Azərbaycan artıq nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınıb. Respublikamızda son 14 ildə mühüm layihələr reallaşıb. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib. Bunun nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilib. Son aylarda isə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Əsrin müqaviləsi”nin yenilənməsi beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib.
Sözügedən dövrdə ölkədə investisiya fəaliyyəti genişləndirilib, sərmayə qoyuluşu stimullaşdırılıb, sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanılıb. İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilib.
İnvestisiya təşviqi sənədi təqdim edilən layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Həmin sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri isə 44 milyon ABŞ dollarından çoxdur.
Özəl bölmənin inkişafına müsbət təsir göstərən bir məsələni də xatırlatmaq istərdik. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan çox güzəştli kredit verilib. Həmin kreditlərin 74 faizi regionların payına düşür. Bununla yanaşı, cari ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1400 investisiya layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, eyni zamanda, son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit ayrılıb.
İxrac potensialı güclənir
Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, respublikanın iri sənaye mərkəzlərində, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. Bu obyektlər həm sənayeləşmə siyasətinin uğurla aparıldığını göstərir, həm də yerli istehsalın daha da gücləndirilməsində, idxaldan asılılığın azaldılmasında mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri daha da genişlənib, müstəqil siyasət həyata keçirən ölkəmizin dünyada nüfuzu daha da artıb, ixracın coğrafiyası genişlənib. Dövlət başçısının qeyd etdiyi kimi: “...ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib. Nəticədə son 14 ildə xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz istifadəyə verilib.
İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının “Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, potensial ixrac ölkələrinə ixrac missiyaları təşkil edilir, ölkəmizin beynəlxalq əhəmiyyətli sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq edilir.
Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə Belarusda Azərbaycan Ticarət evi fəaliyyətə başlayıb. Bununla yanaşı, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır.
Dövlət başçısının 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmanına uyğun olaraq, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilib.
Həyata keçirilən sistemli tədbirlər artıq öz nəticəsini verməkdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı sayında bildirilir ki, cari ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu əməliyyatlarda 1824 subyekt iştirak edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faizdən çox artıb. Bu ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib. Belə ki, hesabat dövründə Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Sənayeləşmə siyasəti uğurla aparılır
Ölkəmizdə prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, habelə “Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” də dövlətimizin başçısı tərəfindən məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adları çəkilən sənədlər qeyri-neft sənayesinin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.
“Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Bu Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.
Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimləmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Bu Yol Xəritəsinin icrası nəticəsində sənayedə 7700 daimi yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.
İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub, “Azərspace” və “Azersky” telekommunikasiya peykləri orbitə buraxılıb, yaxınlarda isə “Azərspace-2” peykinin orbitə buraxılması nəzərdə tutulub. Müdafiə sənayemiz inkişafının yeni mərhələsinə daxil olub. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panellərindən və külək generatorlarından istifadə olunmağa başlanılıb. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılıb və bununla da daha yeni bir sənaye sahəsinin əsası qoyulub.
Son illərdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində də ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşan sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, 3 Yüksək Texnologiyalar Parkı yaradılıb. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayıb. Bütün bunlar isə sənaye istehsalı göstəricilərində öz ifadəsini tapıb. Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında yaydığı məlumatda bildirilir ki, həmin dövrdə ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz, bu sahədə yaradılan əlavə dəyər isə 3,7 faiz artıb, neft sektorunda isə 6,6 faiz azalıb.
Azərbaycanda sənaye parklarının rezidentləri üçün bir sıra güzəştlər nəzərdə tutulub. Məsələn, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunublar. İndiyədək Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard ABŞ dollarınadək olan 11 müəssisəyə rezident statusu verilib.
Aqrar sektorda dayanıqlı inkişafa nail olunub
Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektorun inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyini təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.
Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib. Rəsmi statistikaya görə, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizədək yüksəlib. Önəmli faktlardan biri də odur ki, son bir neçə ildə ölkənin kənd təsərrüfatına yatırılan investisiyaların da həcmi artırılıb. Təkcə 2017-ci ilin 7 ayında ölkə iqtisadiyyatına yatırılan investisiyanın 40 faizini kənd təsərrüfatı yönümlü investisiyalar təşkil edib. 2017-ci ildə kənd təsərrüfatında heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə olunub. Məhz bunun nəticəsidir ki, ət və ət məhsullarının idxalında da azalma qeydə alınıb.
Ölkənin kənd təsərrüfatında pambıqçılıq mühüm yer tutmaqdadır. 2017-ci ildə 2015-ci illə müqayisədə pambıq tarlalarının ərazisi dəfələrlə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə bu günədək tarlalardan 200 min tondan artıq pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu göstərici keçən il 89 min ton olub. Bu sahələr üzrə məhsul istehsalı keçən ilə nisbətən 2,5 dəfə artıb və həmin məhsulların qonşu ölkələrə ixrac həcmi yüksəlib.
Proqnozlar gələcəyə daha ümidlə baxmağa əsas verir
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Bütün bunlarla bərabər, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə həyata keçirilən islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Bu mənada Azərbaycanın mühüm makroiqtisadi göstəricilərə imza atması ilk növbədə onun gələn il təsdiqlənən dövlət zərfində real əksini tapır. 2018-ci il ücün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizini təşkil etməklə, 2017-ci ilin təsdiq olunan büdcə proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat, yaxud 16 faiz çoxdur. Gələn il qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərindəki xüsusi çəkisi 44,9 faiz və ya 9 milyard 31 milyon manat təşkil edəcək. Bu isə 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çoxdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.