Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin müstəqilliyi və suverenliyi möhkəmlənmiş, iqtisadi qüdrəti və beynəlxalq aləmdə nüfuzu artmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Qazanılmış bu uğurlar ölkəmizin hərtərəfli tərəqqisinə, regionda lider dövlətə çevrilməsinə səbəb olmuşdur. Cənab Prezident Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bu barədə ətraflı bəhs etmişdir.
Respublikamızın dinamik sosial-iqtisadi inkişafı fonunda ölkə Prezidenti tərəfindən informasiya və kommunikasiya texnologiyalarının enerji sektorundan sonra ikinci prioritet sahə elan edilməsi, ölkədə enerji və nəqliyyat sahəsində təhlükəsizliyin qorunması ilə yanaşı informasiya təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə regional layihələrin həyata keçirilməsinə xüsusi önəm verməsi ölkəmizdə İKT sektorunun uzunmüddətli inkişafına əhəmiyyətli təkan vermişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda İKT sektoru özünün dayanıqlı və dinamik inkişaf mərhələsinə yüksəlmişdir.
Əvvəlki illərdə olduğu kimi, ötən il də qəbul olunmuş dövlət proqramlarının icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir, il ərzində İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1 faiz (müqayisəli qiymətlərlə) artaraq 1230,2 milyon manat təşkil etmişdir. 2009-cu illə müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt sektorunda isə 29,2 faiz təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların həyata keçirilməsinin nəticəsi olaraq, RİTN üzrə 2010-cu il ərzində 120 yeni iş yeri açılmışdır. Rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əmək haqlarının artırılması istiqamətində işlər davam etdirilmişdir. RİTN-nin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 274 manata çatdırılmışdır. Qeyd edək ki, RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 280,1 milyon manat proqnoza qarşı 285,9 milyon manat (proqnozdan 2,1 faiz) gəlir əldə edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 13,9 milyon manat (və ya 5,1 faiz) çoxdur. Əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi ötən illə müqayisədə 10,1 faiz (və ya 9,9 milyon manat) artaraq 108 milyon manata çatdırılmışdır. Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə olan məsələ kimi nazirliyin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 79,1 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir. Ümumiyyətlə, 2010-cu il ərzində İKT və poçt sektoruna 164 milyon manat vəsait qoyulmuşdur ki, bu da ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,7 faizini təşkil edir.
Respublikada telekommunikasiya sektorunun inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkil edilməsi məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 2010-cu ildə respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 71 924 (RİTN üzrə 65 115) nömrə artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 663 038 (RİTN üzrə 1 469 815) nömrəyə çatdırılmışdır. Respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması prosesi başa çatdırılmışdır.
2010-cu il ərzində BTRİB şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi üçün 9,4 milyon manat investisiya qoyuluşu həyata keçirilmiş və nəticədə 79824 nömrə tutumlu yeni EATS-lər istifadəyə verilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində əsas telefon aparatlarının ümumi sayı 34 635 (RİTN üzrə 18 631) ədəd artırılaraq 1 433 888 (RİTN üzrə 1 273 250) ədəd təşkil etmişdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16,24 ədədə çatdırılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər davam etdirilmişdir. Əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15 ədədə, internet istifadəçilərinin sayı isə 50 ədədə bərabər olmuşdur. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ötən illə müqayisədə 2,7 dəfə artaraq, 2010-ci ildə 40 GB/saniyəyə çatdırılmışdır. Beynəxalq telefon kanallarının sayı 7910 ədəd olmuşdur. Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlılığının artırlması, optik şəbəkənin buraxılma imkanlarının genişləndirilməsi məqsədilə Siyəzən-Dəvəçi-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırlmışdır. Ötən ilin noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı seçki dairə və məntəqələrinin dayanıqlı və keyfiyyətli rabitə xidmətləri ilə təmin olunması məqsədilə seçki məntəqələri telefonlaşdırılmış və Bakı şəhəri və regionlarda yerləşən 500-ə yaxın seçki məntəqəsində veb-kameralar quraşdırılmış və bu məntəqələrdə seçki prosesinin onlayn izlənməsi təşkil olunmuşdur.
2010-cu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması ilə bağlı baş vermiş təbii fəlakət nəticəsində sahil zolağında yerləşən rayonların yaşayış məntəqələrində rabitə xətlərinə, bina və qurğulara, poçt infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq, Tədbirlər Planı hazırlanmış və zəruri tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli, habelə 17 avqust 2009-cu il tarixli sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə ötən il müvafiq tədbirlər görülümüşdür. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Malayziyanın "Measat" şirkəti arasında Malayziyaya məxsus 46°Ş orbital mövqenin 20 illik icarəsini, həmçinin BƏHM ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital" şirkəti arasında peykin istehsalını və BƏHM ilə Fransanın "Arianespace" şirkəti arasında Azərbaycanın peykinin orbitə çıxarılmasını nəzərdə tutan əsas müqavilələr imzalanmışdır. Hazırda peykin orbitə çıxarılması istiqamətində konkret tədbirlər həyata keçirilir və peykin 2012-ci ilin sonlarında gostasionar orbitə çıxarılacağı planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" 2010-cu il 3 may tarixli sərəncam imzalamışdır. Sərəncamın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 23 dekabr 2010-cu il tarixli 240 nömrəli qərarı ilə "Azərkosmos" ASC-nin nizamnaməsi təsdiq edilmişdir. Cənab Prezident bu barədə müşavirədə demişdir: "Azərbaycan artıq kosmik sənayesi olan ölkəyə çevrilir. 2012-ci ildə birinci süni peykimiz orbitə çıxarılacaqdır. Mən hesab edirəm ki, ondan sonra da bu sahədə işlər aparılmalıdır. Başqa peyklər də səmaya çıxarılmalıdır. Beləliklə Azərbaycan çox ciddi kosmik sənayeyə malik ölkəyə çevriləcəkdir".
Məlumat üçün bildirim ki, 2011-ci ilin dövlət büdcəsində "Azərkosmos" ASC-nin saxlanma xərcləri üçün 2 049 664 manat vəsait nəzərdə tutulmuşdur.
2010-cu il ərzində müxtəlif tipli telekommunikasiya vasitələri və qurğularına 917 ədəd "Uyğunluq sertifikatı" verilmişdir ki, bu da 2009-cu illə (452 ədəd) müqayisədə 2 dəfə və ya 465 ədəd çox olmuşdur. Eyni zamanda, ötən il "Telekommunikasiya sahəsində uyğun xidmət bazarlarının, bu bazarlarda hökmran mövqe tutan telekommunikasiya operatorlarının, provayderlərinin və onların uyğun fəaliyyəti üzrə xüsusi tələblərin müəyyən edilməsi Qaydaları"nın layihəsi hazırlanmışdır. Bununla yanaşı, ölkə ərazisində yeni texnologiyaların tətbiqi ilə əlaqədar, radiotezliklərin ayrılması zamanı texnologiyaların növünə və beynəlxalq standartlara uyğun olaraq, radiotezlik kanallarının eninin və texniki parametrlərinin təyin edilməsi üzrə normativlər işlənilmiş və sənədin RİTN-in Elmi Texniki Şurasının müzakirəsinə çıxarılması barədə qərar qəbul edilmişdir.
Respublikamızda mobil rabitə istifadəçilərin sayı durmadan artdığından, əhalinin bu xidmətlərdən daha sərfəli şərtlərlə istifadəsinə şərait yaradılması və şəffaflığın artırılması məqsədilə telefon danışığı haqlarının hesablanmasında beynəlxalq təcrübəyə uyğun olaraq "kontur" sistemindən "manat" sisteminə keçidin tətbiq edilməsi barədə qərar qəbul edilmiş və hazırda bu istiqamətdə tədbirlərin görülməsi davam etdirilir.
İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması müasir dövrün çox vacib məsələlərindəndir. Ötən il bu istiqamətdə çox uğurlu tədbirlər həyata keçirilmişdir. Bu barədə vaxtaşırı məlumat vermişik. Onu qeyd etmək istəyirik ki, Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən "AzDataKom"şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2010-cu il ərzində "Teleradio" İB tərəfindən 44 ədəd müxtəlif təyinatlı avadanlıqlar quraşdırılaraq istismara verilməsi də əhəmiyyətli hadisə kimi qeyd olunmalıdır.
Bakı şəhəri və ətraf qəsəbələr, Sumqayıt şəhəri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Artıq respublika əhalisinin 50 faizinin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanı yaradılmışdır.
2010-cu il ərzində "Azərpoçt" MMC-nin xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 84 ədəd kənd, qəsəbə və şəhər poçt şöbəsi binalarının tikintisi başa çatdırılmışdır. Bu PŞ binalarının 55 ədədinin (10 ədəd qəsəbə və 45 ədəd kənd tipli PŞ binası) tikintisi Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli sərəncamına əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilmişdir. İstifadəyə verilmiş poçt şöbəsi binaları tam olaraq reklam və mebel avadanlıqları ilə təmin olunmuşdur. Bank-maliyyə xidmətlərinə keçid ilə əlaqədar Mərkəzi Bankın tələblərinə uyğun 64 PF-də xəzinə qovşaqlarının tikintisi işləri də başa çatdırılmışdır. Eyni zamanda, 2010-cu il ərzində 14 ədəd inzibati binada və 22 ədəd PŞ-də təmir işləri aparılmışdır.
MMC tərəfindən aparılmış təhlillər zamanı məlum olmuşdur ki, 2010-cu i1 ərzində respublika üzrə 959 405 ədəd pul baratı qəbul edilmiş, 957 560 ədəd pul baratı isə ödənilmişdir.
"Xalq Kompyuteri" layihəsinə əsasən "Azərpoçt" MMC ilə "BestComp Group" firması arasında bağlanmış müqaviləyə görə əldə olunan gəlir 2009-cu illə müqayisədə 3 dəfə artmışdır. Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində yeni bank-maliyyə xidmətlərinin göstərilməsi üçün Mərkəzi Bankdan 16 mart 2010-cu il tarixində lisenziya alınmışdır. Artıq 2010-cu ilin dekabr ayında "Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla başa çatmış və yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır. Bundan əlavə, "Azərpoçt" MMC-nin ilk plastik kartları artıq emissiya edilmişdir. "Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının "Cricket" sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 118 ölkəsi ilə əməkdaşlıq edir."Azərpoçt" MMC dünyanın 44 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir.
2010-cu il ərzində "Azərmarka" şirkəti tərəfindən müxtəlif mövzuda 47 ədəd poçt markası, 12 ədəd poçt kartı, 6 ədəd isə poçt zərfi dövriyyəyə buraxılmışdır.
Bununla yanaşı, RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüşdür. Nazir və nazirliyin digər məsul şəxsləri dünyanın bir neçə ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak etmişlər.
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsi ilə açıqlanması Qaydası"nın layihəsi hazırlanmış və "Elektron Azərbaycan" dövlət proqramının həyata keçirilməsi məqsədilə RİTN-də yaradılmış idarələrarası məşvərət şurasında digər dövlət orqanlarının nümayəndələri ilə razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.
Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması barədə dövlət proqramına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərə və "Rabitəçi" istirahət düşərgəsində yaşayan rabitəçi köçkünlərə nazirlik tərəfindən 629,8 min manat həcmində maliyyə və ərzaq yardımı göstərilmişdir. Rabitə işçilərinə xüsusi diqqətin nəticəsidir ki, ötən il 1 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş, 60 nəfərə "Rabitə ustası" fəxri adı, 39 nəfərə "Əmək veteranı" adı, 171 nəfər isə fəxri fərman verilmişdir.
Bir daha cənab Prezidentin müşavirədəki çıxışına istinad etmək istərdim: "Texniki tərəqqi, texnoloji irəliləyiş, müasir texnologiyalar, xüsusilə informasiya-kommunikasiya sahəsində, elektronika, kosmik sənayesində əldə edilmiş uğurlar ölkələrin inkişafını və gücünü müəyyən edir. Biz də bu sahədə geri qalmamalıyıq".
Ölkə Prezidentinin qarşıya qoyduğu bu mühüm tapşırığın yerinə yetirilməsi üçün rabitə və informasiya texnologiyaları işçiləri 2011-ci ildə də öz səylərini əsirgəməyəcəklər.{nl}
İltimas MƏMMƏDOV, rabitə və informasiya texnologiyaları nazirinin müavini
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.