Sürətli inkişafın və iqtisadi tərəqqinin akkordları

On dörd il bundan əvvəl prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq ölkəyə rəhbərlik missiyasına başlayan cənab İlham Əliyev ötən müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunu və inkişaf strategiyasını layiqincə davam etdirib. Bunun nəticəsində xalqımızın Prezident İlham Əliyevə olan etimadı getdikcə güclənib, respublikamızda milli həmrəylik möhkəmlənib. Dövlətimizin başçısının iqtisadi inkişafa və sosial rifaha yönələn bütün fəaliyyəti  insanlar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Elə buna görə də ötən hər prezident seçkisi seçicilərin əksəriyyətinin səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb.

Praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı ötən 14 ildə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib.

“Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkib, bu məqama mühüm önəm verib.  

Azərbaycan Prezidenti ötən illərdə ölkəmizi müasir və qüdrətli dövlətə çevirmək məqsədini, sadəcə, bəyanatlarla ifadə etməyib, eyni zamanda, qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün konkret icra mexanizmləri müəyyənləşdirib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər qəbul edilib. Azərbaycanın uzunmüddətli inkişaf strategiyası dərin elmi proqnozlar əsasında hazırlanıb. Həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Azərbaycanın investisiya cəlbediciliyi, makroiqtisadi sabitliyi qorunub saxlanılıb, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olunub,  iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə edilib. Bütün bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənən dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına əlverişli şərait  yaradıb. 

 

Sosial-iqtisadi göstəricilər inkişafı əks etdirir

 

Azərbaycanın  strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin noyabr ayının əvvəlinə 42 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2004-2016-cı illərdə ümumi daxili məhsul real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə, sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artıb.

Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Reallaşdırılan sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb. Bu artım tendensiyası cari  ildə də davam edib və bu ilin 11 ayında əhalinin nominal gəlirləri 8,2 faiz artaraq 43,4 milyard manata, adambaşına düşən gəlirlər 7,2 faiz artaraq 4459 manata çatıb. Yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5 faizədək azalıb. Son 14 ildə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulub.

Sözügedən dövrdə xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu illər ərzində Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb.

Görülmüş tədbirlər sayəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.

Ölkəmizdə, eyni zamanda, bütün çadır düşərgələrinin ləğvinə, məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salınaraq bu təbəqədən olan 250 min insanın mənzil şəraitinin yaxşılaşdırılmasına nail olunub, 3 mindən çox məktəb, 600-dən artıq tibb ocağı, 40-dan çox olimpiya idman kompleksi tikilib.

 

Özəl sektora diqqət qeyri-neft sektorunun inkişafını sürətləndirib

 

Son 14 il ərzində sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edib. Bu siyasət iqtisadiyyatın prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanıb. Ötən illərdə sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini gerçəkləşdirən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması özəl sektorun inkişafını sürətləndirib.

Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılıb, onların fəaliyyətlərinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib və təbii ki, bütün bunlar  iş adamları tərəfindən razılıqla qarşılanıb.

Burada bir məqamı da xatırlatmaq istərdik.  Ötən dövrdə qaninverici və institusional islahatlar daim diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında”, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilən “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı sahibkarlığın inkişafına ciddi təkan verib.

Yeri gəlmişkən, həmin sənədlər əsasında sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayı və ödənilən rüsumların məbləğləri dəfələrlə azaldılıb, icazələrin verilməsi prosedurları sadələşdirilib, bu sahədə elektron portal fəaliyyətə başlayıb, sahibkarların hüquqlarının qorunması məqsədilə apelyasiya şuraları yaradılıb. Bütün bunlarla bərabər, ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunub, ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştləri verilib, idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətləri daha da genişləndirilib. 

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb. Lisenziya və icazələr sahəsində aparılan islahatlara əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib.  

Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. Belə ki, 2003-2016-cı illərdə məşğul əhalinin sayında qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 70,3 faizdən 75,4 faizə çatmaqla, mütləq ifadədə 796 min nəfər və ya 28,5 faiz artıb. Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi respublika əhalisinin 47 faizinin yaşadığı kənd rayonlarında məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə və kənd əhalisinin gəlir imkanlarının artmasına şərait yaradıb. Statistik göstəricilərə görə, ev təsərrüfatlarında kənd təsərrüfatından adambaşına gəlirlərin 2003-2016-cı illərdə 5,8 dəfə artdığı müşahidə olunub.

Cari il ərzində də əmək bazarı göstəricilərində yaxşılaşma prosesinin davam edəcəyi, habelə iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfərə, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfərə və ya məşğul əhalinin 32 faizinə çatacağı proqnozlaşdırılır. Həmçinin 2005-2016-cı illərdə 4 dəfə, cari ilin yanvar-oktyabr aylarında 6,4 faiz artaraq 525,4 manat olmuş orta aylıq əməkhaqqının 2018-ci ildə 550 manata çatacağı gözlənilir. 

 

Modernləşdirmə siyasəti müsbət nəticələrlə nəzərə çarpır

 

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən müddətdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb.

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır. 

Azərbaycanda sənaye parkı və məhəllələrinin fəaliyyətindən danışarkən, bir cəhəti də  xatırlatmaq istərdim. Belə ki, ölkəmizdə sənaye parklarının yaradılması dövlətimizin başçısı cənab İlham Əliyevin  24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilən “Sənaye parkları haqqında nümunəvi əsasnamə”də, eləcə də “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı son illərdə xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində bir sıra layihələr həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin ekspertlərinin tövsiyələri nəzərə alınmaqla müvafiq təkliflər hazırlanıb, ardıcıl tədbirlər reallaşdırılıb.

Yeri gəlmişkən, düşünülən neft-qaz strategiyasının reallaşdırılması nəticəsində artıq ölkənin dayanıqlı maliyyə resursları formalaşıb,  bunun  sayəsində isə mövcud sənaye potensialından səmərəli istifadə imkanları genişlənib. Elə cari ilin yanvar-noyabr aylarında ölkədə 35,7 milyard manatlıq sənaye məhsulunun istehsal edilməsi, məhsul istehsalının sənayenin qeyri-neft sektorunda 3,5 faiz artması bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi  məsələsi öz həllini uğurla tapır.

Son illər dövlət tərəfindən geniş həcmdə investisiyalar yatırılan kənd təsərrüfatında da dinamik inkişaf var. Xüsusilə dövlət başçısının sədrliyi ilə müxtəlif sahələr üzrə müşavirələrin keçirilməsi, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq və çayçılıqla bağlı qarşıya çıxan bütün problemlərin müzakirəsi, dövlət proqramlarının hazırlanması və bütün hədəflərin müəyyənləşdirilməsi sözügedən sahənin sürətli inkişaf mərhələsinə keçdiyini bir daha təsdiqləyir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatları yüksək qiymətləndirir. Təşkilatın baş direktoru Joze Qrasianu da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və Azərbaycanın yoxsulluğu 5 faizədək aşağı salmağa nail olan azsaylı ölkələrdən biri olduğunu qeyd edib. Beynəlxalq təşkilatın açıqladığı rəqəmlərdən də aydın görünür ki, ölkəmiz aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təminatı və yoxsulluğun azaldılması istiqamətində böyük uğurlar qazanıb.

 

İnfrastruktur layihələrinin reallaşdırılması

 

İnfrastruktur layihələrinin həyata keçirilməsindən danışarkən, bu il gerçəkləşən mühüm bir hadisəni xatırlatmaq istərdim. Bununla bağlı əvvəlcə onu qeyd edim ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan tamamilə yeni bir neft strategiyasını hazırlamağı qarşıya əsas məqsəd qoydu. Bu, təsadüfi deyildi. Çünki o vaxta kimi  “Azəri-Çıraq-Günəşli” yataqlarına dair hazırlanan müqavilə milli maraqlara cavab vermirdi. Ona görə də xarici neft şirkətləri ilə danışıqlar davam etdirildi və yeni neft-qaz strategiyası üzərində gərgin iş aparıldı. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bu il sentyabrın 14-də imzalanan saziş də Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi kursuna sədaqətini, ölkə iqtisadiyyatının çoxşaxəli variantda inkişaf etdiyini, ən başlıcası isə cənab İlham Əliyevin respublikamıza dünyada böyük hörmət və nüfuz qazandırdığını əyani göstərdi.

Xatırladım ki, 1994-cü ildə “Azəri-Çıraq-Günəşli”nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Bu il sentyabrın 14-də dəyişdirilən və yenidən işlənən sazişin imzalanması vaxtilə başlanan mühüm layihələri əngəlləyənləri, başqa sözlə, xaricdəki əleyhdarlarmıza və daxildə aranı qarışdırmaq istəyən bəzi qüvvələrə ən tutarlı cavab oldu. 

Yeri gəlmişkən, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft çıxarılıb. Son 23 ildə layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.

“Azəri-Çıraq-Günəşli”dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki “Azəri-Çıraq-Günəşli” potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. Ona görə də imzalanan sazişi haqlı olaraq “Yeni əsrin müqaviləsi” adlandırırlar. Bu, digər tərəfdən, 1994-cü ildə imzalanan sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində “Azəri-Çıraq-Günəşli”nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq.

Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir. Başqa sözlə, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.

Neft-qaz gəlirlərinin hesabına ölkədə yeni müasir  möhtəşəm körpülər salınıb. Bütün sahələrdə yeni infrastruktur qurulub. Bölgələrimiz abadlaşıb, paytaxtımız dünya meqapolisləri sırasına çıxıb. Azərbaycanda tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə inşa edilən 50-dən çox Olimpiya mərkəzi, çəkilən 11 min kilometrdən çox yollar, enerji infrastrukturu, şaxələndirilmiş iqtisadiyyat... Bir sözlə, ölkənin bütün inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması amili dayanır.

Son illər Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları da bu sahənin inkişafına güclü təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən ölkəmiz həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir.

Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm addım olan  BTQ dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.

Bu il oktyabrın 30-da BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, eyni zamanda, qlobal əhəmiyyətli tarixi hadisəyə çevrildi.  Bu dəmir yolu Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzanır  və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

BTQ dəmir yolunun açılışı münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. BTQ dəmir yolunun fəaliyyəti nəticəsində yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

 

İnsan amilinə mühüm önəm verilir

 

Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin  genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi ötən illər ərzində  hökumətin prioritet fəaliyyət istiqamətləri olub. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Cənab İlham Əliyevin sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaratmaqla bərabər, həm də əmək və sosial müdafiə sistemində şəffaf iş mexanizminin qurulması üçün mütərəqqi islahatları sürətləndirib.  

Cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır” strateji xəttinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə kompleks tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır.

Ötən müddət ərzində uğurlu sosial siyasət həyata keçirən Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə “Cənub-Cənub” mükafatına layiq görülüb. 

Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin göstərilməsidir. Bu dövrdə əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 5 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Son 14 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla qəsəbə salınıb, 37 min ailə mənzillə təmin edilib.

Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr verib, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaradıb. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən sosial layihələr, eyni zamanda,  respublikamızın  dünyada nüfuzunun artmasında əhəmiyyətli rol oynayıb.    

Sosial müdafiə sisteminin yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malik komponentləri sırasında ən mühüm yeri pensiya təminatı tutur. 2006-cı ilin əvvəlindən ölkəmizdə müasir sığorta-pensiya modelinə keçilməsi bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə adekvat layiqli pensiya təminatı sisteminin formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Bu sistemin müsbət nəticələri kimi, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb. 2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib.

 

Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələri 

 

Ötən dövrdə Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmayıb və yüksək qiymətləndirilib. 

Məsələn, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumilikdə, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlib,  2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayıb. Bundan əlavə, respublikamız 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib. Həmin hesabatda Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, “Vergilərin ödənişi” göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə yüksəlib.  

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında