Azərbaycan dinamik inkişaf yolunda

 

 

 

 

 

 

 

 

 

 

 


Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bugünkü müasir, müstəqil Azərbaycan Respublikasının mövcudluğu üçün möhkəm bünövrənin yaradılması yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tərəfindən dərin islahatların həyata keçirilməsi nəticəsində mümkün olub. Hazırda həmin islahatlar xətti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə vaxtilə uzaqgörənliklə həyata keçirdiyi inkişaf strategiyasına görə adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan ümummilli liderin ideyalarının həmişəyaşarlığına dəlalət edir.  

Mən burada mühüm bir məqamı xüsusilə diqqətə çatdırmaq istərdim. Ulu öndərimiz xalqın təkidi ilə yenidən hakimiyyətə gəldiyi 1993-cü ildən indiyədək Azərbaycanda dinamik inkişaf nəzərə çarpır. Ekspertlər haqlı olaraq 1993-2003-cü illəri tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi vurğulayırlar. Bu da təsadüfi deyil. Çünki məhz o dövrdə dövlətçiliyimizin əsasları qoyulub, milli ideologiyamız – azərbaycançılıq ideologiyası təqdim edilib və uğurla reallaşdırılmasına başlanılıb. Azərbaycan beynəlxalq təcriddən çıxıb və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilib. 

Xatırladım ki, o illərdə respublikanın sosial-iqtisadi sahələrində böhran hökm sürürdü. Ümummilli lider Heydər Əliyev yeganə çıxış yolunu bazar iqtisadiyyatına keçilməsi üçün ciddi islahatlar aparılmasında görürdü. Bu məqsədlə, ilk növbədə, ölkəyə xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Dahi öndər bu missiyanın öhdəsindən müdrikliklə gəldi. Torpaq islahatı keçirildi, xüsusi mülkiyyətin əsası qoyuldu. “Əsrin müqaviləsi” imzalandı, neft strategiyasının reallaşdırılmasına başlanıldı. Xarici investorların ölkəyə cəlb edilməsi nəticəsində inkişaf prosesi sürətləndi. Bu dövrdən etibarən Azərbaycan tərəqqi mərhələsinə qədəm qoydu. 1999-cu ildə isə Bakı-Supsa neft kəmərinin tikilib istismara verilməsi nəticəsində Azərbaycan nefti Avropa bazarına çıxış əldə etdi. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda aparılan genişmiqyaslı islahatlar tədricən ölkəmizi gücləndirdi. Respublikamız bütün çətin sınaqlardan şərəflə çıxa bildi və bugünkü sürətli inkişafın da təməli məhz o illərdə qoyuldu. 

 

 Son 14 ilə qısa nəzər

 

Dahi şəxsiyyət əbədiyyətə qovuşandan ötən 14 il ərzində ölkəmiz ulu öndərin müdrik siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Hazırda Azərbaycan güclü ölkəyə çevrilib. Respublikamız tarixdə heç vaxt indiki qədər güclü, qüdrətli  olmayıb. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev bu il noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilən təntənəli yubiley mərasimində söylədiyi nitqində bildirib: “Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var.

Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən müddətdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırılıb, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

Yuxarıda sadalananlarla bərabər, Azərbaycanda   qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədi ilə ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyi artırılıb. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı dövlət başçısının yeni iqtisadi inkişaf konsepsiyasının prioritetinə çevrilib.    

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır. 

Azərbaycanda sənaye parkı və məhəllələrinin fəaliyyətindən danışarkən, bir cəhəti də  xatırlatmaq istərdim. Belə ki, ölkəmizdə sənaye parklarının yaradılması dövlətimizin başçısı cənab İlham Əliyevin  24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilən “Sənaye parkları haqqında nümunəvi əsasnamə”də, eləcə də “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı son illərdə xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində bir sıra layihələr həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin ekspertlərinin tövsiyələri nəzərə alınmaqla müvafiq təkliflər hazırlanıb, ardıcıl tədbirlər reallaşdırılıb.

İnvestisiya axınının gücləndirilməsi üçün sənaye parklarının ərazisində yerli və xarici sərmayədarlar üçün müəyyən güzəştlər nəzərdə tutulub. Belə ki, sənaye parklarında fəaliyyət göstərən rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilib.

Yeri gəlmişkən, düşünülən neft-qaz strategiyasının reallaşdırılması nəticəsində artıq ölkənin dayanıqlı maliyyə resursları formalaşıb,  bunun  sayəsində isə mövcud sənaye potensialından səmərəli istifadə imkanları genişlənib. Elə cari ilin yanvar-noyabr aylarında ölkədə 35,7 milyard manatlıq sənaye məhsulunun istehsal edilməsi, məhsul istehsalının sənayenin qeyri-neft sektorunda 3,5 faiz artması bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi  məsələsi öz həllini uğurla tapır.

Son illər dövlət tərəfindən geniş həcmdə investisiyalar yatırılan kənd təsərrüfatında da dinamik inkişaf var. Xüsusilə dövlət başçısının sədrliyi ilə müxtəlif sahələr üzrə müşavirələrin keçirilməsi, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq və çayçılıqla bağlı qarşıya çıxan bütün problemlərin müzakirəsi, dövlət proqramlarının hazırlanması və bütün hədəflərin müəyyənləşdirilməsi sözügedən sahənin sürətli inkişaf mərhələsinə keçdiyini bir daha təsdiqləyir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatları yüksək qiymətləndirir. Təşkilatın baş direktoru Joze Qrasianu da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və Azərbaycanın yoxsulluğu 5 faizədək aşağı salmağa nail olan azsaylı ölkələrdən biri olduğunu qeyd edib. Beynəlxalq təşkilatın açıqladığı rəqəmlərdən də aydın görünür ki, ölkəmiz aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təminatı və yoxsulluğun azaldılması istiqamətində böyük uğurlar qazanıb.

Azərbaycanda iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub. Həmçinin, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına əlverişli şərait yaradıb. Bununla bərabər dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb, ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə marağını artırıb.

Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar. Məhz elə buna görədir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Son 14 ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib.

 

İnfrastruktur layihələri ölkəmizin geosiyasi əhəmiyyətini artırır

 

Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən səmərəli istifadə edir. Son illər respublikada 6 beynəlxalq hava limanı tikilib. Dəmir yolu infrastrukturu ən müasir standartlara uyğun müasirləşdirilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

İnfrastruktur layihələrinin ölkəmizin geosiyasi həyatındakı rolundan danışarkən, bu il gerçəkləşən mühüm bir hadisəni də xatırlatmaq istərdim. Bununla bağlı əvvəlcə onu qeyd edim ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan tamamilə yeni bir neft strategiyasını hazırlamağı qarşıya əsas məqsəd qoydu. Bu, təsadüfi deyildi. Çünki o vaxta kimi  “Azəri-Çıraq-Günəşli” yataqlarına dair hazırlanan müqavilə milli maraqlara cavab vermirdi. Ona görə də xarici neft şirkətləri ilə danışıqlar davam etdirildi və yeni neft-qaz strategiyası üzərində gərgin iş aparıldı. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bu il sentyabrın 14-də imzalanan saziş də Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi kursuna sədaqətini, ölkə iqtisadiyyatının çoxşaxəli variantda inkişaf etdiyini, ən başlıcası isə cənab İlham Əliyevin respublikamıza dünyada böyük hörmət və nüfuz qazandırdığını əyani göstərdi.

Xatırladım ki, 1994-cü ildə “Azəri-Çıraq-Günəşli”nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Bu il sentyabrın 14-də dəyişdirilən və yenidən işlənən sazişin imzalanması vaxtilə başlanan mühüm layihələri əngəlləyənləri, başqa sözlə, xaricdəki əleyhdarlarmıza və daxildə aranı qarışdırmaq istəyən bəzi qüvvələrə ən tutarlı cavab oldu. 

Yeri gəlmişkən, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft çıxarılıb. Son 23 ildə layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.

Onu da deyim ki, “Azəri-Çıraq-Günəşli”dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki “Azəri-Çıraq-Günəşli” potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. Ona görə də imzalanan sazişi haqlı olaraq “Yeni əsrin müqaviləsi” adlandırırlar. Bu, digər tərəfdən, 1994-cü ildə imzalanan sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində “Azəri-Çıraq-Günəşli”nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq.

Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir. Başqa sözlə, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, indiyədək neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadi inkişafımızla yanaşı, sosial problemlərin həllində də mühüm rol oynayır.  Neft gəlirləri, ilk növbədə, ölkəmizdə ən çətin sosial durumda olan qaçqın və məcburi köçkünlərin güzəranının yaxşılaşdırılmasına sərf edilir.

Neft-qaz gəlirlərinin hesabına ölkədə yeni müasir  möhtəşəm körpülər salınıb. Bütün sahələrdə yeni infrastruktur qurulub. Bölgələrimiz abadlaşıb, paytaxtımız dünya meqapolisləri sırasına çıxıb. Azərbaycanda tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə inşa edilən 50-dən çox Olimpiya mərkəzi, çəkilən 11 min kilometrdən çox yollar, enerji infrastrukturu, şaxələndirilmiş iqtisadiyyat... Bir sözlə, ölkənin bütün inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması amili dayanır.

Son illər Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları da bu sahənin inkişafına güclü təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən ölkəmiz həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir.

Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm addım olan  BTQ dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.

Bu il oktyabrın 30-da BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, eyni zamanda, qlobal əhəmiyyətli tarixi hadisəyə çevrildi.  Bu dəmir yolu Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzanır  və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən möhtərəm Prezidentimiz  İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

İqtisadi və siyasi əhəmiyyəti barədə isə təkcə onu deyə bilərik ki, BTQ dəmir yolu xətti Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər.

Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ dəmir yolu Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən də dəstəklənib. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.   

BTQ dəmir yolunun açılışı münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. BTQ dəmir yolunun fəaliyyəti nəticəsində yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

Azərbaycan üçün mühüm önəm daşıyan infrastruktur layihələri sırasında Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub” qaz dəhlizinin reallaşdırılması da diqqət çəkir. Sözügedən dəhliz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır.

Son məlumata görə, bu layihənin ilk hissəsi olan “Şahdəniz-2” artıq yekunlaşmaq üzrədir. Azərbaycanı Gürcüstanla birləşdirən qaz xətti- Cənubi Qafqaz kəmərinin  icra səviyyəsi isə 99 faizdir. “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası da sürətlə reallaşır.   

 

Sosial siyasətdə insan amili

 

Dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib. Bu baxımdan son 14 ili bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu bir dövr kimi dəyərləndirmək olar.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin  genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi ötən illər ərzində  hökumətin prioritet fəaliyyət istiqamətləri olub. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaratmaqla bərabər, həm də əmək və sosial müdafiə sistemində şəffaf iş mexanizminin qurulması üçün mütərəqqi islahatları sürətləndirib.  

Cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır” strateji xəttinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə kompleks tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır.

Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5 faizədək azalıb.

Təsadüfi deyildir ki, ötən müddət ərzində uğurlu sosial siyasət həyata keçirən Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə “Cənub-Cənub” mükafatına layiq görülüb. 

Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin göstərilməsidir. Bu dövrdə əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 5 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Son 14 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla qəsəbə salınıb, 37 min ailə mənzillə təmin edilib.

Respublikada indiyə qədər məcburi köçkünlər üçün salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib. Bu, Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmasının bariz ifadəsidir.

Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr verib, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaradıb. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən sosial layihələr, eyni zamanda,  respublikamızın  dünyada nüfuzunun artmasında əhəmiyyətli rol oynayıb.    

* * *   

Göründüyü kimi, möhtərəm ­Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir,  regionda söz sahibi olan ölkəmizin dünyada da nüfuzu getdikcə güclənir. Ötən 14 ildə əldə edilən uğurlar, başqa sözlə, dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xəttinin müsbət nəticələri respublikamızın  qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların reallaşdırılmasını sürətləndirir.

Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında