Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 47 faiz artıb

Bu ilin 11 ayının göstəricilərinə əsasən, Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz artaraq 493,2 milyon ABŞ dolları olub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Samir Şərifov Mamuka Baxtadzeni maliyyə naziri təyin olunması münasibətilə təbrik edərək yeni vəzifədə ilk rəsmi səfərini Azərbaycana etməsini yüksək qiymətləndirib. Nazir bunun iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verən S.Şərifov bildirib ki, hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir. Həyata keçirilmiş bir sıra fiskal, monetar və institusional islahat tədbirləri nəticəsində makroiqtisadi göstəricilərdə müsbət meyillər müşahidə olunmaqdadır.

Bəzi statistik rəqəmləri açıqlayan nazir bildirib ki, 2017-ci ilin 11 ayının göstəricilərinə əsasən Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz artaraq 493,2 milyon ABŞ dolları olub. Bundan başqa, cari ilin 9 ayının göstəricilərinə əsasən, Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə birinci sıradadır.

Ölkəsinin vacib tərəfdaşı və əsas investoru kimi Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirən Mamuka Baxtadze Gürcüstanın büdcə-vergi sistemi, qiymətli kağızlar bazarı barədə məlumat verərək iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə tranzit imkanları, yeni istismara verilən, Azərbaycan və Gürcüstanın ticarət və investisiya münasibətlərində mühüm yerə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin iki ölkənin iqtisadi əməkdaşlığı üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Gürcüstanın nümayəndə heyəti Azərbaycan Maliyyə Nazirliyində hazırda tətbiq olunan müasir "bulud" texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.

Sonra Mamuka Baxtadze Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında