PETROFAC və SOCAR birgə müəssisə yaratmışlar

Birgə müəssisə beynəlxalq enerji layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha mükəmməl təlim və tədris xidmətləri göstərəcək. Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsini imzalamışlar.

 SOCAR-dan aldığımız məlumatda deyilir ki, müqaviləyə əsasən SOCAR-ın səhm payı 51 faiz, Petrofac şirkətinin payı 49 faiz nisbətində müəyyən edilmişdir. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim
Osseiran imzalamışlar.

Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi, öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.

Qeyd edək ki, son illərdə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi OPITO, IOSH və s. kimi dünyanın tanınmış təşkilatların standartlarına uyğun təlimlər həyata keçirməkdədir.

Təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq.

SOCAR öz rəqabət qabiliyyətini gücləndirərək, beynəlxalq şirkətlərin personalı üçün təlim və sertifikatlaşdırılma xidmətləri həyata keçirmək imkanını əldə edəcək, bununla da sərəncamında olan təlim mərkəzlərinin kommersiya potensialını daha dolğun şəkildə reallaşdıracaqdır. Petrofac şirkəti isə yaradılan birgə müəssisə vasitəsi ilə Azərbaycanda daha dayanıqlı və səmərəli biznes qurmağa nail olacaq.

İmzalanma mərasimində çıxış edən Petrofac Mühəndislik və İstehsalat Xidmətlərinin təlim xidmətləri üzrə qlobal rəhbəri Karim Osserian demişdir: “Petrofac şirkətinin SOCAR tərəfindən tərəfdaş seçilməsi bizim üçün qürurvericidir. Birgə müəssisəmizin yaradılması malik olduğumuz səriştəni, lokal bilikləri və geniş potensiallarımızı bir araya gətirəcək. Bununla da peşə təlimləri sahəsində yeni sıçrayış üçün zəmin yaradılacaq və SOCAR-ın milli kadrların yetişdirilməsi proqramının yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.”

Tədbirdə çıxış edən SOCAR-ın vitse prezidenti Xalik Məmmədov qeyd etmişdir: “Bu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan növbəti addımdır. Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli Petrofac şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq”.

Təxminən 13 min 500 işçisi olan Petrofac Aberdin, Şarca, Abu Dabi, Uokinq, Çennai, Mumbai və Kuala Lumpurda 7 strateji fəaliyyət mərkəzinə malikdir. Şirkətin dünya üzrə daha 24 ofisi fəaliyyət göstərir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında