Azərbaycan-Litva biznes forumu

Fevralın 9-da Bakı Biznes Mərkəzində Litva Seyminin sədri xanım İrena Dequtienenin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Litva tərəfdən kənd təsərrüfatı, qida sənayesi, energetika, telekommunikasiya, tikinti, təhsil və s. sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak etmişdir.
Forumu giriş sözü ilə açan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycan və Litva arasında ticarət dövriyyəsinin artdığını, qeyri-neft sektorunda əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir. O demişdir ki, biznes forumda aparılan müzakirələr gələcəkdə birgə müəssisələrin yaradılmasına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin daha da artmasına və iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradacaqdır. Azərbaycanın iqtisadi imkanlarını xatırladan parlamentin sədri bildirmişdir ki, son 10 ildə ölkənin dövlət büdcəsi 15 dəfəyədək artmış, valyuta ehtiyatları 30 milyard dollara çatmışdır.
Litva Seyminin sədri İrena Dequtiene iki ölkə arasında mövcud iqtisadi əlaqələrdən və əməkdaşlıq imkanlarından danışmış, işgüzar görüşlərin, biznes forumlarının keçirilməsinin əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulamışdır. AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf şirkətin iştirakı ilə həyata keçirilən layihələr, Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi Regimantas Yablonskas ölkəsinin biznes imkanları barədə təqdimatlarla çıxış etmişlər.
Sonra Azərbaycan və Litva barədə qısa filmlər nümayiş olunmuşdur.
Forumda Litva Sahibkarlar Konfederasiyasının baş direktoru Alqimantas Akstinas və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Vilnüs Universitetinin prorektoru Yuris Banis və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev anlaşma memorandumu imzalamışlar. Litvanın "İnta" şirkəti ilə Azərbaycanın "Kiber" Ltd şirkəti arasında da belə bir sənəd imzalanmışdır.
Sonra forum iş adamlarının ikitərəfli görüşləri ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında