2018-ci ilin dövlət büdcəsi davamlı iqtisadi inkişaf üçün əsaslı şərait yaradır

Dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyin təminatı milli iqtisadiyyatın şaxələndirilmiş, davamlı inkişafından asılıdır. Ulu öndər Heydər Əliyevin göstərdiyi kimi,  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin idarə edilməsində tutduğu istiqaməti də onun öz ifadəsi ilə yada salaq.  “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Məhz elə həmin yolun nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə iqtisadiyyatı yüksək inkişaf edən, rəqabətqabiliyyətli bir dövlət kimi tanınır.

Dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı, uzaqgörən strateji tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaradılması və stimullaşdırılması, bütün infrastruktur layihələrinin reallaşdırılması, maliyyə bazarının təkmilləşdirilməsi təmin edilmiş, milli iqtisadiyyatın rəqabətqabiliyyəti artmışdır. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan rəqabətqabiliyyətliyə görə dünyanın 140 dövləti arasında iki pillə də irəliləyərək
35-ci yerə yüksəlmiş və MDB ölkələri arasında liderliyi uzun müddətdir ki, qoruyub saxlamaqdadır. “Doinq Business” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.

Qlobal transformasiyalar dövründə dünyada yaranan problemlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi elmə və təcrübəyə əsaslanan, düşünülmüş  idarəetmə sistemi əsasında ölkədə mövcud makroiqtisadi sabitliyə və milli iqtisadiyyatın şaxələndirilməsinə  və davamlı inkişafına nail olunmuş, əhalinin sosial rifahı dinamik olaraq yaxşılaşdırılmışdır. Dünya təcrübəsi göstərir ki, davamlı iqtisadi inkişafa nail olmaq, ölkə əhalisinin sosial problemlərinin həlli ilə bərabər qlobal təhlükələrin qarşısını almaq üçün əsasdır. Davamlı iqtisadi inkişafa nail olunması və təhlükəsizliyin təminatı bilavasitə dövlət idarəçiliyinin maliyyə mənbəyi olan büdcədir. Büdcənin əsas xüsusiyyəti dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə müəssisə, təşkilat və əhali arasında əmələ gələn iqtisadi münasibətləri ifadə etməsidir. Bu xüsusiyyətə əsaslanan Azərbaycan Respublikasının dövlət büdcəsi sosial və invetisiya yönümlüdür. Büdcə iqtisadiyyatdan yarandığı üçün iqtisadiyyatın inkişafı büdcə gəlirlərinin artmasına və bununla da sosial iqtisadi inkişafa səbəb olur.

Azərbaycanda şaxələnmiş, davamlı iqtisadi inkişafın maliyyə təminatının yaradılmasında, dövlətin ölkəni idarə etmək funksiya və vəzifələrinin yerinə yetirilməsində əsas olan, dövlət büdcəsinin tərtibi və təsdiqi beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmışdır ki, bu da “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanuna əsasən, gələn ilin dövlət büdcəsinin layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanır. Cari ilin dekabrın 20-nə qədər Milli Məclisdə mərhələlərlə müzakirə olunub, təsdiq üçün dövlət və icmal büdcələrinin layihələri sonrakı 3 il üçün icmal büdcəsinin göstəriciləri və Azərbaycan Respublikasının 2018-ci il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqram göstəriciləri”, “Büdcə sistemi haqqında” Qanuna əsasən büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan büdcə layihəsi sənədi artıq hüquqi status alaraq, gələn ilin təsdiq olunmuş dövlət büdcəsi kimi qəbul olunur.

Bütün yuxarıda göstərilən prosesdur qaydaları əsasında hazırda 2018-ci ilin tərtib edilən dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə edilərək, cənab Prezidentə təqdim olunmuşdur.

2018-ci ilin dövlət büdcəsinin layihəsində neftin bazar qiyməti 45 dollar/barel əsasında tərtib edilmişdir ki, bu da 2017-ci ilin büdcəsində qəbul edilmiş 40 dollar bareldən 5 dollar/barel çoxdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin idarə olunmasındakı düşünülmüş iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri hər il dinamik olaraq artan dövlət büdcəsində əks olunur. Belə ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılmışdır ki, bu da ölkənin əsas makroiqtisadi göstəricisi olan Ümumi Daxili Məhsulun 29 faizi həcmindədir. 2017-ci ilin dövlət büdcəsi ilə müqayisədə gəlirlər 3,36 milyard manat və ya 20 faiz, 2016-cı ilin büdcə gəlirlərindən isə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Mərkəzləşdrilmiş gəlirlər 19 milyard 476,329 min manat, yerli gəlirlər 650,671 min manat proqnozlaşdırılıb.

Büdcə xərcləri 2017-ci ildəkindən 2,965 milyard manat və ya 16,5 faiz artıqdır.

Dövlət büdcəsinin kəsiri – 778,1 milyon manatdır. Kəsirin örtülmə mənbəyi:

- daxili və xarici dövlət borcunun alınması;

- 2018-ci ilin yarvarın 1-nə olan vahid xəzinə hesabında qalıq;

- Avropa İttifaqı qrantları – 29 milyon manat.

Bazar  iqtisadiyyatı konsepsiyasına əsasən çoxmülkiyyətliyə keçidlə əlaqədar olaraq özəl sektor dövlət tərəfindən tənzimlənir. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi ilə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Belə ki, müasir postneft dövründə büdcə gəlirlərində qeyri-neft sektorunun payı təqribən 50 faizə çatmışdır. Özəl sektorun dövlət tənzimlənməsi ilə sahibkarlara verilmiş güzəştli kreditlər (hazırda Sahibkarlığa Kömək Fondunun verdiyi kreditlər faiz gəlirlərindən formalaşır), dövlətin stimullaşdırıcı tədbirləri və dəstəyi bu sahənin yüksək səviyyədə  inkişafına səbəb olmuşdur. Qeyri-neft sektorunun mühüm hissəsi olan və 2001-ci ildən başlayaraq, 9 vergi növündən yalnız torpaq vergisi ödəyən, kənd təsərrüfatı istehsalçılarının 2021-ci ilə qədər bu vergidən də azad olması gələcəkdə böyük artıma səbəb olacaq.

Dövlət büdcəsinin gəlirləri vergilər, gömrük rüsumları və digər daxilolmalar hesabına formalaşır. 2018-ci ilin dövlət büdcəsi layihəsində vergilərdən gəlirlər 7,907 milyard manat səviyyəsində müəyyənləşib ki, bu da büdcə gəlirlərinin 39,3 faizini təşkil edir. Büdcəyə daxil olar vergilərin tərkibində ən böyük məbləğ 4,288 milyard manat Əlavə Dəyər Vergisidir.  İdxala görə isə bu vergi 1,705 milyard manat proqnozlaşdırılıb. Sonrakı yerləri isə mənfəət (2,320 milyard manat) və gəlir (1,196 milyard  manat) təşkil edir. Gömrük rüsumları 2,43 milyard  manat nəzərdə tutulub, yəni büdcə gəlirlərinin 12,1 faizi qədər. Digər yığımlar və gəlirlər 574 milyon manat olmaqla büdcə gəlirlərinin 2,8 faizi qədər proqnozlaşdırılmışdır.

2018-ci ilin dövlət büdcəsi layihəsinin gəlirlərində ən böyük məbləği  Dövlət Neft Fondundan transfert təşkil edir – 9,216 milyard manat, yəni büdcə gəlirlərinin 45,8 faizi məbləğində. Qeyd etmək lazımdır ki, 1999-cu il 29 dekabrında ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ildən fondun ehtiyat valyutasının tərkibində diversifikasiya edilməli valyuta gəlirlərini artıraraq ölkənin sosial-iqtisadi inkişafının, xaricdə tələbələrin təhsilinin, beynəlxalq və ölkə səviyyəli layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondu mühüm əhəmiyyət kəsb edir. Statistikaya əsasən son 10 ildə Dövlət Neft Fondundan 76 milyard dollar transfert edilmişdir.   

Yuxarıda göstərildiyi kimi 2018-ci ilin dövlət büdcəsi layihəsində xərclər 20,906 milyard manat müəyyənləşdirilib. Xərclər üç qrupda birləşdirilir. Bunlar:

- cari xərclər;

- əsaslı xərclər;

- kreditlərin verilməsi. (Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir).

Dövlət büdcəsi, əvvəlki illərdə olduğu kimi sosial və investisiya yönümlüdür. Belə ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılıb ki, bu da 2017-ci ilin müvafiq göstəricilərindən 2,2 faiz çoxdur.

 2018-ci ilin dövlət büdcəsi layihəsinin xərclər hissəsində sənaye tikintisi və faydalı qazıntılar, ümumi dövlət xidmətinə ayırmalardan sonra ən böyük məbləğ, müharibə şəraitində olan ölkəmiz üçün təbiidir ki, müdafiə xərcləridir. Bu xərclər  2 milyard 738,722 milyon manat proqnozlaşdırılıb. Məbləğinə görə sornrakı yerlərdə dövlət borcu və borclara xidmət edilməsi ilə bağlı xərclər 2 milyard 262,778 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri – 2 milyard 197,182 milyon manat və təhsil xərcləri – 2 milyard 1,498 milyon manat proqnozlaşdırılıb.

Aparılmış proqnoz araşdırmalarına əsasən 2018-ci ildə Ümumi Daxili Məhsul 1,5 faiz artaraq 69,4 milyard manat və onun tərkibində qeyri-neft sektorunun payı, 2017-ci ilə nisbətən 2,9 faiz artaraq 47,6 milyard manat olaraq (83 faiz), növbəti illərdə orta hesabla orta 3,5 faiz artacağı proqnozlaşdırılıb.

2018-ci ildə əsas kapitala invetisiya qoyuluşu 15,9 milyard manat, o cümlədən daxili investisiyaların 8,2 milyard manat, xarici investisiyaların 7,7 milyard manat olacağı nəzərdə tutulub.

2018-ci ildə dövlət investisiya xərcləri 4,9 milyard manat müəyyənləşdirilib ki, bu da ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək.

Prezident İlham Əliyevin apardığı uğurlu idarəçilik məharəti öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycan Respublikasının sosial-iqtsadi inkişafını əks etdirən bəzi statistik rəqəmlərə nəzər salsaq, 9 ayın yekunlarına görə qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmışdır. Bu müddətdə xarici ticarət 7 faiz artaraq 4,4 milyard dollar müsbət saldoya nail olunmuşdur. Hazırda ölkəmizin valyuta ehtiyatı 42 milyard dollara bərabərdir. Yalnız cari ilin 9 ayında bu məbləğ 4,5 milyard dollar artmışdır. Bu dövrdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 226 min yeni iş yeri yaradılmışdır ki, bunun da 171 mini daimidir.

Dövlət büdcəsinin idarə olunmasında istehsal sahələrinə aid olan bütün qanunların aşağıdakı istiqamətlərdə göstərilməsinə nəzarət edilir:

- iqtisadiyyatın dövlət tənzimlənməsi;

- sosial-iqtisadi siyasətin həyata keçirilməsinin maliyyə təminatı;

- mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi.

Müasir dövrdə əsas məqsəd qeyri-neft məhsullarının istehsalını daim artırmaqla, daxili tələbatı tam ödənilməsi və ixraca rəqabətqabiliyyətli məhsullar təqdim etməkdir. Dövlətin iqtisadiyyatı tənzimləməsi ilə bizneslə məşğul olan iş adamlarına hərtərəfli şərait yaradıldığından, artıq onlar xarici bazarlara çıxmalıdırlar. Artıq ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən bütün imkanlar yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndə cari, orta və uzunmüddətli dövrlər üzrə inkişaf hədəflərinin və tədbirlər planlarının müəyyən olunması və elmi cəhətdən əsaslandırılması bir daha sübut edir ki, hazırda dövlət tərəfindən ölkədə düşünülmüş, məqsədyönlü, məntiqli, ardıcıl, sistemli, uzlaşdırılmış, riskləri qabaqcadan nəzərə alan və qiymətləndirən, nəticəyə əsaslanan effektiv siyasət həyata keçirilir. Strateji yol xəritələrinə əsasən, ölkəmizdə qeyri-neft ixracının təşviq edilməsi və yeni ixrac bazarları hesabına genişləndirilməsi, idxaləvəzləyici istehsal sahələrinin inkişafı və yerli istehsalın idxal məhsullarından asılılıq dərəcəsinin azaldılması, xarici investisiya və texnologiyaların cəlb edilməsi üçün həvəsləndirən əlverişli investisiya mühitinin təmin edilməsi, ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və fiskal dayanıqlığının gücləndirilməsi, müasir dövlət tələblərinə cavab verən insan kapitalının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər nəzərdə tutulmuşdur. Hazırda buna uyğun olaraq, islahatların qanunvericilik bazası və dövlət idarəçiliyi sistemi əsaslı surətdə təkmilləşdirilir.

“Strateji Yol Xəritəsi”ndə ölkəmizin davamlı iqtisadi inkişaf modelinə keçid konsepsiyası olmaqla bərabər, müəyyən olunmuş istiqamətlər üzrə strateji məqsədləndirmə və maliyyələşdirmə mexanizmləri müəyyən edilmişdir. Milli iqtisadi inkişafın bütün mərhələlərinin sistemli tədqiqi aydın şəkildə göstərir ki, həqiqətən də, “Azərbaycan modeli” ölkəmizin posneft dövrünə keçidini və yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmasını etibarlı şəkildə təmin edə biləcək yeganə modeldir.

Bütün yuxarıda göstərilənləri yekunlaşdıraraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi ilə şaxələndirilmiş, davamlı iqtisadi inkişafa nail olunmuşdur. Əlbəttə, bir məqalədə bunları əks etdirmək mümkün olmadığından yalnız onu qeyd etmək olar ki, ərazisinə görə kiçik (hətta 20 faiz torpaqlarımızın zəbt edilməsinə, 1 milyon qaçqın problemi olmasına baxmayaraq) olan ölkəmiz tarixin az bir zaman kəsiyində uzun illər inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlmişdir.

Azərbaycan yeni-yeni beynəlxalq layihələrə imza atır. “Cənub” qaz dəhlizi, “Bakı-Tbilisi-Qars” dəmir yolu, yeni bağlanmış  “Azəri, “Çıraq”, Günəşli” neft müqaviləsi və s. bunun bariz nümunəsidir. Artıq “Made in Azerbaijan”  brendi ilə ixrac olunan məhsullar, əksər ölkələrdə rəqabətqabiliyyətli məhsul kimi bəyənilərək respublikaya valyuta gətirir.

Azad bazar iqtisadiyyatı şəraitində dövlətin rolunun vacibliyini öz elmi əsərləri ilə sübut edən məşhur iqtisadçı alim D.Keynsin göstərdiyi kimi “Bütün dünyanı idarə edən dövlət başçılarıdır. Onların buraxdığı cüzi səhvlər böyük fəlakətlərə səbəb olur”. Alimin bu fikri müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Belə ki, bu ideya Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin düzgün aparılan idarəçilik uğurları və bəşəri nüfuzu ilə müqayisədə Ermənistan Prezidentinin öz ölkəsini tənəzzülə, fəlakətə uğramasında aydın əks olunur.

Artıq bir neçə gündən sonra ölkəmizə yeni– 2018-ci il qədəm qoyur. Bu ili xalqımız yüksək nailiyyətlər və sevinclə qarşılayacaq. Respublikamızda bütün daxili və xarici uğurlu nailiyyətlər şaxələndirilmiş, davamlı iqtisadi inkişaf ölkə rəhbəri cənab İlham Əliyevin idarəçilik fəaliyyəti, xalqla iqtidarın birliyi nəticəsində əldə olunmuşdur. Bütün bunlar  2018-ci ildə uğurlarımızın daha da çox olacağına əminlik yaradır.

Roza  ƏLİYEVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında