Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Tecnicas Reunidas şirkəti arasında qurğuların rekonstruksiyası üzrə müqavilə imzalanmışdır

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan modernizasiya işləri daha keyfiyyətli yanacaq məhsullarının istehsalını nəzərdə tutur. NEZ-in modernizasiyası 2021-ci ilədək davam edəcək. Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) SOCAR-KBR şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış seçim proseduruna əsasən Tecnicas Reunidas (TR) şirkəti qalib olaraq seçilmişdir.

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilmişdir.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkəti idarə heyəti sədrinin müavini, baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak etmişlər.

Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə baş direktoru Enrique Alsina Massana imzalamışlar.

On beynəlxalq şirkətin iştirak etdiyi seçim prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlmişdir. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

- yeni qurğuların inşası;

- mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik etmişdir: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-də yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcəkdir”.

İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə heyətinin sədrinin müavini, baş icraçı direktoru Juan Llado Arburua demişdir: “Tecnicas Reunidas şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulmuşdur.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5 milyon tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Tecnicas Reunidas beynəlxalq podratçı şirkətdir. 1960-cı ildə təsis edilmiş Lummus Espanola şirkəti 1972-ci ildə Técnicas Reunidasla birləşərək onun adını qəbul etmiş və Técnicas Reunidas, S.A. kimi tanınmağa başlamışdır. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Vyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70 faizini təşkil edir. Şirkət indiyədək 1000-dən artıq sənaye müəssisəsini layihələndirərək inşa etmişdir.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında