2017-ci il Azərbaycan iqtisadiyyatının yeni çağırışlara adaptasiyası və sabitləşmə ili kimi xarakterizə edilir. 2014-cü ilin ikinci yarısından başlayaraq qlobal iqtisadi konyukturanın kəskin şəkildə dəyişməsi ölkə iqtisadiyyatı üçün əlverişsiz mühit yaratmış, dayanıqlı inkişaf strategiyası üzrə prosesin sürətləndirilməsi, iqtisadiyyatın resurs asılılığının minimum həddə azaldılması və diversifikasiya tədbirlərinin genişləndirilməsi zərurəti meydana çıxarmışdır. Yaranmış çağırışlara adekvat olaraq 2016-cı ilin dekabr ayında davamlı inkişafı hədəfləyən strateji yol xəritələri təsdiqlənmiş və 2017-ci ildən etibarən fəaliyyət planına uyğun olaraq tədbirlər həyata keçirilmişdir. Son 3 ildə aparılan iqtisadi islahatlar institusionallığı ilə müşahidə olunmuş, dövlət strukturunun optimallaşdırılması, effektivliyin artrılması kimi istiqamətlərdə mühüm qərarlar qəbul edilmişdir. Eyni zamanda, ötən dövr üçün dövlət vəsaitlərindən məqsədli və şəffaf istifadə müxanizmlərinin təkmilləşdirilməsi prioritetlər sırasında olmuşdur.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni stratetji yanaşmanı qarşıya qoydu. Həmin yol xəritələri post-neft dövrünün yeni çağrışlarına uyğun hazırlanaraq, təsdiq edilmişdir. İqtisadiyyatın diversifikasiya istiqamətində reallaşdırılan islahatlar, eyni zamanda, yeni strateji baxış tələb edirdi ki, sözügedən yol xəritəsi də buna imkan yaratdı. Vurğulamaq lazımdır ki, yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair müvafiq vəzifələri özündə əks etdirən sənəd olmaqla hər bir aparıcı sahə üzrə strategiyanın müəyyənləşdirilməsinə əlverişli şərait formalaşdırdı.
Yeni iqtisadi model Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin müdafiəsi, iqtisadi liberallaşma tədbirlərinin davam etdirilməsi və eləcə də kiçik və orta sahibkarlığın inkişafı kimi strateji hədəflərə malikdir. Qeyd edək ki, 11 sektor üzrə strateji xəritələrin hazırlanması və təsdiq edilməsi məhz Azərbaycan iqtisadiyyatında priortitet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratmışdır. Bu sənəddə fiskal dayanıqlığın gücləndirilməsi, davamlı monetar siyasətin qəbulu, xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiqi, maliyyə bazarının sabitləşməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatlar, iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiyası, insan kapitalının inkişafı, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi kimi hədəflər müəyyənləşdirilmişdir.
Göründüyü kimi, sənəddə hər bir hədəf aydın və strateji baxımdan əsaslandırılmış şəkildə təqdim edilmiş və bununla da iqtisadi islahatların daha da genişləndirilməsi üçün real baza formalaşdırılmışdır.
Ötən dövr ərzində həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin əvvəlindən etibarən Azərbaycan iqtisadiyyatında bərpa prosesi sürətlənmiş, maliyyə bazarlarında volatilin zəifləməsi xərcləmələri stimullaşdırmış, məcmu tələbin həcmində artım dinamikası müşahidə edilmişdir. Beləliklə, iqtisadiyyatın qeyri-neft bölməsində yaradılan ümumi daxili məhsulda yanvar-noyabr ayları üzrə orta hesabla 2,4 faiz artım qeydə alınmışdır.
Ötən ilin müvafiq dövründə qeyri-neft sənayesi üzrə artım 3,5 faiz olmaqla iqtisadiyyatda xüsusi çəkisi 13,5 faizə yüksəlmişdir. Bundan başqa yanvar-noyabr aylarında kənd təsərrüfatında 4,2 faiz, yükdaşımada 1,8 faiz, sərnişindaşımada 2,3 faiz, informasiya və rabitə xidmətlərində 5,9 faiz artım qeydə alınmışdır. Qeyd edək ki, 2017-ci ilin 11 ayı ərizndə ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların 44,2 faizi qeyri-neft sektoruna aid olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8, 5 faiz artım deməkdir. Qeyri-neft sektoruna yönəldilən investisiyaların artması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
İqtisadiyyatın qeyri-neft sektorunda müsbət dinamika ixracın şaxələndirilməsi baxımından səmərəli olmuş, ötən ilin 11 ayında bu sahədə 22 faizdən çox artım qeydə alınmışdır. Son illər kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən kompleks islahatlar sektorun ixrac qabiliyətini daha da artırmış, nəticədə ən çox ixrac edilən 5 məhsul novündən 3-ü məhz bu sahənin payına düşmüşdür. Ümumilkdə isə 2017-ci ilin 11 ayı ərzində meyvə-tərəvəzin ixracı 35 faiz, çay ixracı 65 faiz, pambıq ixracı 2,3 dəfə artmışdır.
Hesabat dövründə bir sıra qeyri-ərzaq təyinatlı məhsulların ixracında da ciddi artım nəzərə çarpmışdır. Belə ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 2 dəfə, kimya sənayesi məhsullarının həcmi isə 35 faiz artmışdır.
Onu da qeyd edək ki, Azexport.az portalının yaradılması, xarici ölkələrə ixrac missiyalarının reallaşdırılması və s. kimi tədbirlər ötən il ərzində qeyri-neft məhsullarının dünya bazarlarına çıxışı imkanlarını artırmışdır. Keçən ilin yanvar- noyabr aylarında yerli istehsalçılar Azexport.az portalı vasitəsi ilə 444,6 milyon ABŞ dolları həcmində ixrac sifarişi qəbul etmişlər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə 4,71 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Bu isə 2016-cı il üzrə xarici ticarət saldosundan təxminən 7,7 dəfə artıqdır.
Ötən illər ərzində ölkədə idxalın yerli istehsal hesabına əvəzlənməsi məqsədilə həyata keçirilən islahatlar öz bəhrəsini vermişdir. Belə ki, 2017-ci ilin 10 ayı ərzində ölkəyə idxal edilən məhsulların dəyəri müqayisəli qiymətlər üzrə 18 faiz azalmışdır. İdxalın azalması xarici ticarət saldosunda profisitin artmasına müsbət təsir göstərmiş, həmçinin milli valyutanın məzənnəsinə təzyiqlərin azalması ilə nəticələnmişdir.
Real sektorun böyüməsi əhalinin gəlirlərinin artımını şərtləndirmişdir. Nəticədə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 8,2 faiz artaraq 43,4 milyard manat olmuşdur. Əhalinin bir nəfərinə düşən gəlir isə 4459 manat və yaxud ötən illə müqayisədə 7,2 faiz artıq olmuşdur. Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində ölkə üzrə orta aylıq əmək haqqı 6,4 faiz yüksələrək 525,4 manata çatmışdır. Yeri gəlmişkən, 2015-ci ilin əvvəlindən 2017-ci ilin oktyabr ayına qədər olan dövrdə Azərbaycanda orta aylıq əmək haqqı 18,2 faizdən çox artmışdır.
Dünya bazarlarında karbohidrogen məhsullarının qiymətlərində pozitiv dinamika ilə yanaşı, müxtəlif istiqamətlərdə, o cümlədən idxalın əvəzlənməsi, ixracın şaxələndirilməsi, investisiya mühitinin daha da təkmilləşdirilməsi yolu ilə ölkəyə xarici sərmayə axınının təşviqi, pul vəsaitlərinin hərəkətinə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində tədiyyə balansının profisiti əhəmiyyətli səviyyədə yüksəlmişdir. 2017-ci ilin II rübü üzrə müvafiq göstərici 2014-cü ilin III rübü səviyyəsinə çatmışdır.
Tədiyyə balansının profisiti ölkədə maliyyə sabitliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, ehtiyat aktivlərin (strateji valyuta ehtiyatları) artımına səbəb olmuşdur. Artım həm Mərkəzi Bankın ehtiyatları, həm də Dövlət Neft Fondunun aktivləri üzrə baş vermişdir. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 31 faiz artaraq 5,25 milyard ABŞ dolları olmuşdur.
Fiskal konsolidasiya tədbirlərinin davam etdirilməsi və neftin qiymətinin ötən illə müqayisədə artması Neft Fondunun aktivlərində artımın əsas səbəbi hesab edilir. Belə ki, 2016-cı ilin sonu ilə müqayisədə ötən ilin sentyabr ayında fondun aktivlərinin həcmi 2,87 milyard ABŞ dolları ekvivalentində, yaxud 8,7 faiz artaraq 36,02 milyard ABŞ dollarına bərabər olmuşdur.
Ümumilikdə isə keçən ilin 9 ayı ərzində Azərbaycan Respublikasının strateji valyuta ehtiyatlarında 11 faiz artım baş vermişdir. Hazırda ölkənin valyuta ehtiyatları ümumi daxili məhsuldan 9 faiz artıq olması ilə diqqət çəkir.
Hesabat dövründə ölkə iqtisadiyyatında sabitliyin bərpası maliyyə bazarları tərəfindən yüksək qiymətləndirilmişdir. Paralel olaraq Mərkəzi Bankın maliyyə alətlərindən səmərəli istifadə etməsi, vaxtaşırı olaraq valyuta bazarlarında aktiv iştirakçılığı milli valyutanın məzənnəsinin mart ayından etibarən sabitləşməsi ilə nəticələnmişdir.
Sonrakı aylarda qlobal konyukturda müəyyən fluktasiyaların baş verməsinə baxmayaraq, manatın məzənnəsi bu dəyişikliyə daha az həssaslıq nümayiş etdirmişdir ki, bu da ölkə iqtisadiyyatının qlobal təsirlərdən müdafiəsi tədbirlərinin səmərəliliyi nəticəsində mümkün olmuşdur.
Hazırda 1 ABŞ dolları 1,7 manata bərabərdir ki, bu da 2017-ci ilin yanvar ayı ilə müqaisədə milli valyutanın 11,5 faiz möhkəmlənməsi deməkdir.
Maliyyə tarazlığının dayanıqlığı Mərkəzi Bankın monetar siyasətinə pozitiv təsir etmişdir. Belə ki, 2017-ci il fevral-noyabr aylarında pul bazası 1,7 milyard manat və yaxud 24,3 faiz artırılaraq 8,7 milyard manata çatdırılmışdır.
Dövriyyədə pul kütləsinin artırılması iqtisadi aktivliyi dəstəkləmiş, məcmu tələb səviyyəsini artırmaqla istehsalın genişlənməsinə şərait yaratmışdır.
Onu da vurğulayım ki, 2017-ci il, eyni zamanda, bir sıra əlamətdar iqtisadi hadisələrlə diqqət çəkdi. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına başlanıldı. Xatırladım ki, strateji yol xəritələri 12 fərqli istiqamət üzrə iqtisadi və institusional islahatların həyata keçirilməsini nəzərdə tutur. Yol xəritələrinin icrası qanunvericilik bazasının gücləndirilməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılması yolu ilə biznes mühitinin daha da inkişaf etdirilməsi və beləliklə, Azərbaycan iqtisadiyyatının üfüqi və şaquli diversifikasiyası kimi mühüm hədəflərə istiqamətlənmişdir.
2017-ci ilin oktyabr ayında tikintisi 10 il davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı reallaşmışdır ki, bu hadisə ilin mühüm iqtisadi nailiyyətlərindən biri hesab edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız iqtisadi deyil, siyasi və strateji baxımdan da Azərbaycan üçün uğurlu layihədir. Bu dəmir yolu respublikamızın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışına imkan yaradır. Eyni zamanda, Çin daxil olmaqla Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya ölkələri də adı çəkilən dəmir yolu vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxmaq imkanı əldə edəcəklər. Onu da qeyd etmək lazımdır ki, layihə ABŞ və eləcə də Avropa İttifaqı tərəfindən birmənalı qiymətləndirilmirdi. Dəmir yol xəttinin Ermənistandan kənar keçməsi səbəbindən ABŞ-ın “Eximbank”ı, eləcə də bir sıra Avropa ölkələrinin dövlət və idxal-ixrac əməliyyatları həyata keçirən bankları layihəni maliyyələşdirməkdən imtina etdilər. Layihənin maliyyələşdirilməsi ilə bağlı həmin ölkələrin şərti ondan ibarət oldu ki, Azərbaycan dəmir yol xəttinin Ermənistan ərazisindən keçməsinə icazə versin. Respublikamız isə nəinki öz üzərinə düşən xətləri daxili maliyyə mənbələri hesabına qarşıladı, eyni zamanda, Gürcüstanın maliyyə ehtiyacını da demək olar ki, faizsiz kreditlə təmin etdi. Beləliklə, Azərbaycan qətiyyətli addım ataraq xəttin Ermənistan ərazisindən keçmədən reallaşmasına nail ola bildi.
Bakı-Tbilisi-Qars dəmir yolunun və Bosfor boğazında dənizin altı ilə keçən dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etdi. Bununla da yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya daşınması imkanı yarandı. Layihə region ölkələrin tranzit potensialının artması, qlobal inteqrasiya prosesinin sürətlənməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafı, həmçinin Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yarandı.
Sadalananlarla yanaşı, layihə Azərbaycanın tranzit əhəmiyyətini daha da artırmaqla yanaşı, ölkənin strateji inkişaf planının bu istiqamət üzrə dəyər zəncirini tamamlayacaq, qeyri-neft iqtisadiyyatının mühüm sahəsi olan nəqliyyat sektounun inkişafını sürətləndirəcək və yerli istehsal və ixrac imkanlarının genişlənməsinə müsbət təsir edəcəkdir.
BTQ-nin əsas bazarı Çin daxil olmaqla Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya ölkələrindən Avropa ölkələrinə və əks istiqamətdə sərnişin və yük daşımaları hesab edilir. Bu istiqamətdə daşımalar əsasən dəniz yolu ilə həyata keçirilir və 25-30 gün vaxt tələb olunur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin çatdırılması üçün vaxt sərfiyyatı 12-15 gün təşkil edir. Başqa sözlə, dəniz daşımaçılığına nisbətən yüklərin mənzil başına çatdırılması müddəti 2 dəfədən çox azdır. Bu isə dəmir yolu xəttini qısa zamanda digər alternativlərindən daha cəlbedici olmasını şərtləndirəcəkdir. Məhz bu məqamı nəzərə alan Türkiyənin nəqliyyat nazirinin açıqlamasından məlum olur ki, gələcəkdə sözügedən dəmir yolu ilə il ərzində 50 milyon ton yük daşınacaq.
Yaxın gələcəkdə Qazaxıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna verəcəyi illik yük həcminin 10 milyon tona çatacağı da proqnozlaşdırılır ki, bu da layihənin icrasından əvvəl hesablanan ilkin daşıma həcmindən artıqdır.
Baki-Tbilisi-Qars dəmir yolu 3 ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçir ki, bu da qeyd edilən kəmər üzrə səmərəli kordinasiyanın və təhlükəsizliyin təmin edilməsi baxımıəndan əhəmiyyətli məqamdır.
2017-ci idə, həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi” yenilənərək “Yeni əsrin yeni müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” ilə “Yeni əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır. Belə ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı, eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi. Hazırda isə Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə isə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi. Buna baxmayaraq “Əsrin müqavilə”sində öz dövlət və milli maraqlarımıza uyğun olaraq, şərtlər xarici şirkətlərlə razılaşdırıldı.
Ölkə iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf etmişdir. Bu kontekstdə “Yeni əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonus əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddətdə iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi bonusun həcminin 12 dəfə artmasını şərtləndirmişdir ki, bu da nəticə etibarilə ölkəyə xarici valyutanın daxil olması baxımından mühüm məqamdır.
Yeni “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu isə neft sektorunun inkişafı baxımından vacib olmaqla yanaşı, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran amilə çevriləcək. Çünki bütün hallarda neft sənayesinə yönəldilən investisiya, həm də qeyri-neft sektorunun inkişafı üçün mühüm maliyyə təminatı formalaşdıracaq.
2017-ci ildə Azərbaycan global reytinqlərdə ciddi irəlləyişlər əldə etdi. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşdı. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qorudu. Həmin hesabatda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşdı.
Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında isə Azərbaycan səkkiz pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəldi. Azərbaycan, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri hesab olundu.
Göründüyü kimi, Azərbaycan 2017-ci ildə hədəflənən iqtisadi sabitliyə nail ola bildi. 2018-ci ildə isə Azərbaycan hökuməti ilə yanaşı, bütün beynəlxalq maliyyə qurumları, o cümlədən, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı respublikamızda iqtisadi artımın reallaşacağını proqnozlaşdırırlar. Bu isə yeni ildə Azərbaycanı yeni iqtisadi uğurların gözlədiyindən xəbər verir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.