Bu, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə şərait yaradacaq{nl}
Əlbəttə ki, Azərbaycanı Ermənistanla müqayisə etmək mümkün deyil, Azərbaycan inkişaf edən, müasir, güclü, zəngin ölkədir. Ermənistan isə tənəzzülə uğrayan, kasıb, yoxsul, xarici yardımdan asılı ölkədir. Yəni bu iki ölkə arasındakı fərq müqayisəedilməz səviyyədədir və bu fərq getdikcə daha da artacaqdır.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Müstəqil Azərbaycan Respublikası özünün çiçəklənmə dövrünü yaşayır. Ölkəmiz artıq bir sıra iqtisadi göstəricilərinə görə regionun və dünyanın lider dövlətinə çevrilib. İqtisadi inkişaf hər il daha da sürətlənir, dövlət büdcəsi durmadan artır, insanların yaşayış səviyyəsi yüksəlir. İşğalçı Ermənistan isə iqtisadi və siyasi cəhətdən hər il daha da zəifləyir, səfil duruma düşür, xaricdən aldığı borcların miqdarı artır. Hər iki ölkənin ötənilki göstəricilərini müqayisə edəndə də bu nəticəyə gəlirik. Bunun üçün təbii ki, konkret faktlara müraciət etmək lazımdır. Bu mənada əvvəlcə Azərbaycanın keçən il əldə etdiyi nailiyyətlərə nəzər salaq.
Azərbaycan hakimiyyətinin 1993-cü ildən bu günədək apardığı düşünülmüş siyasət ötən il də davam etdirilmiş, qlobal maliyyə böhranının tam aradan qalxmadığı 2010-cu ildə iqtisadi yüksəlişimiz davam etmişdir. İstənilən halda bu bir faktdır ki, əksər ölkələrdə tənəzzül müşahidə olunsa da, 2009-cu və 2010-cu illərdə ölkəmizdə ümumi daxili məhsul müvafiq olaraq 9,3 və 5 faiz artmışdır.
Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmış, bütün sosial proqramlar həyata keçirilmişdir. Qeyd edək ki, hətta özünün iqtisadi inkişafı ilə öyünən bir sıra Avropa ölkələrində belə ötən il maaşların, pensiyaların məbləği aşağı düşmüş, bəzi şirkətlər iflasa uğramış, insanlar işdən çıxarılmış və nəticədə işsizlərin sayı xeyli artmışdır. Azərbaycanda isə əksinə, keçən il 70 mindən çox yeni iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər isə ölkəmizdə 900 mindən çox iş yeri açılmışdır. Təkcə ötən il ərzində regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilmişdir.
Ötən ilin diqqət çəkən uğurlarından biri də yoxsulluq səviyyəsinin aşağı düşməsidir. 2010-cu ildə yoxsulluq şəraitində yaşayanlar əhalinin 9, 1 faizini təşkil etmişdir. Yeddi il əvvəl bu rəqəmin 49 faiz olduğunu nəzərə alsaq, onda əldə olunan nəticəni daha yaxşı dəyərləndirə bilərik. Ümumiyyətlə, son yeddi il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 4-5 dəfə aşağı düşmüşdür. 550 min nəfər ölkə vətəndaşı ünvanlı sosial yardım almışdır. Bu da dövlətimizin əhalinin sosial cəhətdən zəif təbəqəsinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsi hesab oluna bilər.
Sevindirici haldır ki, bir sıra göstəricilərə görə Azərbaycan inamla "Orta gəlirli ölkələr" sırasına daxil olmuşdur. Lakin "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası vardır. Bu, adambaşına düşən milli gəlirin 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Hazırda bizdə bu səviyyə 10 min dollardır. Əgər iqtisadiyyatımız önümüzdəki illərdə də bu templə inkişaf etsə, - ehtimal ki, daha da sürətlə inkişaf edəcək - onda mütləq "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalasına çata biləcəyik. Düzgün iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində biz buna nail olacağıq. Çünki təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft və qaz ixracını gündən-günə artırması və bununla bərabər iqtisadiyyatın şaxələndirilərək inkişafı siyasətinin uğurla reallaşdırılması da buna imkan verir. Onu da deyək ki, neft-qaz sektorunda keçən il 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Bu il qazın hasilatı və ixracının daha da artacağı gözlənilir. Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkar edilən "Ümid" qaz yatağı bizim qaz ixracı potensialımızı dəfələrlə artırır. Bu nəhəng qaz yatağı ilə birlikdə ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Bu isə bizə 100 il bəs edər. Ümid edirik ki, bu il və gələn il aparılacaq kəşfiyyat işləri nəticəsində yeni-yeni qaz yataqları aşkar olunacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda iqtisadiyyat təkcə enerji sektoruna indekslənməyib. Qeyri-neft sektoru da sürətlə inkişaf edir. Belə ki, son 15 il ərzində Azərbaycana astronomik miqdarda - 95 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. 2010-cu ildə yatırılan 15,5 milyard dollar həcmində sərmayənin 9,3 milyard dolları məhz qeyri-neft sektorunun payına düşür. Bu da sübut edir ki, Azərbaycanda qeyri-neft sektoru da sürətlə inkişaf edir. Digər bir fakta diqqət yetirək: 2009-cu ildə dünyada neftin qiyməti 4 dəfəyədək düşsə də, həmin il Azərbaycan iqtisadiyyatı 9, 3 faiz artmışdır. Bu, iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün praktik tədbirlərin həyata keçirilməsi, ölkə rəhbərliyinin təsdiq etdiyi proqramların, konseptual yanaşmanın həyatda öz əksini tapması ilə əlaqədardır.
Azərbaycan iqtisadiyyatının gücləndiyini göstərən əhəmiyyətli faktlardan biri də büdcəmizin xeyli artması ilə bağlıdır. 2011-ci il üçün dövlət büdcəmizin xərcləri təxminən 16 milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard dollar təşkil edir. Ölkəmizin dayanıqlı inkişafının zəmanəti olan strateji valyuta ehtiyatları da xeyli artıb və bu artım sürətlə davam edir. Artıq strateji valyuta ehtiyatımız 29 milyard ABŞ dollarından çoxdur.
Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda isə görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.
Azərbaycanın sürətli yüksəlişi beynəlxalq təşkilatların da diqqətindən yayınmır. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycan 14-cü dövlət olmaq yolunda böyük məsafə qət edib. Dünyanın 133 ölkəsini əhatə edən "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı mötəbər sənəddə azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan 18 pillə irəliyə çıxmışdır. Dünya İqtisadi Forumu isə rəqabətə davamlılıq baxımından ölkəmizin iqtisadiyyatını yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, hətta qlobal böhran illərində Azərbaycan iqtisadi uğursuzluğa məruz qalmamış, əksinə, yüksək nəticələr əldə etmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Douing Business-2010" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Douing Business-2011"də isə bir pillə irəliləmişdir. Müstəqil Dövlətlər Birliyinin icraçı katibi Sergey Lebedev isə açıqlamasında demişdir: "Azərbaycan MDB ölkələri arasında iqtisadi böhrana uğramayan yeganə dövlətdir. Azərbaycan nəinki böhrana uğramadı, hətta ümumi daxili məhsulun istehsalında artım müşahidə olunmuşdur".
Bütün bunlar Azərbaycanın sürətli iqtisadi inkişafının beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyini göstərir. İndi gələk Ermənistana. Təcavüzkar dövlət elə bir "quyunun dibinə düşüb" ki, oradan xilas olması mümkün deyil. İqtisadi tənəzzül, kasıblıq, yoxsulluq, xarici yardımdan asılılıq bu ölkənin gündəlik reallığına çevrilib. Dünyada baş verən maliyyə böhranı Ermənistandakı sosial-iqtisadi vəziyyəti xeyli gərginləşdirib. Ötən il ölkə iqtisadiyyatı daha da bərbad vəziyyətə düşüb. Əhalinin gəlirləri bir neçə dəfə azalsa da, ərzaq məhsullarının qiyməti əksinə, dəfələrlə artıb. Beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, insanlar acından ölməmək üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Nəticədə bu gün Ermənistanda 1 milyon 700 min əhali qalıb. 2011-ci il üçün ölkənin dövlət büdcəsi təxminən 1,1 trilyon dram (2,8 milyard dollar) müəyyənləşib. Ermənistanın baş naziri Tiqran Sarkisyan dövlət büdcəsinin çox riskli olduğunu etiraf edib, hökumətin bu risklərin azaldılması üçün əlindən gələni edəcəyini söyləyib. Maraqlı bir məqam da ondan ibarətdir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Ermənistanın dövlət büdcəsində yarım milyard dollar kəsir yaranacaq və bunu aradan qaldırmaq üçün yenidən xaricdən borc götürüləcək. Beləliklə, 2008-ci ildə 13, 6 faiz, 2009-cu ildə 36, 1 faiz, 2010-cu ildə də bir o qədər artan xarici borcun həcmi 2013-cü ildə 4 milyard dolları ötüb keçəcək. Bütün bunlar Ermənistanın məhvə doğru sürükləndiyini göstərən əsaslı faktlardır.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin gəlir hissəsi 850 milyard dram təşkil edir. Bu isə 2008-ci ildə qəbul edilmiş büdcənin gəlir hissəsindən 746 milyard dram və ya 13,9 faiz çoxdur. Ancaq ötən 4 il ərzində ölkədə qiymətlər 26,3 faiz artıb. Keçmiş baş nazir etiraf edir ki, vəziyyət olduqca ağırdır və belə davam etsə, Ermənistanı 2012-ci ildə defolt gözləyir. O, hesab edir ki, bu ilin büdcəsində ölkənin daxili borcunda dəyişiklik edilib: "Bu cənablar ölkənin əsas xarici borcunu ümumi daxili məhsulun göstəricisi ilə uyğunlaşdırıb, sonda da deyirlər ki, ölkənin daxili borcu 45 faiz təşkil edir. İlk baxışdan bu, qorxulu deyil. Çünki Meksikada bu göstərici 90 faizdir. Amma sübut olunub ki, daxili borcu ÜDM-lə yox, ixracın ümumi həcmi ilə müqayisə etmək lazımdır. Onda Ermənistanda bu rəqəm 435 faiz olacaq. Təbii ki, bu da dünya üzrə pis göstərici deyil, Seneqaldan sonra. Bu, onun göstəricisidir ki, parlamentdə əyləşən bu insanlar elementar savada belə malik deyillər. Amma mən sizi əmin edirəm ki, vəziyyət daha da acınacaqlıdır".
Ölkənin "Ayots Aşxar" qəzeti ehtimal edir ki, bu il vəziyyət daha da pisləşəcək. Belə ki, cari ilin sonunadək Ermənistanın daxili borcunun 45-54 faiz təşkil edəcəyi gözlənilir. Məlumatda o da bildirilir ki, son iki ildə ölkənin daxili borcu 200 milyon dollar artaraq 165 milyard drama çatıb. Bu il həmin rəqəmin daha çox artacağı gözlənilir.
Ermənistan Ümummilli Hərəkatının təmsilçisi Samvel Abramyan isə diqqəti ölkənin sürətlə artan xarici borclarına yönəldib. S. Abramyan iddia edir ki, xarici borcların miqdarı hazırda ümumi daxili məhsulun 50 faizinə çatıb. Bu isə fəlakət deməkdir: "Ancaq bundan narahat olmayan hakimiyyət xalqı daha çox soymaq, büdcəni talan etmək və özlərinin var-dövlətini artırmaq barədə düşünür. Ölkədə hər gün qiymətlərin qalxması da bununla bağlıdır. İndi inflyasiya, qiymətlərin bahalaşması oliqarxların daha da varlanması üçün əsas vasitələrdən birinə çevrilib". Erməni ekspertlər də ölkənin xarici borcunun təhlükəli həddə çatdığını vurğulayırlar. Onlar Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq bildirirlər ki, 2010-cu il oktyabrın 1-nə olan məlumatlara əsasən, ölkənin borcu 3, 7 milyard dollar təşkil edib. Bu isə borcların son iki ildə 2 dəfə artması deməkdir.
Ermənistandakı bütün siyasi qüvvələr ölkənin bərbad vəziyyətə düşməsində prezident Serj Sarkisyanı ittiham edirlər. Müxalif Liberal Partiyasının lideri Ovanes Ovanesyan hesab edir ki, Ermənistan hakimiyyəti o qədər şərəfsizləşib ki, artıq aclıq içində yaşayan xalqı da aldadaraq seçki öncəsi reklamlarda olduğu kimi inkişaf etdiyinə inandırmağa çalışır: "Artıq belə davam edə bilməz. Çünki günbəgün ölkədə istehlak mallarının qiyməti fəlakətli dərəcədə artır, orta statistik vətəndaşın rasionu kasıblaşır. Artıq onun perspektivləri çıxılmaz görünür. Bizim araşdırmalarımız müəyyən edib ki, Ermənistanda mavi yanacağın istifadəsi 30 faiz azalıb. Bu gün bu rəqəm 50 faizə çatır. Çünki əhali növbəti bahalaşmadan sonra bu qazı istifadə etmək gücündə olmayacaq".
Bəli, Ermənistan çökür və çökməkdə davam edəcək. Azərbaycan isə sürətlə yüksəlir və bu inkişaf daha da artacaq. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Təcavüzkar ölkənin dövlət büdcəsi 2,8 milyard dollar, hərbi xərcləri isə 387 milyon dollar olduğu halda bizim hərbi xərclərimiz 3 milyarddan çoxdur. Bu o deməkdir ki, ermənilər artıq iqtisadi və hərbi sahələrdə ciddi "məğlubiyyətə" uğrayıblar. Qalır, işğal olunmuş torpaqların azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi...
Təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan Dağlıq Qarabağ münaqişəsində bu gün də qeyri-konstruktivlik nümayiş etdirdiyinə görə beynəlxalq aləmdə də nüfuzdan düşüb. Bu gün dünya ictimaiyyəti artıq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, onun səsinə səs verir. ATƏT-in Minsk qrupu həmsədrləri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə üstünlük verilir. Belə ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, həmçinin 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Afinada qəbul edilən sənəddə xüsusən 2009-cu il iyulun 10-da Akvildə və 2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad edilməsi də Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilir. Çünki Muskokda qəbul edilmiş bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiqləyir. Xatırladaq ki, 2010-cu il iyunun 26-da Muskokda imzalanmış bəyanatı ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Nikola Sarkozi, Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan da imzalayıblar.
Ötən il NATO-nun Lissabonda keçirilən sammitinin nəticələrinə nəzər yetirsək görərik ki, burada da Azərbaycanın ərazi bütövlüyü tam dəstəklənib. Ermənistan isə artıq bir çox NATO ölkəsi tərəfindən rəsmi olmasa da, qeyri-rəsmi arzu olunmayan ölkə kimi qəbul edilir. Ölkəmiz xarici siyasətdə digər bir mühüm uğura isə Astanada imza atdı. 2010-cu il dekabrın 1-də Qazaxıstanın paytaxtında ATƏT-in VII sammitində ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul edildi. Həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də Akvildə və Muskokda qəbul edilmiş bəyanatlara üstünlük verilir. Son olaraq, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa olunması da Ermənistanın növbəti diplomatik məğlubiyyəti hesab oluna bilər. Rəsmi Bakı inanır ki, bu komitə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla əhəmiyyətli bir funksiyanı yerinə yetirəcək.
Göründüyü kimi, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verilir. Dövlətimizin başçısı problemlə bağlı bütün bəyanatlarında qətiyyətlə bildirib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasına çalışırlar. Lakin unudurlar ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu prinsiplərin kobud şəkildə pozulmasıdır. Bunu rəsmi İrəvanda da yaxşı başa düşürlər. Onu da anlayırlar ki, əgər Azərbaycan hərbi yola əl atsa, bu, regionda dəhşətli nəticələr doğuracaqdır. İtirən isə təbii ki, hər baxımdan Azərbaycandan qat-qat zəif olan Ermənistan olacaqdır.
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.