Biz hamımız yaxşı bilirik ki, ulu öndər Heydər Əliyevin dövründə pambıqçılıq nə qədər inkişaf etmişdi. Əfsuslar olsun ki, ondan sonra biz demək olar, bu sahəni itirmişdik, indi isə bərpa edirik. Biz iki il ərzində çox böyük uğurlara imza atdıq. Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdırsa, artıq bu gün, – hələ ki, yığım davam edir, ilin sonuna qədər davam edəcəkdir, - 190 min tondan çox pambıq tədarük olunub.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İndiyə qədər məcburi köçkünlər üçün salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası Azərbaycanda bölgələrin tarazlı inkişafında, işsizlik probleminin aradan qaldırılmasında, sahibkarlığın inkişafında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayıb.
2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.
Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin Tərtər, Ağcabədi, Sabirabad rayonlarına səfəri çərçivəsində də dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının bir daha şahidi olduq.
Ölkə rəhbəri Tərtərə səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoyub. Daha sonra ölkə Prezidentinə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, Tərtərin sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda da yenidənqurma və abadlıq işləri aparılıb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Prezident İlham Əliyev Tərtərə səfəri zamanı Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak edib, həmçinin “N” saylı hərbi hissədə və 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına köçkünlər üçün tikilən yeni yaşayış kompleksi ilə bağlı ətraflı məlumat verilib. Vurğulanıb ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, respublikada indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib. Bu, Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmasının bariz ifadəsidir.
Yaşayış kompleksində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi barədə də geniş məlumat var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsi ilə bağlı tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilər tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan həmin abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olan ölkə rəhbəri Dövlət Neft Fondunun ilk vəsaitinin ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz yurd-yuvasından didərgin düşən insanların problemlərinin həllinə istiqamətləndirildiyini xatırladıb: “Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Qeyd etdiyim kimi, gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var”.
Prezident İlham Əliyev çıxışında digər taleyüklü məsələlərə də toxunub. Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndirmək məqsədilə reallaşdırılan tədbirlərdən ətraflı danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini deyiblər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilən torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də Azərbaycan tərəfindədir: “Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmədirlər, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir”.
Prezident İlham Əliyev çıxışında son illərdə aqrar sektorun inkişafına mühüm önəm verilməsinə də diqqət yönəldib. Qeyd edib ki, pambıqçılığın ənənələri bərpa olunur. Gələcəkdə daha böyük ərazidə kənd təsərrüfatı məhsulları yetişdiriləcək. Bu, həm məşğulluğun, həm də maddi rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Dövlətimizin başçısı daha sonra deyib: “Biz hamımız yaxşı bilirik ki, ulu öndər Heydər Əliyevin dövründə pambıqçılıq nə qədər inkişaf etmişdi. Əfsuslar olsun ki, ondan sonra biz demək olar, bu sahəni itirmişdik, indi isə bərpa edirik. Biz iki il ərzində çox böyük uğurlara imza atdıq. Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdırsa, artıq bu gün, - hələ ki, yığım davam edir, ilin sonuna qədər davam edəcəkdir, - 190 min tondan çox pambıq tədarük olunub. Planlarımız isə ondan ibarətdir ki, biz istehsalı artıraq, xüsusilə məhsuldarlıq hesabına. Ona görə hesab edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin. Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatdı. Tərtər hədəfi təqribən 25 faiz səviyyəsində üstələdi. Bu, çox sevindirici haldır. Kənd təsərrüfatının digər sahələrində də yaxşı nəticələr var”.
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq və Tarix-Diyarşünaslıq muzeylərinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi–uşaq bağçasının açılışında iştirak edib. Ali Baş Komandan, həmçinin rayona səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə də tanış olub. Daha sonra Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı mərasimində iştirak edib.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyət nümayəndələri və ağcabədili idmançılarla görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib: “İdman Azərbaycanda dövlət siyasətidir. Bildiyiniz kimi, idmançılarımız bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya çempionlarımız var. İndi demək olar ki, bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın bayrağı dalğalanır. Biz, eyni zamanda, böyük idman tədbirlərini Azərbaycanda uğurla keçirmişik. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları, iki il bundan əvvəl isə Avropa Oyunları ən yüksək səviyyədə keçirilmişdir.
Deyə bilərəm ki, Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarında Avropanı və müsəlman aləmini təmsil edən 100-dən çox ölkə iştirak etmişdir. Bu, bir daha Azərbaycanı mədəniyyətlərarası dialoqun mərkəzi kimi dünyada təqdim etmişdir və bu, tarixi nailiyyətdir...”.
Çörək və un məmulatları zavodunun açılışı mərasimində isə son illər ölkə iqtisadiyyatda mühüm uğurların əldə edilməsi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin yürütdüyü sənayeləşmə siyasətinə əsasən, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə dövlətin güzəştli kreditləri hesabına ən müasir texnologiya və avadanlıqlar əsasında çörək istehsalı müəssisələrinin yaradılmasıdır.
Hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır.
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Sənaye Məhəlləsinin təməlqoyma mərasimində, Bayraq Muzeyinin, mərkəzi xəstəxananın, yenidən qurulan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib, Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısı rayon mərkəzi xəstəxanasının açılışı mərasimində ictimaiyyət nümayəndələri və xəstəxananın kollektivi ilə görüşündə deyib ki, həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan bu səhiyyə müəssisəsi ən yüksək standartlara cavab verir. Bu isə onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq.
Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək”.
Dövlətimizin başçısı nitqində səhiyyə sahəsində görülən işlərə toxunarkən, qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda insanların ömür uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir.
Bu gün respublikamız səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdə durur. Azərbaycan yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir və sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu isə xəstəliklərin vaxtında müəyyən edilməsinə və lazımi müalicə təyin olunmasına imkan verir.
Prezident İlham Əliyev çıxışında, həmçinin sənaye məhəllələrinin yaradılması məsələsinə də toxunub: “Bu proses bir neçə il bundan əvvəl başlamışdır. Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaqdır. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var”.
Göründüyü kimi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün rayonlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrini öz gündəlik həyatlarında hiss etmələrinə gətirib çıxarıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.