İqtisadi uğurları ilə yadda qalacaq bir il də tarixə qovuşdu

Dünya birliyində özünün layiqli yeri olan, uzun illərdir ki, Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda 2017-ci il yaddaqalan hadisələrlə əlamətdar oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atıldı. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəldi, qlobalmiqyaslı uğurlar qazanıldı, həyatın bütün sahələrində dinamik inkişaf davam etdi. Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, ilin on bir ayında qeyri-neft sektorunda ümumi daxili məhsul 2,4 faiz artıb. Artım qeyri-neft sənayesində 4,4 faiz, kənd təsərrüfatında 4,2 faiz təşkil edib.

Ölkə həyatında nəzərə çarpan bəzi mühüm hadisələrə də diqqət yetirək. 2017-ci il sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. Başqa sözlə, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunan saziş imzalandı.

Yeri gəlmişkən, adı çəkilən kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq.

“Əsrin müqaviləsi” çərçivəsində ötən 23 il ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Həmin yataqlarda hələ təxminən 500 milyon ton neft ehtiyatının mövcudluğu proqnozlaşdırılır.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu yolun tikintisinə dair saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk illərdə 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Başqa sözlə, bu dəmir yolu ilə Çindən birbaşa Londona yüklərin daşınması təmin edilir.

2017-ci ilin ən mühüm hadisələrindən biri də Azərbaycanda iki milyardıncı ton neftin hasil edilməsi oldu. Xatırladaq ki, respublikada çıxarılan 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, həmçinin 460 milyon tonu konsorsium tərəfindən hasil edilib.

Yeri gəlmişkən, Azərbaycan neftinin milyardıncı tonu 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunun hasilatı təxminən 100 ilə başa gəlmişdi. İkinci milyard tonu çıxarmağa isə bundan iki dəfə az - 46 il vaxt sərf olunub.

Yuxarıda sadalananlarla yanaşı, 2017-ci ildə baş verən digər əlamətdar hadisələrə də nəzər salaq. Sözügedən dövrdə Azərbaycanda Bakı Gəmiqayırma zavodunun istehsalı olan “Xankəndi” gəmisi suya buraxıldı. Azərbaycan xaricdə ilk ticarət evini açdı. Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verildi. Azərbaycanda 40-dan artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolları yenidən quruldu. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edildi. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı sənaye müəssisəsi tikildi. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırıldı, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaratdı.

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. 2017-ci ildə Neftçala rayonunda sənaye məhəlləsinin açılması, Sabirabad Sənaye Məhəlləsinin isə təməlinin qoyulması bunun bariz ifadəsidir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır.

Hazırda uğurlu neft-qaz strategiyasının reallaşdırılması nəticəsində ölkənin dayanıqlı maliyyə resursları formalaşıb, bunun sayəsində isə mövcud sənaye potensialından səmərəli istifadə imkanları genişlənib. Elə 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 35,7 milyard manatlıq sənaye məhsulunun istehsal edilməsi, məhsul istehsalının sənayenin qeyri-neft sektorunda 3,5 faiz artması bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti öz həllini uğurla tapır.

Neft-qaz gəlirlərinin hesabına ölkədə yeni müasir möhtəşəm körpülər salınıb. Bütün sahələrdə yeni infrastruktur qurulub. Bölgələrimiz abadlaşıb, paytaxtımız dünya meqapolisləri sırasına çıxıb. Azərbaycanda tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə inşa edilən 50-dən çox Olimpiya mərkəzi, çəkilən 11 min kilometrdən çox yollar, enerji infrastrukturu, şaxələndirilmiş iqtisadiyyat... Bir sözlə, ölkənin bütün inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması amili dayanır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənən III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2017-ci ilə qədər olan dövrdə ümumilikdə 679,4 min olmaqla, 502 min daimi iş yeri yaradılıb. Bu dövrdə açılan iş yerlərinin 60,3 faizi qeyri-dövlət sektoruna məxsusdur. Artımın qeyri-dövlət sektorunda olması bu sahəyə göstərilən diqqətin nəticəsidir. Statistik rəqəmlərdən də görünür ki, yeni iş yerlərinin çox hissəsi Bakıda açılıb. Lakin bununla bərabər, regionlarda da yeni iş yerlərinin açılmasının dinamikasında artım aşkar görünür. Daimi iş yerlərinin 9,3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 75,2 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Yeni iş yerlərinin əhatə etdiyi sahələr də müxtəlifdir. Belə ki, hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 21,2 faizi tikinti, 21,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,9 faizi emal sənayesi, 8 faizi dövlət idarəetməsi və müdafiə sahələrini əhatə edir. Bundan sonrakı sahələri sosial təminat, müxtəlif xidmət, peşə, elmi, texniki fəaliyyət, turistlərin yerləşdirilməsi, ictimai iaşə tutur.

Cari ilin yanvar-sentyabr aylarında sənayedə işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 974,2 manata çatıb. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində olub.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasət aqrar-sənaye kompleksinin köklü şəkildə yenidən qurulmasına səbəb olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır”. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması və s. bu sahənin inkişafına təkan verib.

Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən, aqroparkların yaradılması 2017-ci ildə də əsas hədəflərdən biri olub. Dövlət başçısının tapşırığına uyğun olaraq, 26 rayon üzrə 38 aqroparkın, o cümlədən 14 müasir cins heyvandarlıq kompleksinin və 24 iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı müəyyən tədbirlər reallaşdırılıb. Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında bu istiqamətdə xeyli iş görülüb.

Yeri gəlmişkən, son illərdə 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan həmin fermer təsərrüfatlarının qurulmasına 70,5 milyon manat güzəştli kredit verilib. Hazırda bu təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm önəm daşıyır.

Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən, pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyin inkişafı istiqamətində imzalanan sərəncamlar, keçirilən müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib. Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı artıb, ixrac imkanları genişlənib.

Bir sözlə, həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib. Rəsmi statistikaya görə, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizədək yüksəlib. Önəmli faktlardan biri də odur ki, son bir neçə ildə ölkənin kənd təsərrüfatına yatırılan investisiyaların da həcmi artırılıb. Təkcə 2017-ci ilin 7 ayında ölkə iqtisadiyyatına yatırılan investisiyanın 40 faizini kənd təsərrüfatı yönümlü investisiyalar təşkil edib.

2017-ci ildə kənd təsərrüfatında heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə olunub. Məhz bunun nəticəsidir ki, ət və ət məhsullarının idxalında azalma qeydə alınıb.

Ölkənin kənd təsərrüfatında pambıqçılıq mühüm yer tutmaqdadır. 2017-ci ildə 2015-ci illə müqayisədə pambıq tarlalarının ərazisi dəfələrlə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə bu günədək tarlalardan 200 min tondan artıq pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu göstərici keçən il 89 min ton olub. Sahələr üzrə məhsul istehsalı da keçən ilə nisbətən 2,5 dəfə artıb və həmin məhsulların qonşu ölkələrə ixrac həcmi yüksəlib.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq, ötən il bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilb.

Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, 2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət
satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunub, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilib, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilib.

Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyanın verilməsinə görə dövlət rüsumları təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyanın verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib.

İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanılıb. İndiyədək 190 sahibkarlıq subyektinə 205 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,7 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Qeyd edək ki, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və ƏDV-dən tam azadolma aiddir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 153 sahibkarlıq subyektinə 931 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 40 milyon ABŞ dollarından çoxdur.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə Meyvə və Tərəvəz, Arıçılar, Fındıq, Nar, Xurma, Tütün, Şərab, Tekstil İstehsalçıları və İxracatçıları, Tikinti Materialları, Mebel və Qablaşdırma Sənayesi assosiasiyaları, İxracatçılar Klubu yaradılıb.

Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olub.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilən kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi ötən il ərzində hökumətin prioritet fəaliyyət istiqamətləri olub. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri olan əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərilib, əlil və şəhid ailələri mənzillə təmin olunub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında